AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Petrosyan geri çəkildi

Petrosyan geri çəkildi

Siyasət
26 Dekabr 2012, 08:56 1983
Dünəndən etibarən Ermənistanda prezidentliyə namizədlərin sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim olunmasına start verilib. Proses yanvarın 4-dək davam edəcək. Namizədlərin qeydə alınması prosesi yanvarın 14-də başa çatacaq. Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. Seçkilərdə S.Sarkisyana rəqib olacağı gözlənilən Ermənistanın ilk prezidenti, müxalif Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan yerli qəzetlərin birinə müsahibəsində 2013-cü ilin prezident seçkisində namizədliyini irəli sürməyəcəyini bildirən maraqlı bir açıqlama ilə çıxış edib. Ter-Petrosyan prezident seçkisinə qatılmamaq qərarını belə əsaslandırıb: “68 yaşlı adamda prezident postu üçün optimal hesab olunan 40-60 yaşdakı adamın enerjisi ola bilməz. Bu vəzifəyə məndən bir az cavan adam gəlməlidir”.

Ter-Petrosyan jurnalistin “Çoxları sizin yaşı bəhanə etdiyinizi düşünə bilər” qeydinə belə cavab verib: “Əvvəlcə yumorla cavab verirəm: yaş bəhanə ola bilməz, çünki o, obyektiv həqiqətdir. İndi isə ciddi cavab: 2008-ci ilin prezident seçkisi ərəfəsindəki çıxışımda rəsmi şəkildə bildirmişdim ki, Ermənistan prezidenti postuna seçiləndən üç il sonra da mən azad seçki yolu ilə yeni dövlət başçısı seçilməsinə imkan verərək siyasəti tərk etməyə hazıram”. O bildirib ki, xarici təhlükə və ya daxili xaos olarsa, siyasi elita bəzən Konstitusiyanı nəzərə almayaraq, böyük nüfuzu olan siyasi xadimləri hakimiyyətə dəvət edir: “Ermənistanda isə xaos yoxdur, idarəetmə problemləri yoxdur. Əksinə, hər şey hakimiyyəti ələ keçirmiş cinayətkarların əlində mərkəzləşdirilib. Deməli, hazırda xaosdan yaxa qurtarmağa və ölkəni idarə olunan dövlətə çevirməyə tələbat yoxdur. Hətta tələbat olsaydı belə, bu o demək deyil ki, o tələbi ödəyəcək şəxs mütləq mən olmalıyam. 68 yaşlı şəxs 40-60 yaşlı şəxs kimi enerjiyə və iş qabiliyyətinə malik deyil”.
Beləliklə, Serj Sarksiyan gələn il keçiriləcək seçkilərdəki əsas rəqibi ola biləcək birini sıradan çıxmış oldu. L.T.Petrosyanın namizədliyini geri götürməsi bir sıra səbəblərlə izah edilir. Çox güman ki, bu, Sarkisyanın Moskva səfərindən sonra bəlli olub. Moskvadan Petrosyana açıq şəkildə bildiriblər ki, Kreml birinci dəfə olduğu kimi, bu dəfə də hakimiyyət namizədinin üzərində duracaq.

«Çiçəklənən Ermənistan»ın funksioneri Tiqran Uluxanyan hesab edir ki, Petrosyan son ana kimi gözləmə mövqeyində qalacaq. Yəni Erməni Milli Konqresi qüvvələr balansını tam analiz etməyə çalışacaq.

Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin rəhbəri Stepan Qriqoryan hesab edir ki, hər bir kəs, o cümlədən Leon Ter-Petrosyanın istənilən qərarı qəbul etmək hüququ var. O bildirib ki, məsuliyyəti birinci və yaxud ikinci, üçüncü namizədin üzərinə atmaq düzgün deyil: “Yeni gənc siyasi liderlərin məsuliyyəti öz üzərlərinə götürməsindən qorxmaq da lazım deyil. Qoy onlar öz namizədliklərini irəli sürsünlər, yeni ideyalarla, təşəbbüslərlə, fikirlərlə çıxış etsinlər. Birinci prezident öz işini görüb. O, 2008-ci ildə erməni cəmiyyətini aktivləşdirdi. Petrosyanın ətrafında birləşmə baş verdi. Bu, erməni cəmiyyətinin siyasi aktivliyini göstərdi və çox əhəmiyyətli məsələ idi» deyə Stepan Qriqoryan bildirib. Onun sözlərinə görə, mövcud daxili siyasi reallıqlar nəzərə alınaraq demək olar ki, Serj Sarksiyanın ciddi rəqibi olmayacaq. Məlumat üçün bildirək ki, Ermənistan Respublikaçılar Partiyası fevral ayında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün partiyanın lideri Serj Sarkisyanın namizədliyini irəli sürüb. Ermənistan prezidenti azad və ədalətli seçkilərin günün tələbi olduğunu və Ermənistanın “bir dövlət kimi seçkilərin rəqabət, azad fikir və iradə ifadə etmək şəraitində keçirilməsini təmin etməyə qadir” olduğunu qeyd edib. O, bu məqsədlə əsaslı islahatların davam etdiriləcəyini vəd edib.

Məlumat üçün deyək ki, Erməni Milli Konqresinin üzvü Qrant Baqratyan da namizədliyini irəli sürüb. Lakin bildirib ki, Levon Ter-Petrosyan namizəd olmaq istəsə, o zaman namizədliyini geri götürəcək.
Görünür, Erməni Milli Konqresi seçkilərdə məhz onun namizədliyi üzərində dayanacaq.

Bu dəfəki seçkilərin özəlliyi ilk dəfə prezident vəzifəsinə qadın namizədin irəli sürülməsidir. Ermənistan “Azad demokratlar” Partiyasının sədri Anuş Sedrakyan artıq 2013-cü il fevral ayında gözlənilən prezident seçkilərində namizədliyini irəli sürüb: «Biz artıq tanıdığımız namizədlərə öyrəşmişik və bizə elə gəlir ki, siyasətdə nəsildəyişmə üçün yer yoxdur, bir halda ki, siyasət tək nəsillər dəyişməsi deyil, konsepsiya və yanaşmalar dəyişməsidir. Biz yeni siyasi mədəniyyət tətbiq edirik”. Ermənistan kimi köhnəliyə sadiq mühafizəkar bir cəmiyyətin ölkə başında qadın prezident görməyə nə dərəcədə hazır olduğuna gəldikdə, Anuş Sedrakyan cəmiyyətdə həqiqətən də patriarxal şüurun dərin kök saldığını bildirir. Lakin o qeyd edir ki, “eyni zamanda, öz davranışında cəmiyyət patriarxal deyil, çünki əsas məsuliyyət yükü qadınların üzərinə düşür və, təbii ki, daha böyük məsuliyyət daşıyanlar bərabər hüquqa malik olmalıdırlar”.
Hakim Respublikaçılar Partiyasının parlament üzvü Artak Davtyan “Azad Demokratlar” Partiyasının təşəbbüsünü müsbət hal hesab edir. Onun sözlərinə görə, qadın namizədin seçkilərə qatılması seçki atmosferinə müsbət təsir edər. İlkin sorğular əhalinin bir qisminin qadın namizədin prezident vəzifəsi üçün mübarizəyə qatılmasına qeyri-ciddi yanaşır, digərləri isə onun lehinə səs verməyə hazır olduqlarını bildirirlər.
“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan isə namizəd olmayacağını və seçkilərdə heç bir namizədi müdafiə etməyəcəyini bəyan edib.

“İrs” Partiyasının lideri Raffi Ovannisyan öz namizədliyi irəli sürmək qərarına gəlib, “Daşnaksütyun” isə mövqeyini yaxın günlərdə dəqiqləşdirəcək.
Azər NURİYEV