• cümə, 29 Mart, 00:43
  • Baku Bakı 7°C

Peşəkar və böyük imkanlara malik silahlı birləşmələrin yaradılması işi davam etdirilir

05.01.22 18:30 305
Peşəkar və böyük imkanlara malik silahlı birləşmələrin yaradılması işi davam etdirilir
Regionda, ümumilikdə dünyada mövcud hərbi-siyasi vəziyyət, həm də yerləşdiyi coğrafiya Azərbaycandan daim yüksək döyüş hazırlıqlı Silahlı Qüvvələrə malik olmasını tələb edir. Prezident İlham Əliyevin son çıxışında ölkəmizin hərbi gücünün artırılmasına dair fikirləri faktiki olaraq artıq yerinə yetirilməkdədir. Ötən il Azərbaycan Vətən müharibəsində sərf etdiyi raket və sursatları artıq demək olar ki, tamamilə bərpa edib. 2021-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb. Silah və texnikaların alınması isə aktiv fazadadır, bu proses davam edir. Ümumilikdə yeni hərbi hissələrin və birləşmələrin yaradılması Azərbaycan Ordusunun Türkiyənin ordu modelinə keçidi prosesi çərçivəsində həyata keçirilir.
Bunu hərbi ekspert Ədalət VerdiyevAZƏRTAC-a açıqlamasında deyib.
Ə.Verdiyev bildirib ki, dövlətimizin başçısı çıxışında bu il artıq Azərbaycanda yeni hərbi birləşmənin - komando qüvvələrinin yaradıldığını qeyd edib. Bu proses çərçivəsində Quru Qoşunlarının tərkibində yeni ordu korpusunun və ona tabe olan hərbi hissələrin komplektləşdirilməsi tamamilə yekunlaşıb. Bu hərbi hissələr korpusun taleyində döyüş vəzifələrini icra etməkdədir. Bundan başqa, Azərbaycan son beş ayda dörd yeni komando hərbi hissəsini yaratmağa nail oldu. Bu hərbi hissələr Türkiyədə təlimlərini başa vurduqdan sonra Azərbaycan qayıdan hərbçilərdən formalaşdırılıb. Həmin hərbi hissələrdən üçünün yaradılması barədə məlumat verilib. Dördüncü hərbi hissənin də formalaşdırılması prosesi gedir.
Hərbi ekspert vurğulayıb ki, Prezident İlham Əliyev Yeni il təbrikindəki çıxışında artıq komando qüvvələrinin yaradılmasından bəhs etdi. Eyni zamanda, bu hərbi birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verildiyini vurğuladı. Bu isə Azərbaycan Ordusunda yeni hərbi birləşmə deməkdir. Çünki indiyədək heç vaxt Azərbaycanda komando qüvvələri olmayıb. Komando hərbi hissələrinin yaradılmasına türk ordu modelinə keçid haqqında məlum bəyanatdan sonra başlanılmışdı. Bu komando qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdır. Onların sayı durmadan artırılır və bu iş davam etdiriləcək. Yeni yaradılan komando qüvvələri daim istənilən ərazidə və iqlim şəraitində ən mürəkkəb vəzifələri icra etmək məqsədilə formalaşdırılıb. Bu hərbi hissələrin sayı yaxın ayda təxminən iki dəfə artırılacaq. İlinin sonuna qədər isə komando qüvvələrinin tərkibində 10-dan çox yüksək hazırlıqlı komando hərbi hissəsinin daxil olacağı gözləniləndir.
"Beləliklə, yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an torpaqlarımızı, sərhədlərimizi qorumağa hazır olmalıyıq. Yeni yaradılan komanda qüvvələrinə aid hərbi hissələrin düşmənin ehtimal olunan bütün təxribat istiqamətlərinə, o cümlədən Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə yaxın yerləşdirilməsi gözlənilir. Belə bir sxem üzrə hərbi hissələrin yerləşdirilməsi komanda qüvvələrinə düşmənin mümkün təxribatlarına cəld reaksiya verməyə imkan yaradacaq. 2021-ci ildə Ermənistan-Azərbaycan sərhədində baş vermiş bəzi insidentlər onu göstərdi ki, Azərbaycan bu məsələdə üstünlüyü tam olaraq öz əlində saxlayır”, - deyə hərbi ekspert qeyd edib.
Ə.Verdiyev bildirib ki, bu fəaliyyətlər Azərbaycan və Türkiyə ordularının bir-biri ilə uyğunlaşdırılması və strukturlar arasında sinxron idarəetmənin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsində bütün dünyanın Azərbaycanın hərbi gücünü gördüyünü, Müdafiə Nazirliyinin xüsusi təyinatlılarının artıq dünyada tanındığını, onların qəhrəmanlığının, fədakarlığının, peşəkarlığının dastana çevrildiyini xatırlatdı. Digər tərəfdən, komando qüvvələrinin yaradılması Xüsusi Təyinatlı Qüvvələrimizin də resurslarını qismən qənaət etməyə imkan verəcək. Çünki əvvəllər həm taktiki, həm operativ, həm də strateji dərinlikdə vəzifələri Xüsusi Təyinatlı Qüvvələr yerinə yetirirdi. İndi isə taktiki və operativ dərinlikdə komando qüvvələri, strateji dərinlikdə isə Xüsusi Təyinatlı Qüvvələr fəaliyyət göstərəcək. Başqa sözlə desək, komando qüvvələrinin yaradılması xüsusi vəzifələrin eşelonlaşdırılması baxımından Xüsusi Təyinatlı Qüvvələrimizin resurslarını qorumağa imkan verəcək. Digər tərəfdən isə komando hərbi hissələrində xüsusi təyinatlı qüvvələrimiz üçün potensial kadr ehtiyatının yaradılması da mümkün olacaq.
banner

Oxşar Xəbərlər