çərşənbə, 17 Avqust, 17:17

Baku Bakı 35°C

Peşəkar media təslim olur? - ARAŞDIRMA

icon 1350 icon 08 yanvar 2022 | 09:30 Peşəkar media təslim olur? - ARAŞDIRMA

Ekspertlər deyirlər ki, medianın ənənəsi, oturuşmuş prinsipləri var. Bu prinsipləri pozmaq olmaz. İstənilən halda, hansısa video, foto və xəbər yayılanda, jurnalist onu mütləq araşdırmalı, məlumatın dəqiqliyinə əmin olmalıdır.
Son dövrlər sosial şəbəkələrdəki qeyri-ciddi xəbərlər ciddi mediaya ayaq açıb. Əgər əvvəllər "Facebook” və "Twitter”də paylaşılan statuslar xəbərə çevrilirdisə, indi "Tik-tok”, "İnstagram”, "Telegram”da paylaşılan videolar, məlumatlar dəqiqləşdirilmə aparılmadan mediada ictimailəşdirilir. "Tik-tok”erlər, onların videoları əsas xəbər mənbəyinə çevrilir. Bu, ənənəvi medianın oturuşmuş prinsiplərdən uzaqlaşmasıdır? "Tik-tok”çular peşəkar media üçün ciddi xəbər mənbəyi sayılırmı? Mövzunu media ekspertləri ilə birlikdə araşdırdıq.


Auditoriya toplamaq cəhdi

Ekspert Ələsgər Məmmədli bildirdi ki, sosial medianın sürətli inkişafı hətta BBC kimi ciddi qurumun sosial şəbəkədəki profilində çox bayağı informasiyaların qarşımıza çıxmasına səbəb olur. Onun sözlərinə görə, bunun birinci səbəbi auditoriya toplamaq cəhdidir və bu qayğı artıq peşəkar mediada var: "Sosial şəbəkənin tam ciddi və rəsmi olmayan xəbərlərinin, sensasiya xarakterli məlumatlarının daha sürətlə yayılması ciddi medianı öz peşəkarlığından bir qədər kənara çıxmağa, axına qoşulmağa sövq edir. Lakin bu, o demək deyil ki, sosial şəbəkədə, o cümlədən "Tik-tok”da zaman-zaman ciddi və etibarlı xəbər ola bilməz. Sosial şəbəkələrin inkişaf trayektoriyasına baxsaq, "Facebook”un 7 ildə qazandığı auditoriyanı "Tik-tok” cəmi 2 ildə qazanıb. Bu, cəlbedici bir formatdır. Belə formata son zamanlar siyasi xəbərlər daha çox yerləşməyə başlayıb. Daha aydın təsəvvür etsək, o kateqoriya da artıq bu platformaya keçməyə başlayıb. Hansı ki, əvvəllər, əsasən, əyləncə və bayağı səciyyə daşıyırdı. İndi "Tik-tok”da yavaş-yavaş informativ, bir qədər düşündürücü xəbərlər, videolar paylaşılır”.


Peşəkar mediadakı standartlar sosial mediada yoxdur

Media eksperti söylədi ki, sosial medianı tamamən "iqnor” edərək prosesə baxmaq mümkün deyil: "Əgər bu trend varsa, inkişaf edirsə, 1,4 milyard istifadəçi toplayırsa, bu o deməkdir ki, sözügedən platforma ciddi bir resursdur. Bu, istər Çin, istər beynəlxalq mənşəli olsa da, maraq doğurur, bəlli auditoriyanı özünə cəlb edə bilir. Peşəkar medianın bayağılığa keçid etməsi məsələsinə gəlincə, bu, səthi prosesdir. Peşəkar qalmaq istəyənlər yeni vasitələr üzərində xırda və kosmetik dəyişikliklər edirlər. Onlar yola bu cür davam etməyə çalışırlar. Burada məqsəd auditoriyanı tutmaqdır. Amma sosial şəbəkələr heç zaman peşəkar medianın yerinə keçə bilməzlər. Çünki peşəkar mediadakı standartlar sosial mediada yoxdur. Sosial media, sadəcə yoxlanmayan, amma eyni zamanda daha çox diqqət cəlb etmək, daha çox izləyici kateqoriyası seçmək üçün səydir. Halbuki ənənəvi və peşəkar medianın, ilk növbədə etibarlılıq məsələsi öndədir. Sosial mediada bu, yoxdur. Sosial mediada maraqlılıq, əyləncə, cəlbedicilik var, amma güvənli deyil. Sosial medianı ciddi mənbə sayaraq oradan nə isə bir məlumat götürüb araşdırmadan, dəqiqləşdirmə aparmadan yaymaq, peşəkar media üçün ciddi dəyər itirmək hesab olunar”.


"Tik-tok” "Youtube”u geridə qoyacaq

Media rəhbəri Hacıbəy Heydərli isə hesab edir ki, sosial şəbəkələrin ciddisi və qeyri-ciddisi olmur. Onun qənaətincə, bu platformanı ciddi və qeyri-ciddi edən oradakı insanlardır, cəmiyyətlərdir: "Razıyam ki, "Tik-tok”da, əsasən, əyləncə xarakterli videolar yayımlanır. "Tik-tok”un alqoritmləri də hansı videolara daha çox şərh gəlirsə, məhz o videoları ön plana çıxarır. "Tik-tok” dünyada video platforma rolunu oynayan, hətta videoların yüklənmə səviyyəsinə görə "Youtube”u geridə qoyan sosial şəbəkədir. Dünyanın ən nüfuzlu yarışlarına "Tik-tok” sponsorluq edir. Futbol üzrə 2020-ci ilin Avropa çempionatı buna əyani misaldır. Əvvəllər bu sosial şəbəkədəki videolar 30 saniyə və 1 dəqiqəlik idisə, indi 3-5 dəqiqəlik videolar yükləmək olur. Bu gedişlə yaxın illərdə "Tik-tok” "Youtube”u tam geridə qoyacaq və heç şübhəsiz, bu istiqamətdə planlar var. Azərbaycan mediasında, hətta televiziyalarda son zamanlar "Tik-tok” fenomenlərinə meydan verilir, onlar efirlərə dəvət edilir. Bir sıra xəbərlər də artıq "Tik-tok”da yayımlanır. Fikrimcə, burada qeyri-adi heç nə yoxdur, normal prosesdir. Orada olanlar da Azərbaycan cəmiyyətini təmsil edirlər”.


Prinsipləri pozmaq olmaz

H.Heydərli Azərbaycanda vətəndaş jurnalistikasının çox inkişaf etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, hər bir sosial şəbəkə istifadəçisi həm də vətəndaş jurnalistikasının bir fərdidir: "Paylaşılan mövzular gündəm olursa, bu, sırf "Tik-tok”un gücü deyil, ümumən Azərbaycan cəmiyyətinin sosial şəbəkələrə verdiyi dəyərin, ona bəslədiyi marağın göstəricisidir. Bununla belə, Azərbaycan mediasının ənənəsi, oturuşmuş prinsipləri var. Bu prinsipləri pozmaq olmaz. İstənilən halda, hansısa video, foto və xəbər yayılanda jurnalist onu mütləq araşdırmalı, məlumatın dəqiqliyinə əmin olmalıdır. Belə halların gözlənilməsi "Tik-tok”u əyləncə platformasından çıxarıb ictimai-siyasi yüklü platformaya çevirə bilər”.


Media sosial şəbəkələrə uduzmamalıdır

Media rəhbəri onu da əlavə etdi ki, son iki ayda "Tik-tok”da trend olan videolar, əsasən, siyasi videolardır: "Artıq siyasətçilərin, partiya sədrlərinin, blogerlərin "Tik-tok” kanalı var. Nəzərə alaq ki, "Facebook” və "Twitter”ə də ilk vaxtlar qeyri-ciddi yanaşma var idi. "Facebook” statuslarının ciddi mənbə kimi xəbərə çevrilməsini cəmiyyət qəbul etmirdi. Lakin indi dünyaca məşhur şəxslər, siyasətçilər, diplomatlar, hətta prezidentlər cəmiyyətlərə öz mesajlarını "Facebook” və "Twitter” üzərindən çatdırırlar. Bu baxımdan hesab edirəm ki, vətəndaş jurnalistikasının inkişafı "Tik-tok” sosial şəbəkəsinin inkişafı ilə əlaqəlidir. Buradakı hər hansı məlumatın, videonun ənənəvi media tərəfindən yayılmasında qeyri-adi heç nə yoxdur. Digər tərəfdən, jurnalistlər də diqqətli olmalı, prinsipləri unutmamalı, Azərbaycan mediası sosial şəbəkələrə uduzmamalı, peşəkarlıq ikinci plana keçməməlidir”.

Rufik İSMAYILOV