• şənbə, 20 Aprel, 13:27
  • Baku Bakı 23°C

Pərvin Kərimzadə: Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi

21.05.22 09:30 1127
Pərvin Kərimzadə: Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi

Türkiyədə Qara dəniz üzərində həyata keçirilən böyük layihənin, Rize-Artvin Hava Limanının iki qardaş ölkənin rəhbərləri – Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi oldu. Türkiyə və Azərbaycanın sarsılmaz, əbədi və əzəli birliyinin, münasibətlərin ən yüksək səviyyədə olduğu yenidən nümayiş etdirildi. İki ölkənin arasındakı strateji tərəfdaşlığın siyasi və mənəvi təcəssümü olan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi, Türkiyə Prezidentinin işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfərləri, dövlət rəhbərlərinin Rizə-Artvin Hava Limanının açılışını birlikdə etmələri Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının sarsılmazlığının dünyaya bəyanı idi.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə söyləyib.

“Prezident İlham Əliyev Rizə-Artvin Hava Limanının açılış mərasimində Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana siyasi və mənəvi dəstəyini yüksək qiymətləndirərək İkinci Qarabağ savaşının bizim müştərək, ortaq şanlı tariximiz olduğunu diqqətə çatdıraraq bildirib: “Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”.

Bu gün ən yüksək zirvədə dayanan Türkiyə-Azərbaycan qardaşlığının bünövrəsində qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq dayanır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı möhkəm dostluq, Azərbaycan-Türkiyə qardaşlığı təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Məlum olduğu kimi, indiyədək Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı ilə həyata keçirilən iqtisadi layihələr həm də Asiyanın türk dövlətləri üçün geniş imkanlar yaradıb”, - deyə deputat bildirib.

Pərvin Kərimzadə qeyd edib ki, hər zaman bir-birinin yanında olan, beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyən, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazan Azərbaycan və Türkiyənin sıx əməkdaşlığı, birgə təşəbbüsləri regionda strateji inteqrasiyanın daha intensiv xarakter almasına mühüm töhfələr verir. Eyni zamanda, dünyanın iqtisadi güclərindən olan Türkiyə dövlətinin güclənməsi həm də Azərbaycanın gücünün artması deməkdir. İki ölkə arasında əlaqələrin daha da dərinləşməsi regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunmasında müstəsna əhəmiyyət daşıyır.

banner

Oxşar Xəbərlər