• çərşənbə axşamı, 15 oktyabr, 03:09
  • Baku Bakı 15°C

Perspektiv vəd edən sərfəli bazar

10.08.24 03:08 3427
Perspektiv vəd edən sərfəli bazar

Körfəz ölkələri kənd təsərrüfatı məhsullarımız üçün çox əlverişli bazardır. Lakin ixracla bağlı maneələr bu istiqamətdə potensialımızdan tam yararlanmağa imkan vermir. Ekspertlər isə bu qənaətdədirlər ki, münbit bazarın tapılmasında sahibkarlar da fəal olmalıdırlar.

Azərbaycan Qətərə alma ixracını beş min dəfədən çox artırıb. Bu ilin yanvar-may aylarında ölkəmiz 22,25 milyon ABŞ dolları dəyərində 33 min 367 ton alma ixrac edib. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,4 faiz, kəmiyyət olaraq - 3,4 faiz çoxdur. Hesabat dövründə Azərbaycan Rusiyaya 19,2 milyon ABŞ dolları dəyərində 28 min 526 ton, Özbəkistana 1,2 milyon ABŞ dolları dəyərində 1 360 ton, Qazaxıstana 589 min ABŞ dolları dəyərində 1 438 ton, Birləşmiş Ərəb Əmirliklərinə 736 min ABŞ dolları dəyərində 1 316 ton, Qətərə 181 min ABŞ dolları dəyərində 215 ton alma satıb. 2023-cü ildə Azərbaycandan 16 ölkəyə ixrac edilmiş 91 min 229 ton almanın 87,2 faizi Rusiyanın payına düşüb. Rəqəmlərdən də göründüyü kimi, ən çox məhsul ixracımız Rusiyayadır. Lakin Körfəz ölkələri də Azərbaycan meyvələri üçün yaxşı bazar ola bilər. Bəs biz bu potensialdan necə istifadə edirik? Bu sahədə çatışmayan nələr var? İxracı genişləndirmək üçün hansı addımlar atılmalıdır?

“İxrac müqavilələri imzalanır”

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən bildirildi ki, bu ilin ilk yarısında Azərbaycan Körfəz ölkələrinə 944 min ABŞ dolları dəyərində alma ixrac edib: “2023-cü il üzrə bu göstərici bir milyon ABŞ dolları idi. Təkcə Qətərə 2024-cü ilin yanvar-iyun aylarında alma ixracının dəyəri 181 min ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Körfəz ölkələri arasında almanın ən çox ixrac olunduğu istiqamət BƏƏ bazarıdır. İlin ilk yarısında sözügedən ölkəyə 736 min ABŞ dolları dəyərində alma ixrac edilib. Körfəz ölkələrinə Azərbaycan meyvələrinin və digər məhsulların ixracı üçün əlverişli potensial var və bu potensialdan istifadə edilir. Qətərin paytaxtı Dohada fəaliyyət göstərən Azərbaycan Ticarət Evi bu prosesdə önəmli rol oynayır. Daha bir ticarət evimiz isə Dubayda fəaliyyət göstərir”.

Agentlikdən verilən məlumata görə, ixrac potensialının artırılması üçün sahibkarların sərgilərdə iştirakı təmin olunur: “Biz Körfəz bazarında olan ixrac potensialının effektiv reallaşdırılması istiqamətində bu ölkələrdə baş tutan sərgilərdə “Made in Azerbaijan” brendi altında vahid ölkə stendi ilə sahibkarlarımızın iştirakını təmin edirik. Belə ki, 2024-cü ilin fevralında Dubayda baş tutan “Gulfood 2024” sərgisində Azərbaycandan 20-dən çox şirkət iştirak edib. Əlavə olaraq, bu ilin 21-23 may tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində “The Saudi Food Show 2024” sərgisində də 20 şirkətin vahid ölkə stendi ilə iştirakı təmin olunub. Hər iki sərgidə kənd təsərrüfatı məhsulları ixracatçıları iştirak ediblər. Qeyd edilən sərgilər sayəsində ixrac müqavilələri imzalanır, təcrübə mübadiləsi aparılır, yerli məhsullarımızın ixracı həyata keçirilir”.

Əsas maneələr

Həmçinin bildirildi ki, istənilən sahədə olduğu kimi, bu sahədə də bəzi maneələr mövcuddur: “Əsas maneələr logistika xərcləri və marşrutlardır. Xüsusilə tez xarab olan məhsulların ixracı zamanı bu daha çox hiss olunur. Daşınma xərclərinin yüksək olması məhsulların rəqabət qabiliyyətli olmalarına maneə olur. Nəticədə sahibkarlar ixracı reallaşdıra bilmirlər. Bu maneələrin aradan qaldırılması istiqamətində hazırda "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərinə əlavələr və düzəlişlər olunur. Bu kontekstdə əsas məsələlərdən biri də logistika subsidiyalarının verilməsidir. Nəzərdə tutulan subsidiya mexanizmi Azərbaycanda bütün ixracatçılara şamil olunacaq və bu dəstək tədbiri ixracımızın yeni bazarlara genişləndirilməsinə dəstək olacaq”.

Sahibkar özü münbit bazar tapmalıdır

İqtisadçı Akif Nəsirli də hesab edir ki, Körfəz ölkələri Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı üçün münbit bazarlardandır: “Həmin ölkələrin əksəriyyətində əhalinin gəlirləri yüksəkdir. Həmçinin ölkəmizdə bitən məhsulların çoxu o coğrafiyada mövcud deyil. Azərbaycan bu potensialdan istifadə etməlidir. Lakin indiyə kimi o qədər də istifadə edə bilməmişik”.  

A.Nəsirlinin sözlərinə görə, sahibkarların bu ölkələrə çıxmamasının əsas səbəblərindən biri təcrübəsiz olmalarıdır: “Sahibkarlar gözləyirlər ki, bununla bağlı dövlət addım atsın, ölkə başçısı həmin ölkəyə səfər etsin, sahibkarları da özü ilə aparsın, orada müqavilə bağlasınlar və sonra ixraca başlasınlar. Əslində sahibkar özü dünyanın münbit bazarlarını axtarıb tapmalıdir. Sahibkarlar bu istiqamətdə maarifləndirilməlidirlər”. 

Standartlara uyğun məhsul istehsal etməliyik

Ekspert həmçinin qeyd etdi ki, dünya bazarına çıxmaq üçün standartlara uyğun məhsullar istehsal etmək lazımdır: “Məsələn, ölkəmizdə külli miqdarda qarpız yetişdirilir. Amma onların adicə nitratını yoxlasaq, standartlara uyğun gəlmir. Belə məhsulları xaricə çıxarmaq çətindir. Bu da sahibkarların uzaqgörən olmamasından irəli gəlir. Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə idarələri mövcuddur. Onlar bu məhsulların istehsalında aqrotexniki qaydaların, innovativ becərmə üsullarının tətbiq edilməsi, dünya standartlarına uyğun orqanik məhsulların yetişdirilməsi məsələsini sahibkarların qarşısında qaldırmalıdır. Məsələn, Qətərə alma ixrac edirik. Amma baxmalıyıq ki, başqa hansı məhsulları ixrac edə bilərik”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər