AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Payız aylarında COVID-19-a yoluxmada kəskin artım müşahidə oluna bilər

Payız aylarında COVID-19-a yoluxmada kəskin artım müşahidə oluna bilər

Təfsilat
25 Noyabr 2021, 12:15 100
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yoluxma sayındakı artım dinamikası son günlərin müzakirə olunan yeganə və əsas mövzusudur. Böyük Britaniyanın 68 faizi, Hollandiyanın 72 faizi, Almaniyanın 67 faizi, İsrail əhalisinin isə 63 faizi iki doza vaksin alıb. Hətta bəzi yerlərdə vətəndaşlar "buster” adlanan 3-cü, o cümlədən 4-cü dozanı belə vurdurublar. Yəni, həmin ölkələrdə koronavirusa yoluxma "həndəsi silsilə” ilə artır. Bundan başqa, Avstriya, Hollandiya, Çexiya, eləcə də bir çox digər Avropa ölkələri sərt karantin tədbirlərinə yenidən əl atıb. COVID-19 məlum olan virus infeksiyaları arasında ağır və arzuolunmaz proqnozu olanlardan biridir, lakin virus cəmiyyətdə ümidsizlik yaratmamalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.
Professor bildirib ki, xronofarmakoloji qanunauyğunluğa görə, virus infeksiyasının aktiv yoluxdurma və "pik letallıq” dövrü ardıcıl növbələşən dörd fəsildən artıq ola bilməz: "Bu müddətdə makro və mikroorqanizmlərdə simbiozluğa xidmət edən bazal dəyişikliklər baş verir. Ona görə də COVID-19 infeksiyası növbəti illərdə yalnız lokal şəkildə müşahidə oluna bilər. Payız və yaz fəslində orqanizmdə ciddi keyfiyyət dəyişiklikləri baş verdiyinə görə, virus infeksiyaların kəskin artımı müşahidə olunmalıdır. Bu, qanunauyğunluqdur. Uzunmüddətli ünsiyyət və mütəmadi kontakt olmayan hallarda, makro və mikro orqanizmlər arasında "yadlaşma” və birgə yaşayışa "əks müqavimət” halı yaranır. Ona görə, pandemiyadan əvvəlki illərlə müqayisədə hazırda digər virus infeksiyalarına, o cümlədən koronavirusa yoluxmada müşahidə olunan dinamik artım qorxulu vəziyyət kimi dəyərləndirilməməlidir. Bu hal növbəti aylarda aradan qalxacaq və əvvəlki illərdə olan "nisbi tarazlıq” bərpa olunacaq”.
M.Qəniyev, həmçinin qeyd edib ki, COVID-19-a yoluxaraq sağalanlarda əmələ gələn təbii immunitet anticisimlərin identik quruluşuna görə, peyvənddən sonra formalaşan immunitetdən əsaslı fərqlənmir, lakin daha dözümlü, daha spesifik, daha fəal olur və orqanizmdə daha uzun müddət qala bilir.