• şənbə, 20 Aprel, 00:19
  • Baku Bakı 15°C

Paxıl

22.04.19 15:15 4265
Paxıl
Söz vaxtına çəkər. Çoxdanın işidir. Alça vaxtıydı. Ağzımda hələ acılanmamış turş alça tamı vardı. Bütün günü eləcə yatırdım. Deyərdin dünyanın yükünü belimə şələləyiblər. Ayaqlarımdan sanki daş asılmışdı. Gözlərim özü özünə qapanırdı. İşlədim, işləmədim yorulurdum. Nə məktəbə gedirdim, nə məşqə. Danışmaq belə istəmirdim. Evdən çölə də çıxmırdım. Eləcə gecə-gündüz usanmadan yatırdım.
Atam hər axşam anama gözünü ağardıb: "Bundan mənə oğul olacaq?” – deyirdi. Anam yumşaq gülüşü ilə atamın hirsini sığallayıb üstümü öz əlləriylə toxuduğu yun örtüklə örtə-örtə: –"Bir-iki ilə böyüyüb dünyanın sərt üzünü görəndə sənin kimi onun da yuxusu ərşə çəkiləcək. Qoy xətri nə qədər istəyir atası evində yatsın da!” – deyirdi.
Atam dünyanın sərt adını eşidən kimi yumşalardı. Üzümdən öpüb dinməz söyləməz şirin baxışları ilə üzümə baxardı. Yəqin onun bu sevgi dolu baxışlarından ağzımda turş alça tamı yaranmışdı. Həmin o turş günlərin biriydi. Atam səhərdən sözlü adama oxşayırdı. Alça vaxtı günəşin istisi də turş olur deyə adam tez acır axı. Atam indicə nahar edəcəkdi. Kəllə qapının ağzındakı əlüzyuyanda bir xeyli yuyunduqdan sonra o anamdan əl-üz dəsmalı istədi. Və elə oradanca üzünü mənə tutub sözləri yaş-yaş: – "Səninlə bir sinifdə oxuyan Firudin bu gün dənizdə boğulub, ölüb!” – dedi.
Ağzımdakı alça tamı qəfil şirinləşdi. Atamın "Firudin bu gün dənizdə boğulub ölüb” nidası dəfələrlə qulağımda sərt şapalaq ağırlığında təkrarlandı. Və mən o alça fəslində qəfil anladım ki, Firudinin ölümünə əməlli-başlı sevinirəm. Və bundan utanmıram da. Özümdən belə gizlətdiyim qisas planım isə qiyamətə qalacaq. Firudin artıq yoxdur. Və mən ondan qisas ala bilməyəcəm.
Firudin mənimlə bir sinifdə oxuyurdu. Onunla dalaşdığım üçün iki ay idi evdən çölə çıxmırdım. Məni qızların yanında əməllicə döymüşdü. Döyülməyim bir yana, qorxaq olduğum üçün ondan hamının gözü qarşısında üzr də istəmişdim.
Firudin sinif oğlanlarından bir iki baş hündür, sağlam, gülərüz, qəşəng oğlan idi. Qızların hamısı ona vurğundu. Mən tərəfə heç baxan yox idi. Ona böyük siniflərin qızları ilə bərabər gənc müəllimələr belə sevgi məktubları yazardılar. Atası Firudinə maşın da alıb bağışlamışdı. Varlı-hallı ailədən idi. Həmişə cibində pulu olardı. Bütün sinfi restorana aparıb qonaq edər, yeni filmlərin ilk göstərisinə qızlara bilet tapardı. Atam taksi sürücüsü olduğu üçün mənə "üç manat” deyərdi. Tatar Maratı "Mumu”, Əjdərin oğlu Muradı yekə qulaqları olduğu üçün "Çeburaşka” çağırardı. Onunla üç dəfə dalaşmışdım. Zalım balası deyirdin fildir. Allah ondan heç nəyini əsirgəməmişdi də. Gücü də vardı, bəxti də, gözəlliyi də, hələ lap istəsən ağlı da. Bir dənə dördü yox idi ki. Beşləri da öz ağlıyla almışdı. Çox savadlıydı. Hər dəfə vuruşanda məni "qanıma qəltən” eləyib göndərərdi evimə. Məktəbin yuxarı mərtəbəsinə qalxıb hündürlükdən başına bir necə dəfə daş atmışdım. Hamısı yan keçmişdi. Bir dəfə arxadan sakitcə yaxınlaşıb onu bıçaqlamaq istəsəm də bıçaq kəmərinə ilişmişdi. Allah həmişə onun tərəfində idi. Sonuncu dəfə iki ay bundan qabaq Firuzəyə görə dalaşdıq. Onda hamının gözü qarşısında Firudin öz şərfimlə mənə ayaqqabılarını da sildirdi. O, gündən evdən çölə çıxmırdım. Üstümə ağırlıq çökmüşdü. Hamıdan, ən çox da özümdən utanırdım. Axı Firudin nəyə görə məndən hər bir halında üstün idi? Axı niyə görə mən onu yenə bilmirdim?
Atamın "Firudin ölüb” nidasından sonra gözgörəsi dirçəlmişdim. Bu dəyişiklik onun da gözündən qaçmamışdı. Atamla üz-üzə oturub hətta boşqabındakı bozbaşın suyundan bir-iki qaşıq içmişdim də. O, mənim bu qəfil dirçəlişimə özünəməxsus şübhə ilə bir xeyli baxdıqdan sonra: – Dostun ölüb sən niyə belə sevinirsən?” – soruşmuşdu.
İçimdəki gülüşü gizlədə bilməyib, gülə-gülə: – "Onunla aram yox idi. Elə yaxşı olub ki, ölüb!” dedim.
Atam ağzındakı tikəni aramla çeynəyib udduqdan sonra yavaş-yavaş ayağa qalxdı. Dinmədən dayandığı hündürlükdən kirimişcə mənə baxdı. Sonra qəfil üzümə sərt bir sillə vurub iyrənirmiş kimi yerə üfürdü, və zarıya-zarıya: – "Mənim belə oğlum ola bilməz! – inildədi.
Heç nə olmayıbmış kimi ayağa qalxıb alça rəngində olan ən təzə pencəyimi əynimə geyindim. Qapıdan eşiyə çıxan kimi Firudini basdırmağa aparan insan axını ilə üzləşdim. Onu bütün şəhər öz oğulları kimi sevə-sevə köhnə gorgaha doğru aparırdı. İlk dəfəydi Firudinin saçı çiyinlərinə qədər tökülmüş anasını görürdüm. Məryəm ana qədər gözəl qadın imiş. Atasının da "cinc nəsildən” olduğu həmin dəqiqə bəlli olurdu. Firudinin ölümü də mənim yaşamağımdan gözəl idi. Cansız bədəninin önündə aparılan şəkli belə məndən yaraşıqlı idi. Mən ölsəm, görəsən, kimlər cansız bədənimin arxasınca gedəcəklər? Məni kimlər basdıracaq? – deyə düşündüm. Atamın əli kirli sürücü dostları? Beş ona nəfər qohumumuz? İşsiz qonşularımız? Görəsən, mən ölsəm bu qədər adam başıma toplaşacaqmı? Ay toplaşdı ha. Çolaq ayı, çəp keçi. Bir də atam… Firuzə də törəndəydi. O, da hönkür-hönkür ağlayırdı. Eybi yox. Qoy nə qədər xətri istəyir ağlasın özüyçün. Firudin daha yoxdur onsuz da. Mən isə burdayam. Sağam. Varam. Hələ sabah da olacam. Bu gün olmasa da sabah mütləq Firuzə məni seçəcək. Ölüm insanları unutdurur axı. Bu savaşı nəhayət ki, mən qazandım. Hə, necədir, Firudin? Səndən üstün olduğumu anlaya bildin?
Sinfin bütün qızları Firudinin arxasınca qəbiristanlığa doğru gedirdi. Onlar da Firudinun anası kimi saçlarını açıb çiyinlərinə tökmüşdülər. Diz döyüb ağlayırdılar. Oğlanların üzündə belə qəribə ağrı, tanış olmayan hüzn vardı. Ən yaxın dostum Kamran uzaqdan məni görsə də yaxına gəlmirdi. O, da hamı kimi dil deyib ağlayırdı. Birdən birə hiss etdim ki, mən özüm də kövrəlmişəm. Gözüm yaşarıb. Sonra düşündüm ki Firudin bütün hallarda yaşamaq üçün məndən daha yaxşı, daha ağıllı və daha gözəl idi. Onun bu dünyada yaşaması dünyanın özü üçün də maraqlı ola bilərdi. Bəs görəsən, nədən o daha yoxdur mən isə onun yerini belə həvəslə tutmaq istəyirəm? Bu nə istəkdir belə məndə yaranıb? Mən niyə belə düşünürəm? Axı Firudin mənə sağlığında heç zaman pislik eləməmişdi. Həmişə mən onun yerində olmaq istəmişəm deyə sözümüz çəp gəlib. Pulum olmayanda mənə pul, yeməyim olmayanda yemək verib. Axı nədən mən həmişə onun yerində olmaq, onun kimi olmaq və nəhayət "O” olmaq istəmişəm. Onun onun sürdüyü maşınları sürmək, onun həyatını onun kimi yaşamağı arzulamışam. Onun uğurunu, gözəlliyini və ağlını əlindən almağa çalışmışam. Axı o mənə neyləmişdi ki, hər dəfə Firudinlə dalaşmaq istəyirdim? Axı ağzımda alça tamı ola-ola bu hirs mənim içimdə hardan əmələ gəlmişdi?
Söz vaxtına çəkər. Firudinin öldüyü həmin o alça fəslindən sonra ağzım daha dad bilmir ki. Turş nədir, şirin nədir bilmirəm. Ağzımın dadı da Firudinlə birgə getdi. Hər gedən səndən nəsə aparır axı.
Firudin yenə məndən diridir. Ona görə ki, o turş alça tamı hələ də onun damağındadır…

Orxan Fikrətoğlu
banner

Oxşar Xəbərlər