Paxıl
Söz vaxtına çəkər. Çoxdanın
işidir. Alça vaxtıydı. Ağzımda hələ acılanmamış turş alça tamı vardı. Bütün
günü eləcə yatırdım. Deyərdin dünyanın yükünü belimə şələləyiblər. Ayaqlarımdan
sanki daş asılmışdı. Gözlərim özü özünə qapanırdı. İşlədim, işləmədim
yorulurdum. Nə məktəbə gedirdim, nə məşqə. Danışmaq belə istəmirdim. Evdən çölə
də çıxmırdım. Eləcə gecə-gündüz usanmadan yatırdım.
Orxan Fikrətoğlu
Atam hər axşam anama gözünü
ağardıb: "Bundan mənə oğul olacaq?” – deyirdi. Anam yumşaq gülüşü ilə atamın
hirsini sığallayıb üstümü öz əlləriylə toxuduğu yun örtüklə örtə-örtə: –"Bir-iki
ilə böyüyüb dünyanın sərt üzünü görəndə sənin kimi onun da yuxusu ərşə çəkiləcək.
Qoy xətri nə qədər istəyir atası evində yatsın da!” – deyirdi.
Atam dünyanın sərt adını eşidən
kimi yumşalardı. Üzümdən öpüb dinməz söyləməz şirin baxışları ilə üzümə
baxardı. Yəqin onun bu sevgi dolu baxışlarından ağzımda turş alça tamı
yaranmışdı. Həmin o turş günlərin biriydi. Atam səhərdən sözlü adama oxşayırdı.
Alça vaxtı günəşin istisi də turş olur deyə adam tez acır axı. Atam indicə
nahar edəcəkdi. Kəllə qapının ağzındakı əlüzyuyanda bir xeyli yuyunduqdan sonra
o anamdan əl-üz dəsmalı istədi. Və elə oradanca üzünü mənə tutub sözləri
yaş-yaş: – "Səninlə bir sinifdə oxuyan Firudin bu gün dənizdə boğulub, ölüb!” –
dedi.
Ağzımdakı alça tamı qəfil şirinləşdi. Atamın "Firudin
bu gün dənizdə boğulub ölüb” nidası dəfələrlə qulağımda sərt şapalaq
ağırlığında təkrarlandı. Və mən o alça fəslində qəfil anladım ki, Firudinin
ölümünə əməlli-başlı sevinirəm. Və bundan utanmıram da. Özümdən belə gizlətdiyim
qisas planım isə qiyamətə qalacaq. Firudin artıq yoxdur. Və mən ondan qisas ala
bilməyəcəm.
Firudin mənimlə bir sinifdə
oxuyurdu. Onunla dalaşdığım üçün iki ay idi evdən çölə çıxmırdım. Məni qızların
yanında əməllicə döymüşdü. Döyülməyim bir yana, qorxaq olduğum üçün ondan hamının
gözü qarşısında üzr də istəmişdim.
Firudin sinif oğlanlarından bir
iki baş hündür, sağlam, gülərüz, qəşəng oğlan idi. Qızların hamısı ona
vurğundu. Mən tərəfə heç baxan yox idi. Ona böyük siniflərin qızları ilə bərabər
gənc müəllimələr belə sevgi məktubları yazardılar. Atası Firudinə maşın da alıb
bağışlamışdı. Varlı-hallı ailədən idi. Həmişə cibində pulu olardı. Bütün sinfi
restorana aparıb qonaq edər, yeni filmlərin ilk göstərisinə qızlara bilet
tapardı. Atam taksi sürücüsü olduğu üçün mənə "üç manat” deyərdi. Tatar Maratı "Mumu”,
Əjdərin oğlu Muradı yekə qulaqları olduğu üçün "Çeburaşka” çağırardı. Onunla üç
dəfə dalaşmışdım. Zalım balası deyirdin fildir. Allah ondan heç nəyini əsirgəməmişdi
də. Gücü də vardı, bəxti də, gözəlliyi də, hələ lap istəsən ağlı da. Bir dənə
dördü yox idi ki. Beşləri da öz ağlıyla almışdı. Çox savadlıydı. Hər dəfə
vuruşanda məni "qanıma qəltən” eləyib göndərərdi evimə. Məktəbin yuxarı mərtəbəsinə
qalxıb hündürlükdən başına bir necə dəfə daş atmışdım. Hamısı yan keçmişdi. Bir
dəfə arxadan sakitcə yaxınlaşıb onu bıçaqlamaq istəsəm də bıçaq kəmərinə
ilişmişdi. Allah həmişə onun tərəfində idi. Sonuncu dəfə iki ay bundan qabaq Firuzəyə
görə dalaşdıq. Onda hamının gözü qarşısında Firudin öz şərfimlə mənə
ayaqqabılarını da sildirdi. O, gündən evdən çölə çıxmırdım. Üstümə ağırlıq
çökmüşdü. Hamıdan, ən çox da özümdən utanırdım. Axı Firudin nəyə görə məndən hər
bir halında üstün idi? Axı niyə görə mən onu yenə bilmirdim?
Atamın "Firudin ölüb”
nidasından sonra gözgörəsi dirçəlmişdim. Bu dəyişiklik onun da gözündən
qaçmamışdı. Atamla üz-üzə oturub hətta boşqabındakı bozbaşın suyundan bir-iki
qaşıq içmişdim də. O, mənim bu qəfil dirçəlişimə özünəməxsus şübhə ilə bir
xeyli baxdıqdan sonra: – Dostun ölüb sən niyə belə sevinirsən?” – soruşmuşdu.
İçimdəki gülüşü gizlədə bilməyib,
gülə-gülə: – "Onunla aram yox idi. Elə yaxşı olub ki, ölüb!” dedim.
Atam ağzındakı tikəni aramla
çeynəyib udduqdan sonra yavaş-yavaş ayağa qalxdı. Dinmədən dayandığı hündürlükdən
kirimişcə mənə baxdı. Sonra qəfil üzümə sərt bir sillə vurub iyrənirmiş kimi yerə
üfürdü, və zarıya-zarıya: – "Mənim belə
oğlum ola bilməz! – inildədi.Heç nə olmayıbmış kimi ayağa
qalxıb alça rəngində olan ən təzə pencəyimi əynimə geyindim. Qapıdan eşiyə
çıxan kimi Firudini basdırmağa aparan insan axını ilə üzləşdim. Onu bütün şəhər
öz oğulları kimi sevə-sevə köhnə gorgaha doğru aparırdı. İlk dəfəydi Firudinin
saçı çiyinlərinə qədər tökülmüş anasını görürdüm. Məryəm ana qədər gözəl qadın
imiş. Atasının da "cinc nəsildən” olduğu həmin dəqiqə bəlli olurdu. Firudinin
ölümü də mənim yaşamağımdan gözəl idi. Cansız bədəninin önündə aparılan şəkli
belə məndən yaraşıqlı idi. Mən ölsəm, görəsən, kimlər cansız bədənimin
arxasınca gedəcəklər? Məni kimlər basdıracaq? – deyə düşündüm. Atamın əli kirli
sürücü dostları? Beş ona nəfər qohumumuz? İşsiz qonşularımız? Görəsən, mən ölsəm
bu qədər adam başıma toplaşacaqmı? Ay toplaşdı ha. Çolaq ayı, çəp keçi. Bir də
atam… Firuzə də törəndəydi. O, da hönkür-hönkür ağlayırdı. Eybi yox. Qoy nə qədər
xətri istəyir ağlasın özüyçün. Firudin daha yoxdur onsuz da. Mən isə burdayam.
Sağam. Varam. Hələ sabah da olacam. Bu gün olmasa da sabah mütləq Firuzə məni
seçəcək. Ölüm insanları unutdurur axı. Bu savaşı nəhayət ki, mən qazandım. Hə,
necədir, Firudin? Səndən üstün olduğumu anlaya bildin?
Sinfin bütün qızları Firudinin
arxasınca qəbiristanlığa doğru gedirdi. Onlar da Firudinun anası kimi saçlarını
açıb çiyinlərinə tökmüşdülər. Diz döyüb ağlayırdılar. Oğlanların üzündə belə qəribə
ağrı, tanış olmayan hüzn vardı. Ən yaxın dostum Kamran uzaqdan məni görsə də
yaxına gəlmirdi. O, da hamı kimi dil deyib ağlayırdı. Birdən birə hiss etdim
ki, mən özüm də kövrəlmişəm. Gözüm yaşarıb. Sonra düşündüm ki Firudin bütün
hallarda yaşamaq üçün məndən daha yaxşı, daha ağıllı və daha gözəl idi. Onun bu
dünyada yaşaması dünyanın özü üçün də maraqlı ola bilərdi. Bəs görəsən, nədən o
daha yoxdur mən isə onun yerini belə həvəslə tutmaq istəyirəm? Bu nə istəkdir belə
məndə yaranıb? Mən niyə belə düşünürəm? Axı Firudin mənə sağlığında heç zaman
pislik eləməmişdi. Həmişə mən onun yerində olmaq istəmişəm deyə sözümüz çəp gəlib.
Pulum olmayanda mənə pul, yeməyim olmayanda yemək verib. Axı nədən mən həmişə onun
yerində olmaq, onun kimi olmaq və nəhayət "O” olmaq istəmişəm. Onun onun
sürdüyü maşınları sürmək, onun həyatını onun kimi yaşamağı arzulamışam. Onun
uğurunu, gözəlliyini və ağlını əlindən almağa çalışmışam. Axı o mənə neyləmişdi
ki, hər dəfə Firudinlə dalaşmaq istəyirdim? Axı ağzımda alça tamı ola-ola bu
hirs mənim içimdə hardan əmələ gəlmişdi?
Söz vaxtına çəkər. Firudinin
öldüyü həmin o alça fəslindən sonra ağzım daha dad bilmir ki. Turş nədir, şirin
nədir bilmirəm. Ağzımın dadı da Firudinlə birgə getdi. Hər gedən səndən nəsə
aparır axı.
Firudin yenə məndən diridir. Ona
görə ki, o turş alça tamı hələ də onun damağındadır…Orxan Fikrətoğlu