• cümə, 29 Mart, 11:33
  • Baku Bakı 5°C

Paşinyanla müxalifət arasında gərginlik yaşanır

15.02.19 18:41 643
Paşinyanla müxalifət arasında gərginlik yaşanır
Nikol Paşinyanla parlamentdə özünü müxalifət adlandıran deputatlar arasında gərginlik yaşanır. Bəziləri onu deputatların fikirlərinə ironiya ilə yanaşmaqda, bəziləri isə onların fikirlərini qulaqardına vurmaqda ittiham etməkdədirlər. Əvvəlcə baş nazir ölkədə inqilab baş vermədiyi haqda "İşıqlı Ermənistan” Partiyasından olan deputatların fikirlərini tənqid edib. "Bir ətrafa nəzər salın. Əgər Ermənistanda inqilab baş verməsəydi, o zaman "İşıqlı Ermənistan” 18 deputatla burada nə edir?”, - deyə Paşinyan sual edib.
Onun sözlərinə görə, ola bilsin onlar üçün inqilab olmayıb, lakin bu mövqeni hamı dəstəkləyir. O, gələcəkdə özünü Ermənistanın keçmiş prezidentləri ilə müqayisə etməməyə çağırıb: "Əgər istəyirsinizsə, özünüz onlarla bir meydanda dayanın. 2018-ci ildə siz bəyan edirdiniz ki, Serj Sarkisyanın heç nədə günahı yoxdur və şəxsiyyətlərə qarşı mübarizə aparmaq niyyətində deyilsiniz. Bildirirdiniz ki, gedib baş nazirin müavinləri vəzifəsini əldə edəcəksiniz və hər şeyi daxildən qurmağa çalışacaqsınız”. Baş nazirin müxalifəti sərt şəkildə tənqid etməsi "Mənim addımım” blokundan olan deputatların alqışları ilə müşayiət olunub.
Müxalifət isə Paşinyanı əvvəlki hökumətin yolu ilə getməkdə günahlandırıb. "Tiqran Sarkisyan baş nazir olanda mənə hökumətdən zəng edib hökumətin proqramını müzakirə edəcəklərini bildirdilər”, - deyə "İşıqlı Ermənistan” Partiyasının fraksiya rəhbəri Edmon Marukyan bildirib. Onun sözlərinə görə, indi isə hökumət üzvləri hətta onlarla bu məsələni müzakirə etmək belə istəmir. "Bu nədir – özündən razılığın nümayişi? Onlar bununla demək istəyirlər ki, qarşılarında heç bir maneə yoxdur”, - deyib. O ki qaldı aldıqları mandatın sayına, Marukyan bildirib ki, mandatları səsvermənin nəticələrinə uyğun olaraq əldə ediblər. "Və bu səsvermədə ölkə vətəndaşları iştirak edib. Nə Nikol Paşinyan, nə da başqası bu nəticələri şübhə altına ala bilməz”, - deyə fraksiya rəhbəri bəyan edib. "Dünənki müxalifət hakimiyyətə gələn kimi dözümsüz olmağa başladı. Üç gündür biz oturub, hökumətin proqramının müzakirəsinin necə getdiyinə baxırıq. Onun hansı dözülməz atmosferdə keçməsi təəccüblüdür. Müxalif qüvvənin hakimiyyətə gələn kimi belə sürətlə tolerantlığını itirməsi qəribədir. Plenar müzakirədən öncə hakimiyyət parlament fraksiyalarına öz layihəsini təqdim etməyib. Beləliklə, hökumət özünü müxalifəti eşitmək imkanlarından məhrum edib”, – deyə o bildirib.
Ümumiyyətlə, Paşinyanın özündən razılığı, ancaq populist bəyanatlar verməsi erməni cəmiyyətində artıq geniş müzakirə olunmağa başlayıb. Məşhur erməni müxalifətçisi, "Milli Özünüdərk birliyi”nin rəhbəri Paruyur Ayrikyan bəyan edib ki, indiki hakimiyyət çox şeyi vəd etsə də, onlardan heç biri yerinə yetirilməyib: "Məsələn, may-uyun aylarında hökumət Seçki Məcəlləsində islahatlar aparacağını öz proqramına daxil edəcəyini bildirmişdi. Bununla da reytinq sistemi aradan qaldırılacaqdı. Lakin bu, baş vermədi. Bundan əlavə, onlar ölkənin Avrasiya İqtisadi İttifaqından çıxacağını bildirirdilər. Lakin hakimiyyətə gələndən sonra bu ideyadan əl çəkdilər”. P.Ayrikyan qeyd edib ki, vaxtilə özünün hakimiyyətdən tələb etdiyini yerinə yetirməlisən. "Nikol Paşinyan vəziyyəti dəyişmir, sadəcə mövcud vəziyyətə uyğunlaşır”, - deyə müxalifət hərəkatının rəhbəri vurğulayıb.
Vəziyyət isə elədir ki, ölkədə demək olar ki, hər gün etirazlar baş verir. Məsələn, Ermənistanın Alaverdi şəhərində yerləşən mis emalı zavodunun 100-dən artıq əməkdaşı tətil elan edib. Aksiya iştirakçıları dövlət əhəmiyyətli dəmir yolunu bağlayaraq gələcək talelərinin necə olacağı ilə maraqlanırlar. Onlara verilən məlumata görə, martın 1-dən işsiz qalacaqlar.
Zavod 4 aydır əməkdaşlarına əməkhaqqı verə bilmir. Səhmdarların yerli banklara külli miqdarda borcu yaranıb. Nəticədə mis emalı müəssisəsinin bağlanılmasına qərar verilib. Etirazçılar deyirlər ki, bundan bir müddət əvvəl Texut mədəninin fəaliyyəti borc səbəbindən dayandırılıb, 500 nəfər işsiz qalıb. Onlar da eyni aqibəti yaşamaq istəmirlər. Məsələ ilə bağlı parlamentin son iclasında "Çiçəklənən Ermənistan” partiyasından deputat Armen Ayvazyan baş nazirə sual verib. Nikol Paşinyan bunun zavodun daxili problemi olduğunu deyib. Baş nazirin cavabı aksiya iştirakçılarını qane etməyib. Etirazçıların sözlərinə görə, onlar Nikol Paşinyanı ondan ötrü seçiblər ki, ənənəvi problemlər həllini tapsın. Yeni hökumət də həssas məsələlərə laqeydlik nümayiş etdirir.
Ölkədəki xaotik vəziyyətdən istifadə edən "Respublika” partiyasının sədr müavini Eduard Şarmazanov yenidən vətəndaşlara çağırış edib: "Hökumət sizi aldadır. İşsizlər ordusu hər ötən gün artır. Bəs hanı verilən vədlərin real nəticəsi? Ermənistan Müdafiə Nazirliyi də xalqa yalan danışır. Orduda baş verən neqativ hallar gizlədilir. Əsgər öldürülür, açıqlama verilmir. Demək ki, müdafiə naziri Davit Tonoyan öz işinə səhlənkar yanaşır. Mən gənclərə müraciət edərək deyirəm: zor gücünə hakimiyyətə gətirdib kresloda əyləşdirdiyiniz insanlar indi sizi aldatmaqla məşğuldurlar”. Nikol Paşinyan isə Şarmazanovun çağırışına sərt reaksiya verib. Bildirib ki, onun tənqid etdiyi Tonoyan özü də Sarkisyan komandasının üzvü, hətta ötən ilə kimi respublikaçı olub.
Ölkə daxili vəziyyət də gərginləşir. "Daşnaksütyun” Partiyası ilə Paşinyan arasında qarşıdurmanın gücləndiyi xəbərləri dolaşır. Partiyanın xüsusi komissiyasının əlaqələndiricisi və sabiq iqtisadi inkişaf naziri Artsvik Minasyan keçirdiyi mətbuat konfransında yeni hökumətin apardığı daxili və xarici siyasəti sərt tənqid edib. "Daşnaksütyun” Paşinyanı ölkənin müdafiə və təhlükəsizlik problemləri ilə məşğul olmamaqda, xüsusən Dağlıq Qarabağ münaqişəsi ilə yetərincə maraqlanmamaqda ittiham edib. Minasyan baş naziri keçmiş prezident Levon Ter-Petrosyanın siyasi xəttinin davamçısı adlandırıb. Onun sözlərinə görə, Qarabağ problemi həll olunmadan, Ermənistanın iqtisadi inkişafı mümkün olmayacaq. "Daşnaksütyun” təmsilçisi əlavə edib ki, Paşinyanın texnologiyaların inkişafı ilə bağlı proqramı quru şüardan başqa bir şey deyil və Ermənistanda işsizliyi daha da artıracaq. O xatırladıb ki, rəsmi məlumatlara görə, hazırda ölkədə 232 min işsiz var, İKT sahəsində çalışanların sayı isə cəmi 13 min nəfərdir. "Paşinyanın "iqtisadi inqilab” proqramının heç bir real əsası yoxdur. Hətta ehtimal olunan 5 faizlik iqtisadi artım belə bu planı həyata keçirmək üçün kifayət deyil. Proqramın parlamentdəki dar çərçivədə hazırlanması da ciddi şübhələr yaradır. Halbuki ölkənin iqtisadi həyatında bütün siyasi qüvvələrin rəyi nəzərə alınmalıdır”, - deyə Minasyan əlavə edib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər