AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Paşinyanın ümidi könüllülərə qalıb

Paşinyanın ümidi könüllülərə qalıb

Təfsilat
27 Avqust 2020, 18:04 2185

Hüquq müdafiəçiləri isə ölkəyə yeni silahlı strukturun lazım olmadığı qənaətindədir
 
 
"Məxməri inqilab” nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın verdiyi vədlərin heç birini yetirmədiyi göz önündədir. Düzdür, o, rəqiblərini sıradan çıxarmağa, özünə qarşı müxalif olanları zəiflətməyə, həbsə atmağa nail olub. Lakin vəd olunan milyardlarla dollar investisiya, iş yerlərinin artırılması və s. vədlərin heç birini yerinə yetirməyib. Müxalifətin bununla bağlı tənqidləri səslənəndə isə günahı koronavirusun üstünə yıxır. Lakin artıq onun qurduğu hökumətin uzunömürlülüyünə inanan azdır. Məsələn, erməni politoloq Stepan Danielyan qeyd edir ki, hakimiyyətə gəlmiş "inqilabçı” komanda ölkə gündəliyini elə də formalaşdıra bilməyib, hər hansı ağlabatan və əsaslı islahat həyata keçirməyib: "Mənə sual verirsiniz ki, Paşinyan hökumətinin ayrı-ayrı nazirlərinin istefa mövzularını niyə şərh etmirəm. Çox dürüst cavab verim. Əsas ocaq aradan qaldırılmırsa, orqanizmin sağlamlığı ayrı-ayrı metastazların çıxarılması ilə bərpa olunmur. Bəli, bəzi uğursuz nazirlərin istefası ilə ictimai narazılıqlar dalğasını müvəqqəti olaraq azaltmaq olar. Ermənistana nazir dəyişikliyi yox, hakimiyyət dəyişikliyi lazımdır. Balıq başdan iylənib”, - deyə o qeyd edib. Keçmiş fövqəladə hallar naziri Hraçya Rostomyan öz "Facebook” səhifəsində yazıb ki, Ermənistanın hazırkı hakimiyyəti ölkənin milli təhlükəsizliyi üçün problemə çevrilir. "Ermənistanın səhiyyə naziri Arsen Torosyanın ətrafında inkişaf edən prosesin nə ilə bitəcəyini bilmirəm. Bir şey aydındır - koronavirus reallığında səhiyyə nazirinin məzuniyyəti təəccüblüdür: bu, müharibə zamanı komandirin qoşunu başsız buraxaraq cəbhə xəttini tərk etməsi ilə eyni şeydir. Nikol Paşinyanın təlimat və qərarları hakimiyyətin orta və aşağı halqalarına çatmayaraq "hava”da qalır”, - deyə o qeyd edib.

Yeri gəlmişkən, bəllidir ki, Nikolun vədləri sırasında peşəkar, keyfiyyətli ordu yaradılması da var idi. Lakin bu iki il ərzində bu sahədə də hər hansı bir irəliləyiş əldə olunmayıb. Əksinə, yenə də əsgər ölümləri pik həddədir, dinc şəraitdə övladlarının ölümünə etiraz edən anaların aksiyaları davam edir. Belə bir şəraitdə Paşinyan guya orduda islahatlar aparmaq qərarına gəlib. Baş nazirin tapşırığı ilə Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrlə paralel yığma qoşun yaradılması üzrə qanun layihəsini ictimai müzakirəyə çıxarıb. "Radio Azatutyun” xəbər verir ki, bu qüvvələrə könüllülər ordusunun qərargahı vasitəsilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi rəhbərlik edəcək. Layihəyə görə, yığma qoşun Ermənistana silahlı hücum şəraitində vətəndaşların silahlı müdafiəyə könüllü qoşulması sistemidir. Qeyd edək ki, Ermənistan ordusunun şəxsi heyəti döyüş tapşırıqlarının icrası üçün yetərli deyil. Döyüş postlarında xidmət aparmağa belə əsgər çatmır. Ordunun bu çatışmazlığını ört-basdır etmək üçün Paşinyan polislərin təmas xəttində 15 günlük məcburi xidməti haqqında sərəncam imzalayıb.

"Mənim addımım” fraksiyasının üzvü olan deputat, "Yerkrap” könüllülər birliyinin sədri Sasun Mikaelyan müsahibəsində deyib ki, müharibə şəraitində olan ölkə üçün qeyri-nizami ordu vacibdir və bu ideya bir neçə ildir müzakirə olunur. "Ermənistanın silahlı qüvvələri yetərli deyilmi?” sualını hakim fraksiya üzvü belə cavablandırıb ki, "ölkəyə xarici təhlükə səbəbindən belə addım atılması zəruridir. Bu o demək deyil ki, bizim Silahlı Qüvvələrimiz döyüş qabiliyyətli deyil, hazır deyillər, ancaq bizdə qeyri-nizami qoşun olmalıdır, çünki, Allah eləməsin, buna oxşar nəsə baş versə, ordu lazımdır”. Sasun Mikaelyan könüllülərin, məsələn, Yerevanda silahla gəzərək ətrafdakılara təhlükə yaradacağı fikriylə razı deyil. "Silahlar xüsusi yerdə saxlanacaq, lazım gələndə oradan götürüləcək. Yəni, səfərbərlik elan olunanadək bizdə hazır adamlar olacaq ki, haraya gedib nə etməli olacaqlarını biləcəklər”, – o deyib. Hüquq müdafiəçisi Nina Karapetyants isə əmindir ki, Ermənistana Silahlı Qüvvələrdən savayı daha bir silahlı struktur lazım deyil. "Ən vacibi odur ki, könüllülərin hansısa məqamda əllərində silah Yerevanın küçələrində, şəhərin mərkəzində hansısa hərəkətlərə qatılmayacağına zəmanət verilmir. Fikrimcə, nizami ordusu olan ölkəyə qeyri-müəyyən statuslu əlavə hərbi birləşmələr lazım deyil”, – Karapetyants "Radio Azatutyun”a müsahibəsində deyib. Hüquq müdafiəçisi yaxın keçmişdə oxşar strukturun – "Yerkrap” könüllülər birliyinin hərəkətlərini yada salır. "Bizdə belə təcrübə olub, müəyyən hadisələr zamanı insanlar bu və ya digər tərəfi dəstəkləyə bilərlər, hakimiyyət, yaxud hansısa qüvvələr onlardan istifadə edə bilər”, – o vurğulayıb. Vətəndaşlar sentyabrın 8-dək qanun layihəsi ilə bağlı təkliflərini irəli sürə bilərlər.

Yeri gəlmişkən, keçmiş müdafiə naziri Vigen Sarkisyanın başlatdığı "Mənəm” və "Şərəfim var” orduya könüllü cəlb etmək layihələri də dayandırılıb. Əldə edilən məlumatlarda bildirilib ki, layihələrdən birində müəyyən problemlər ortaya çıxdığına görə Ermənistan Müdafiə Nazirliyi ya onu ləğv etmək, ya da prosedur qaydasında dəyişiklik etmək niyyətindədir. "Hraparak” nəşri yazır ki, "Ermənistan Müdafiə Nazirliyinə "problem nədir, nazirlik "Mənəm” və ya "Şərəfim var” layihələrindən imtina edir, yoxsa onları dəyişdirmək istəyir”, deyə sorğu göndərilmişdi. Nazirliyin informasiya şöbəsi
göndərilən cavab məktubunda verilən sorğulara tam cavab verməyib.


Azər NURİYEV