• cümə axşamı, 28 mart, 21:12
  • Baku Bakı 13°C

Paşinyanın Saakaşvili olmaq arzusu xülyadır

22.01.19 18:07 621
Paşinyanın Saakaşvili olmaq arzusu xülyadır
Nikol Paşinyanın Davos forumuna səfərinin əsl məramı üzə çıxır. Erməni baş nazirin sələflərindən heç də fərqlənmədiyi, illər uzunu həyata keçirilən siyasətə sadiq qaldığı bəlli olur. Söhbət, yumşaq desək, "dilənmə kampaniyası” siyasətinin davam etdirilməsindən gedir. Lakin gəlinən qənaət budur ki, N.Paşinyanın Davos forumu ərəfəsində ölkəsinin iqtisadi imkanlarının yüksək olduğu barədə mötəbər qurumun saytındakı cəfəng məqaləsi elə də ciddi reaksiya doğurmayıb. Məsələn, Rusiya mediası, konkret olaraq "Nezavisimaya qazeta” yazır ki, Paşinyan ölkəsində islahatlara start versə də, onun bu prosesi başa vuracağı qaranlıq görünür.
Söhbət nazirlik və dövlət qurumlarının sayının azaldılmasından gedir. Nəşr yazır ki, Paşinyan öz hərəkətlərinin əksəriyyətini praktiki olaraq sosial şəbəkədə - onlayn-konfrans vasitəsilə ictimaiyyətə çatdırır. Belə bir təsəvvür yaranır ki, Paşinyan vaxt udmağa çalışır. Məqalədə vurğulanır ki, erməni inqilabını çox vaxt gürcü inqilabı ilə eyniləşdirsələr də, əslində belə deyil. Ümumi olan əslində elə də çox deyil, sadəcə odur ki, hər iki ölkədə insanlar öz həyat şəraitlərinin yaxşılaşdırılmasına nail olmaq istəyirlər. Bu aspektdə olan müqayisə heç də erməni inqilabının xeyrinə deyil. M.Saakaşvili öz hakimiyyətinin ilk günlərindən əhəmiyyətli layihələrin reallaşdırılmasına qərar verdi. Xüsusən də, servis və infrastruktur sahəsində. Bu istiqamətə əsas olan o idi ki, onun pulu da var idi - Qərbin qrant və kreditləri, xüsusən də ABŞ-ın maliyyəsi ölkəyə sel kimi axırdı. Mixail Saakaşvili də bunu çox peşəkarcasına reklam edə bilirdi. Eyni zamanda büdcəni korrupsionerlərdən müsadirə etdiyi vəsaitlərlə doldura bilirdi. Paşinyanda isə bunlar yoxdur. Qərb hələ ki Rusiyanın strateji müttəfiqi kimi nəzərdən keçirdiyi ölkədəki prosesləri izləməklə kifayətlənir. Rusiyaya gəldikdə, Kreml bu ölkənin ünvanına xoş sözlər deməkdən vaz keçərək, qazın qiymətini qaldırmaq barədə erməniləri rəncidə salacaq qərar verib. Bu da onsuz da vəziyyətləri ağır olan erməniləri daha da çətin duruma salıb. Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı üzrə digər müttəfiqlər də loyal münasibətlərini ortaya qoyurlar. Son vaxtlar Yerevana səfərlərini artıran ərəb şeyxləri də ənənələrinə sadiq qalaraq pul yatırmaq məsələsində xeyli götür-qoy edirlər. "Nezavisimaya qazeta” yazır ki, bu planda Davos kimi mötəbər iqtisadi forumda iştirak Ermənistan üçün xilasedici dairə rolunu oynaya bilməz. Yəni bu ölkənin inqilabçı rəhbərliyinin investisiya əldə etmək, proqressiv layihələr həyata keçirmək, bütövlükdə iqtisadiyyatı dirçəltmək arzusu reallaşmaya bilər. Nəşr yazır ki, elə Paşinyanın forumun saytında yerləşdirilən məqaləsi də investisiya cəlbinə xidmət edir. Qəzetdə daha sonra Paşinyanın səsləndirdiyi populist fikirlər yer alır.
Ermənistanın keçmiş iqtidar partiyası – Respublikaçılar Partiyasının aparıcı funksionerlərindən biri olan Eduard Şarmazanov Paşinyanın planlarını faktlarla alt-üst edir. Onun qənaətincə, Paşinyan bir şeyi arzu edir, əməldə isə tamam başqa şey görünür: "Nikol Paşinyan iddia edir ki, parlament seçkiləri ölkənin demokratik nailiyyətlərini möhkəmləndirmiş oldu. O, yəqin yaddan çıxarıb ki, seçkilər zamanı rəqiblərini və fərqli düşünənləri "asfaltla sürəcəyi” barədə bəyanatlar səsləndirirdi. Nəticədə, Ermənistan ilk dəfədir ki, parlamentdə müxalifətsiz qalıb. Ölkə parlamentinin sədrinin seçilməsi bunun bariz nümunəsidir -131 səslə, yekdilliklə spiker seçdilər. Baş nazir, həmçinin "iqtisadi inqilab”dan dəm vurur. Hakimiyyət rəhbəri Avrasiya İqtisadi İttifaqı çərçivəsində imkanlardan danışır. Yaddan çıxarır ki, ilyarım bundan əvvəl məhz o qurumdan çıxmaq barədə təşəbbüslə çıxış etmişdi. Paşinyan Ermənistanda sənayeni inkişaf etdirmək istəyir. Lakin mədən sənayesini heç də prioritet xətt hesab etmir. Ola bilsin bunun arxasında Alaverdi misəritmə kombinatının bağlanması və 650 nəfərin işsiz qalması gizlənir. Nəticədə, biz növbəti dəfə ciddi iqtisadi proqram çıxışı ilə deyil, sadəcə sağlıq deyilməsi ilə üzləşirik”.
Öz növbəsində erməni politoloq Yervand Bozoyan jurnalistlərə müsahibəsində bildirib ki, Nikol Paşinyanın komandasının "məxməri inqilab” nəticəsində Qərbdən Ermənistana pul axını olacağı barədə ümidləri özünü doğrultmadı. Onun sözlərinə görə, "inqilab” eyforiyasından sonra Avropa İttifaqı ilə münasibətlərdə konkret addımlar müəyyən edilməli olduğu halda, bu sahədə heç bir real addım atılmayıb. Bozoyan Ermənistanda baş verən dəyişikliklərdən sonra Aİ və Rusiyanın gözləmə mövqeyində olduqlarını qeyd edib. "Onlar yeni hökumətin müxtəlif istiqamətlərdə - daxili və xarici siyasət, iqtisadiyyat, islahatlar və Dağlıq Qarabağ üzrə hansı addımlar atacağını başa düşməyə çalışırlar. Brüsselə gəldikdə, orada Avropa İttifaqı ilə Sazişin reallaşdırılması istiqamətində Yerevanın konkret təkliflərini gözləyirlər. Lakin Ermənistanda gedən daxili siyasi mübarizə nəticəsində bu barədə düşünən belə olmayıb. Bütün bu məsələlər üzrə heç bir iş görülməyib. Aİ-nin Şərq Tərəfdaşlığı proqramı üzrə öz planları var, lakin Ermənistanda bu məsələ tamamilə unudulub”, - deyə politoloq vurğulayıb. Erməni politoloq daha sonra deyib: "İlkin mərhələdə yeni hakimiyyətin üzvləri eyforiya yaşayırdı. Paşinyanın komandası əmin idi ki, "inqilab” öz-özlüyündə bir dəyərdir və Qərb buna görə dərhal Ermənistana pul verməlidir. Lakin ümidlər doğrulmadı və məlum oldu ki, inqilab həm müsbət, həm də mənfi nəticələrə səbəb ola biləcək dəyişiklikdir”.
Öz növbəsində Avrasiya ekspert klubunun üzvü Samvel Manukyan hesab edir ki, Ermənistanın prezident üsul-idarəsindən parlament sisteminə keçməsi ölkədə hakimiyyət institutuna olan inamı azaldıb: "Tədqiqatlar göstərib ki, erməni cəmiyyəti üçün ən əlverişlisi prezident üsul-idarəsidir”.
Son məlumatlara görə, fevral ayının əvvəllərində Nikol Paşinyan Moskvaya səfər etməyi planlaşdırır. Bunu baş nazir "Facebook” səhifəsindəki canlı yayımda bildirib. Paşinyan Avrasiya İqtisadi İttifaqında sədrliyin Ermənistana keçməsi münasibətilə Avrasiya iqtisadi komissiyasının ofisində çıxış etmək niyyətindədir. Səfər çərçivəsində Paşinyanın Rusiyanın rəsmi şəxsləri ilə görüşəcəyi də istisna edilmir. Görünür, o, Qərbdən istədiklərini ala bilmədiyi üçün yenə də üzünü Rusiyaya tutmalı olub.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər