Paşinyanın Putindən aldığı mesaj - TƏHLİL
Ermənistanla,
ümumiyyətlə, heç nəyi müzakirə etmirlər: sadəcə gözlənilən proseslər barədə
məlumat verirlər. Bu, sadə bir həqiqətdir. Əgər lazım bilsələr, informasiya ilə
təmin edəcəklər, zərurət görməsələr, onu da etməyəcəklər.
Ermənistanın
baş naziri Nikol Paşinyan belə getsə, Moskvaya qısa zaman ərzində ən çox səfər
edən əcnəbi lider kimi tarixə düşəcək. Nəzərə alsaq ki, bir neçə gündən sonra
yenə Rusiyaya səfər edəcək, o zaman Nikolun bu statusu qazanmaq şansı artır.
Müxalifətdə olarkən erməni prezidentlərini Rusiyanın vassalına çevrilməkdə
ittiham edən baş nazir indi az qala Moskvanın yolunu "su yolu”na çevirib. 44
günlük İkinci Qarabağ Müharibəsi əvvəlki rusofob Nikolu tamam dəyişib. Rus
politoloqlardan birinin çox maraqlı formada ifadə etdiyi kimi, bu səfərin baş
tutması ilə indi Yerevanda bayramdır. Axı onların lideri Moskvada qəbul edilib.
Kimin üçün "məhsuldar”, kimin üçünsə…
Hər iki tərəf səfərlə bağlı
sadəcə "məhsuldar görüş keçdi və ikitərəfli münasibətlər müzakirə olundu”
deməklə kifayətləndilər. Lakin şübhəsiz ki, danışıqlarda əsas müzakirə mövzusu
Qarabağ məsələsi, güzəştli qaz və s. olub. Erməni mediasında dərc olunan
materiallarda birmənalı olaraq Ermənistanın sülh razılaşmasına hazırlanmasının
diqqət mərkəzində olduğu vurğulanır. Məsələn, Ermənistanın İslahatçılar Partiyasının sədri Vahan
Babayan deyir ki, Moskvada çox cəld
şəkildə Paşinyanı imzalanmalı olanı imzalamağa məcbur ediblər. Onun
sözlərinə görə, Ermənistanın bugünkü fəaliyyəti müharibəyə yenidən başlamağa
əsaslanmamalıdır. Erməni politoloq Ervand
Bozoyan isə Putin-Paşinyan görüşünü şərh edərkən deyib ki, Vladimir Putinin Nikol Paşinyanla əsas müzakirə
mövzusu üçtərəfli bəyanatların icrası, demarkasiya və delimitasiya məsələləri,
o cümlədən Türkiyənin təklif etdiyi "3+3” formatıdır. Bozoyan
bildirib ki, sülh sazişinin görüşdə müzakirə edildiyini düşünmür: "Hazırda
çoxsaylı çətin suallar var və onların həlli üçün zaman lazımdır. Əsas
demarkasiya və delimitasiya, kommunikasiyaların açılması və Qarabağın
"statusu”dur”.
"Paşinyan siqnal aldı - Zəngəzur dəhlizi...”
"Kremldəki danışıqlar zamanı Paşinyan Putindən Zəngəzur nəqliyyat
dəhlizinin ən qısa müddətdə açılmasının lazım olduğuna dair açıq bir siqnal
aldı", - deyə rusiyalı politoloq İqor Korotçenko özünün telegram kanalında
yazıb. O, Paşinyanın Moskva səfərini şərh edərkən "Bu gün ermənilərin
bayramıdır,
Paşinyan Moskvaya gəldi” yazıb. Onun sözlərinə görə, Rusiya ilə dost olmaq
istəyən Ermənistan ondan güzəştli qaz almaq istəyir. Axı qarşıdan qış gəlir və
ermənilərin yalnız odunu var, resursu yoxdur. Və qaz da kasıb erməniləri
qızdıracaq.
"Bu, sadə bir
həqiqətdir”
"Ermənistanla, ümumiyyətlə, heç nəyi müzakirə
etmirlər: sadəcə gözlənilən proseslər barədə məlumat verirlər”. Bu sözlər isə
Putin-Paşinyan görüşünü şərh edən siyasi texnoloq Karen Koçaryana məxsusdur.
Onun qənaətincə, Paşinyanı Moskvaya çağırmaqda da məqsəd, sadəcə, onu
məlumatlandırmaqdır. "Bu, sadə bir həqiqətdir. Əgər lazım bilsələr, informasiya
ilə təmin edəcəklər, zərurət görməsələr, etməyəcəklər”.
Silahı
pulsuz istəyəcək
Pandemiya Ermənistan iqtisadiyyatına ciddi zərbə vurdu.
Açıqlanmasa da, görüşün əsas mövzularından biri qaz qiymətləri olub. "Qazprom" üçün
Ermənistan bazarı prinsipial deyil. O, çox kiçikdir. O ki qaldı Rusiyadan silah
alınması məsələsinə - ekspertlər hesab edir ki, Rusiyanın Ermənistana silah
ixracı ilə bağlı iki problemi var.
Azərbaycanla baş tutan münaqişə göstərdi ki, ermənilər zəif döyüşçüdür və
Rusiya silahı onların əlində antireklama çevrilir. Ən əsası odur ki, erməni
xəzinəsində pul yoxdur. Yəni İrəvan Moskvadan silahı pulsuz istəyəcək.
Sülh razılaşmasında 3 bənd?
Ermənistanın "Qolos Armenii” nəşri isə maraqlı bir məsələyə toxunub.
Qəzetə açıqlamasında Fransanın Ermənistana yeni təyin olunan səfiri Ann Lyuo
bildirib ki, Fransa Rusiya və ABŞ-la birlikdə Qarabağla bağlı uzunmüddətli
saziş üzərində iş aparır. "Bəli, bu faktdır ki, 44 günlük müharibə regionda
qüvvələr balansını dəyişib. Qarabağ məsələsində həm erməni baş nazir, həm də
prezident İlham Əliyevin ümumi məqsədi var - bu məsələyə son qoymaq. Düzdür,
hər iki lider bu məsələnin həllini fərqli görsələr də, hədəf birdir. Həmsədrlər
də, ola bilsin, mövqeləri yaxınlaşdırsınlar”. Fransız səfir sülh razılaşmasında üç bəndin
olacağını mümkün sayır. Birincisi, tərəflər ərazi bütövlüyünü tanıyır, beynəlxalq
kommunikasiyaların açılmasına razılaşır. Ardınca da sərhədlərin delimitasiya və
demarkasiya prosesinə başlanılır. Və bu zaman hər iki dövlət SSRİ dağılan zaman
qüvvədə olmuş inzibati bölgünü əsas götürəcəklər.
Paşinyan parlamentə deyəcək ki...
N.Paşinyan da bunu parlamentə təqdim edəndə
bildirəcək ki, razılaşmaya məcbur qalaraq imza atıb. Belə ki, ondan əvvəlki
hakimiyyət 2010-cu ildə "İnzibati bölgü haqqında” qanunu qəbul edib. İkinci
bənd təhlükəsizlik bölgəsində yaşayan insanların hüquqlar ilə bağlı ola bilər.
Bu məsələnin həlli üçün isə Minsk qrupunun himayəsi altında ikitərəfli
komissiya yaradılır. Paşinyanın buna da sözü var. 1999-cu ildə Robert Koçaryan
ATƏT-in Budapeşt
sammitində qəbul edilən sənədə imza atıb.
Üçüncü məsələ Rusiya sülhməramlı kontingentinin mandatı ilə bağlı olacaq.
Bunu da qanunverici orqana təqdim edərkən Paşinyan 1996-ci ildə qəbul edilmiş
Rusiya ilə Ermənistan arasındakı dostluq və strateji əməkdaşlığa söykənəcək.
Beləliklə, böyük ehtimalla, məsələyə yaxın vaxtlarda aydınlıq gələcək.
Güman etmək olar ki, Paşinyan ölkəsi üçün çıxış yolunun olduğunu anlayıb və bu
yol da mövcud reallıqla barışmaqdır.
Azər NURİYEV