AZE | RUS | ENG |

Paşinyanın partiyasında daxili gərginlik artır

Paşinyanın partiyasında daxili gərginlik artır
Ermənistanın dövlət borcu müstəqillik tarixində ilk dəfə 7 milyard dollara yaxınlaşıb

Ermənistanda mövcud hakimiyyət daxilində narazılıq və gərginliklərin artacağı barədə proqnozlar özünü doğruldur. Erməni mediasının yaydığı xəbərlərə görə, baş nazir Nikol Paşinyanın lideri olduğu Vətəndaş Müqaviləsi Partiyası daxilində gərginlik artır. Bu iddia ilə "Jamanak” qəzeti çıxış edib. "Abovyandakı mer seçkisində partiyasının uduzmasından sonra çıxış edən Nikol Paşinyan bu seçkidə inqilab və demokratiyanın qələbə qazandığını açıqladı. Bizim mənbələrimizin verdiyi məlumata görə, Vətəndaş Müqaviləsi Partiyasının daxilində Paşinyanın dediyi demokratiya və onun nəticələri barədə sözlər böyük narazılıq yaranır. Partiya üzvləri hesab edirlər ki, Ermənistan hələ demokratiyaya hazır deyil və indi ölkəni klan sistemindən azad edəcək güclü əl lazımdır, əks təqdirdə mövcud sistem çox sürətli şəkildə demokratiya və inqilabı yox edəcək”, – deyə məqalədə bildirilib. Öz növbəsində "İrates” qəzeti isə yazır ki, baş nazirə dəstək verən "Mənim addımım” blokunda da vəziyyət gərgindir. Xüsusən də Paşinyanın məhkəmələri bloklamasından, konstitusiyalı sistemi pozmasından sonra çox mürəkkəb vəziyyət yaranıb. Bloku ən çox narahat edən məsələlərdən biri də eks-prezident Robert Koçaryanın yenidən güc toplamasıdır. Qəzet yazır ki, "sanki onlarda heyvani qorxu yaranıb. Əgər geri dönərsə, bizim halımız necə olacaq” - deyə məqalə müəllifi yazır.
"Lusavar Ayastan” (Maarifçi Ermənistan) Partiyasının lideri Edmon Marukyan isə diqqəti ölkədəki istefalara yönəldir. Hesab edir ki, ədliyyə naziri Edmon Marukyanın vəzifəsindən getməsinə səbəb hökumət daxilindəki fikir ayrılıqları olub. "Mən hesab edirəm ki, Zeynalyanın istefası ərəfəsində hökumət daxilində ciddi fikir ayrılıqları olub. Bu qənaətdəyəm ki, əgər sən hökumətin hansısa bir siyasəti ilə razı deyilsənsə, onda vəzifəni tərk etməlisən. Belə vəziyyət uzun müddət davam edə bilməz”, - deyə partiya sədri "Azatyutyun” TV-nin efirində gedən "Feysbuk” mətbuat-konfransında bildirib. Fikir ayrılıqlarının nədən ibarət olduğu barədə sualı cavablandıran Manukyan bildirib ki, "onlar kifayət qədər olub. Bunlar məhkəmə-hüquq islahatları və s. məsələlər ətrafındadır. Bu mənada hesab edirəm ki, Zeynalyan əvvəldən qərar qəbul etməli və istefa verməli idi. Əgər sənlə işləmək istəmirlərsə, niyə qalırsan? Məsələn, məhkəmə zallarının qapılarının bağlanması barədə bəyanat və hərəkətlərdən sonra istefa verməli idi. Mənim bildiyimə görə, o, belə bir addımı qəbul etmir və razılaşmırdı”. Yeri gəlmişkən, yeni ədliyyə nazirinin kim olacağı da hələ aydın deyil. Bəziləri mümkün namizədlər sırasında keçmiş ombudsman Karen Andreasyan və keçmiş hərbi prokuror, baş prokurorun keçmiş müavini Qaqik Canqiryanın adlarını çəkirlər. Lakin hər ikisi nazir postuna təyin olunacaqları barədə informasiyanı hələ ki, təkzib ediblər.
Ölkənin iqtisadi durumunun də ağırlaşdığı barədə informasiyalar səngimir. "Sputnik Ermənistan” Ermənistanın dövlət borcunun 2019-cu ildə artacağı barədə məlumat yayıb. Sayt 2019-cu ildə İrəvanın 490 milyon dollar xarici kredit götürəcəyini bildirib. Bu kreditlərin təxminən 40%-i Rusiyanın payına düşəcək. Götürülən kreditin böyük hissəsi Metsamor AES-in təmirinə xərclənəcək. Digər vəsait isə Moskvanın verdiyi üçüncü hərbi kreditdir.
Rusiya ilə bərabər Dünya Bankı, Asiya Bankı, Avropa İnvestisiya Bankı, Almaniyanın KfW bankı, Fransa İnkişaf Agentliyi də Yerevana kredit verəcək. Bu kreditlərin böyük hissəsi müxtəlif layihələrin, o cümlədən "Şimal-Cənub” yol layihəsinin hazırlanmasına xərclənəcək. Karen Karapetyanın dövründə kreditlərin yalnız layihələr üçün ayrılmasını nəzərdə tutan qərar qəbul edilsə də, İrəvan bu il də qəbul etdiyi qanuna əməl etməyəcək. Belə ki, bu il də İrəvan ümumi büdcənin dəstəklənməsi üçün kreditlər almağa davam edəcək.
Ermənistanın cari ildə alacağı kreditlərin hamısı heç də yeni kreditlər olmayacaq. Belə ki, onların böyük hissəsini davam edən mövcud kredit proqramları təşkil edəcək. Yeni kreditlər isə büdcənin dəstəklənməsi üçün götürülən borclar olacaq. Belə ki, 150 milyon dollar büdcənin dəstəklənməsi üçün götürüləcək. Götürdüyü 490 milyon dollarlıq krediti isə Yerevan 740 milyon dollar olaraq geri qaytarmalıdır. Qeyd edək ki, 2018-ci ilin nəticələrinə görə, İrəvanın dövlət borcu 6,923 milyard dollardır. Bu, indiyə qədər qeydə alınan ən böyük borc göstəricisidir. Hətta iş o yerə çatıb ki, ölkəyə iş adamları belə investisiya yatırmaq istəmirlər. Öz növbəsində Rusiyanın erməni əsilli iş adamları da Ermənistan iqtisadiyyatına sərmayə qoymaqdan qorxurlar. Bunu "Jamanak” yazıb. "Rusiyanın erməni əsilli iş adamları Ermənistana sərmayə qoymağa qarşı deyillər. Ancaq bunun Rusiya hakimiyyəti ilə münasibətlərə təsir etməyəcəyinə əmin olmaq istəyirlər. Sadəcə, erməni əsilli rusiyalı iş adamları Rusiya və Ermənistan hakimiyyətləri arasındakı gərginlikdən xəbərdardırlar. Ona görə də Ermənistana sərmayə qoyandan sonra Rusiyadakı əmlaklarına təhlükə yaranmayacağına əmin deyillər”, - qəzet vurğulayıb. Qeyd edək ki, Ermənistanın baş naziri N.Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində bu il iyunun 6-8-də keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində rusiyalı erməni əsilli iş adamlarını ölkəsinə sərmayə qoymağa çağırmışdı. 
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892