AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Paşinyanın hitlerçi babası” qalmaqalı səngimir

“Paşinyanın hitlerçi babası” qalmaqalı səngimir

Təfsilat
19 May 2020, 15:25 389
Rusiya nəşri Nikolun, babasını təmizə çıxarmaq cəhdlərini pisləyir
 
Faşizm üzərində Qələbənin 75 illiyi ərəfəsində müharibədə döyüşən ermənilər barədə danışan Ermənistanın baş naziri Nikol Paşinyan, babasının da adını çəkməklə qalmaqal yaratmış olub. Həmin açıqlamadan dərhal sonra Rusiya mediası Nikol Paşinyanın babasının heç də Qırmızı Ordu sıralarında döyüşmədiyini, əksinə Vermaxtın (faşist ordusu) tərkibində onlara qarşı döyüşdüyünü yazıb. Bu informasiya iki həftəyə yaxın Rusiya, Ermənistan mediasında tirajlansa da, rəsmi Yerevan buna hər hansı bir reaksiya sərgiləmədi. Yalnız üstündən bir müddət sonra Ermənistan baş nazirinin mətbuat xidmətinin rəhbəri Mane Gevorkyan Rusiya internet-nəşrlərinin Paşinyanın babasının Vermaxtın tərkibində sovetlərə qarşı döyüşməsi barədə dərc etdikləri informasiyaları yalan adlandırıb. Hökumət rəsmisi təəssüf hissi ilə Rusiya kütləvi informasiya vasitələrinin belə bir xəbər yaydıqlarını bildirib. Onun sözlərinə görə, belə xəbərlər məqsədli şəkildə müəyyən dairələr tərəfindən, sırf siyasi məqsədlər üçün yayılır. 

Lakin erməni tərəfinin irad və iddialarına baxmayaraq, Rusiya mediasında bu mövzu diqqət mərkəzindədir. Qonşu ölkənin nüfuzlu "Politnaviqator” nəşri "Paşinyan hitlerçi babası ilə bağlı qalmaqaldan çıxa bilmir” başlıqlı məqalə hazırlayıb. Müəllif yazır ki, baş nazir Qələbə günü ərəfəsində babasının şəklini paylaşaraq belə bir şərh yazdı: "Nikol Paşinyan, 1913-1943. 554-cü atıcı alayında və 128 atıcı diviziyasında döyüşüb”. Lakin üstündən az sonra onun paylaşımının altında belə bir şərhlər yayıldı ki, baş nazirin babası satqın olub, faşist əlaltısı Qaregin Njdenin erməni legionunda və Şərq cəbhəsində döyüşüb. Paşinyanın tərəfdarları dərhal bu xəbəri zərərsizləşdirməyə çalışaraq xəbərin mənbəyinin Azərbaycan saytları olduğunu israr etməyə çalışıblar. Lakin sonradan bəlli olur ki, bu heç də belə deyil. Xəbərin ilkin mənbəyi ermənilərə məxsus "iravunk.com” saytı olub. Məhz həmin saytda "Düşmənlə əməkdaşlıq edib və həlak olub” başlıqlı yazı dərc edilib. Məqalədə daha sonra bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin "Memorial” cəmiyyəti tərəfindən yaradılan www.obd-memorial.ru saytında Böyük Vətən Müharibəsi zamanı həlak olan sovet vətəndaşlarının siyahısında Nikol Vartanoviç Paşinyan barədə məlumat var. Paşinyanın babasının satqınlığını sübut edən foto da var və orada onun SS dəstəsində döyüşdüyü bəlli olur. Nikol Paşinyanın babasının müharibə zamanı könüllü şəkildə nasistlərin xidmətinə keçdiyi bildirilir. Baş nazirin babası müharibə zamanı itkin düşmüş hesab edilsə də, sonradan onun könüllü şəkildə nasistlərə xidmət etdiyi bəlli olur. O, 1943-cü il sentyabrın 29-da Qərbi Ukraynada öldürülüb. Nikolun babasının təmizə çıxarılması və imicinin bərpa olunmasına Ermənistan Müdafiə Nazirliyi də aktiv şəkildə qoşulur və bildirilir ki, o vaxt cəbhəyə Yenokovan kəndindən iki Nikol yola düşüb.
 
Onlardan biri Qırmızı Orduda döyüşüb, digəri isə SS-də xidmət edib - yəni satqın odur, Nikolun babası yox. İcevan hərbi komissarlığı isə Moskvadan ünvanlanan sorğru ilə bağlı belə bir sənəd yayıb ki, Yenokovan kəndində yalnız Paşinyan Nikolay Vartanoviç yaşayıb. Bundan da belə çıxır ki, Ermənistan liderinin babası Qaregin Njdenin legionunda döyüşüb. Qalmaqal ajiotajlı olub, belə ki, Paşinyan, tabeliyində olanlar vasitəsilə yalan deməyə və özünü təmizə çıxarmağa çalışıb. Rusiya nəşri yazır ki, Nikol Paşinyan babasının necə bir "qəhrəman” olduğunu gözəl bilir: "Bunu sübut edən, onun "Ermənistanın milli qəhrəmanı” Qaregin Njdeni MDB sammitində müdafiə etməsidir. Həmin sammitdə Paşinyan prezident İlham Əliyevin Njde ilə bağlı səsləndirdiyi iradlara, onun Ermənistanda qəhrəmanlaşdırılması cəhdləri ilə bağlı tənqidlərinə baxmayaraq, hər vəchlə onu müdafiə etməyə çalışıb”. Məqalədə başqa bir məsələyə də toxunulur. Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın yeni rəhbərliyinin Njdenin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı çıxması barədə polemikalarda Paşinyan Njdeni Qırmızı Ordu marşalı Baqramyanla eyniləşdirib. Eyni zamanda sovet XİN rəhbəri V.Molotovun Hitler və Ribbentropla görüşdüyü qabardılıb. Yəni Njdeni təmizə çıxarmağa çalışıb. Rusiya nəşri Paşinyanı axmaq adlandıraraq, diplomatın funksiyalarını anlamamaqda günahlandırır. Eyni zamanda şəxsən Adolf Hitlerə sədaqət andı içən şəxslə diplomat arasında fərq görməməkdə ittiham edir.

Məqalənin sonunda bildirilir ki, Stalinin müəyyən etdiyi formula görə, oğul atanın, nəvə babasının hərəkətlərinə görə məsuliyyət daşımır: "Lakin Vovaeviç (Nikol Paşinyan) bütün hərəkətləri ilə sübut etməyə çalışır ki, çürük alma çürük almadan elə də uzaq düşməyib - tam şəkildə babasına çəkib”.

Daha sonra erməni nasist əlaltısı Njde barəsində ətraflı məlumat verilir. Bildirilir ki, Njde İranda, Rusiya ərazisində terror aktlarının törədilməsində iştirak edib. Çarizm orqanları onu həbs edib. Həbsxanadan buraxıldıqdan sonra 1912-ci ildə Balkan müharibələri başlayanda isə yenidən Bolqarıstana gedib və erməni silahlı dəstələrinin, terror qruplarının qurulmasında iştirak edib. Birinci Dünya müharibəsi illərində Qafqaz cəbhəsində terrorçu, "Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın başçılıq etdiyi erməni silahlı dəstələrinin birində onun müavini olub. Şərqi Anadoluda, rus Qafqaz cəbhəsi dağıldıqdan sonra isə Cənubi Qafqazda mülki əhalinin kütləvi şəkildə öldürülməsində ad çıxarıb. Azərbaycan torpaqlarında Ararat Respublikası – Daşnak Ermənistanı qurulduqdan sonra Njde azərbaycanlı əhalinin soyqırımında qanlı rol oynayıb. Vedibasarda, Zəngəzurda mülki əhalinin məhv edilməsi ilə tanınıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Bolqarıstana qaçıb. İkinci Dünya müharibəsi başladıqda isə nasistlərlə yaxından əməkdaşlıq edib. Erməni hərbi əsirlər qarşısında çıxışlar edərək, onları rusları öldürməyə, sovet hakimiyyətini devirməyə səsləyib. Anti-hitlerçi koalisiya müharibədə qalib gəldiyi zaman Njde Bolqarıstanda olub. Sovet xüsusi xidmət orqanları onu həbs edərək SSRİ-yə gətiriblər. Məhkəmə qərarı ilə həbsxanaya atılıb. Vərəm xəstəliyindən ölüb. 2016-cı ildə isə faşist əlaltısına Yerevanın mərkəzində heykəl ucaldılıb.
 
Azər NURİYEV