• şənbə, 20 Aprel, 16:05
  • Baku Bakı 23°C

Paşinyanın günahı - TƏHLİL

20.11.21 12:15 528
Paşinyanın günahı - TƏHLİL
Qabil Hüseynli: "O, bu yolla Azərbaycan və Rusiya prezidentləri ilə üçtərəfli görüşün keçirilməsi ərəfəsində Ermənistanın, daha doğrusu, özünün əlini gücləndirmək niyyəti güdüb. Lokal xarakterli olsa da, Azərbaycan üzərində hər hansı hərbi uğur qazanmaq istəyib”.
Bir neçə gün bundan öncə Ermənistan silahlı birləşmələri Azərbaycanla sərhəddə növbəti hərbi təxribat törətdi. Laçın və Kəlbəcər istiqamətində baş verən insidentdə 7 hərbçimiz şəhid olub, 10-u yaralanıb. Mövqelərimizə soxulmağa çalışan ermənilər bundan 3-4 dəfə çox itki verib, xeyli əsgərləri isə əsir düşüb. Azərbaycan Ordusunun güclü müqaviməti və əks-həmləsi ilə qarşılaşan düşmən çox sayda silah-sursat, bir neçə hərbi texnika da itirərək, 2 strateji yüksəkliyi əldən verərək geri çəkilmək məcburiyyətində qalıb. Azərbaycan, Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin iştirakı ilə yeni üçtərəfli görüşün planlaşdırıldığı vaxtda belə bir təxribatın törədilməsi nəyə xidmət edir? Ermənistan bununla nəyə nail olmaq istəyir?


Dərin xaos, hakimiyyət böhranı

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə şərh edən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib ki, Ermənistan-Azərbaycan sərhədindəki son insident erməni xislətindən irəli gələn hadisədir. Onun sözlərinə görə, başqa ölkənin torpaqlarını işğal etmiş, sonradan həmin ərazidən güc yolu ilə çıxarılmış, müharibədə məğlub olmuş ermənilər revanşizmə qapılıblar: "Ermənistanda bir sıra siyasətçilər cəmiyyəti revanşizmə kökləməyə çalışırlar. Onlar öz torpaqlarını azad etmiş Azərbaycana kin-küdurət bəsləyirlər. Belə xislət, bu cür xasiyyət ermənilərdən başqa heç bir millətə xas deyil. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, Ermənistan cəmiyyətindəki mövcud əhval-ruhiyyə dərin bir xaosa, hakimiyyət böhranına yol açıb. Siyasi müxalifətin irqçi, millətçi nümayəndələri cəmiyyəti revanşizmə kökləməklə Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyirlər. Onlar bu yolla baş nazir Nikol Paşinyanı küncə sıxırlar”.


Bədnam, beynəlxalq hüquqa zidd addımlar

Politoloq söyləyib ki, bir neçə gün bundan öncə sərhəddə yaşanan hərbi təxribat bilavasitə baş nazir Nikol Paşinyanın günahıdır: "O, bu yolla Azərbaycan və Rusiya prezidentləri ilə üçtərəfli görüşün keçirilməsi ərəfəsində Ermənistanın, daha doğrusu, özünün əlini gücləndirmək niyyəti güdüb. Lokal xarakterli olsa da, Azərbaycan üzərində hər hansı hərbi uğur qazanmaq istəyib. Lakin o, məqsədinə çata bilmədi və bilməyəcək. Bu hərbi-siyasi təxribatın baş verməsinə əsas səbəblərdən biri də, bəzi böyük dövlətlərin Ermənistanı bədnam, beynəlxalq hüquqa zidd addımlar atmağa ruhlandırmasıdır. Buraya Rusiyanı, onun sülhməramlı qüvvələrini də aid etmək olar. Onlar Ermənistanın hərbi avantüralarının qarşısını almaq üçün heç bir əməli tədbir görmürlər. Sərhəddə yaşananlarla bağlı Fransa və Rusiya prezidentləri arasında telefon danışığı olub, məsləhətləşmə aparılıb. Avropa İttifaqı Şurasının Prezidenti, milliyyəti fransız olan, Ermənistana böyük miqdarda maliyyə yardımı ayrılmasında xüsusi rolu olan Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla telefon danışığı aparıb. Demək olar ki, xristian dünyasının aparıcı ölkələri bu məsələ ilə əlaqədar haray-həşir qoparıb, Azərbaycanın suveren addımında hər hansı nöqsan axtarmağa, ölkəmiz əleyhinə yanlış ictimai rəy formalaşdırmağa çalışıblar. Xaricdən Azərbaycana edilən bu kimi təzyiqlər açıq-aşkar görünür və ikili standartlar ürək bulandırır. İndi təsəvvür edin ki, pərdə arxasında hansı oyunlar gedir, nə məqsədlər güdülür. Belə olan halda, hansı beynəlxalq münasibətlərdən, hüquqdan, hansı öhdəliklərin yerinə yetirilməsindən söhbət gedə bilər? Olduqca biabırçı vəziyyətdir”.


Regionda əbədi sülhün bərqərar olması

Q.Hüseynli vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq 27 illik işğala son qoyub, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edib: "Biz yeni müharibə istəmirik, atəşkəsin daimi olmasında, sərhədlərin delimitasiya və demarkasiyasında maraqlıyıq. Amma Ermənistan buna getmir, Azərbaycanla sərhəddə təxribatlar törədir, atəşkəsi məqsədli şəkildə pozur, özünün də üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), dolayısı ilə Rusiyanı münaqişəyə cəlb etmək istəyir. Ermənistan belə təxribatlar törətməklə Azərbaycanla Rusiyanı baş-başa qoymaq niyyəti güdür, böyük qüvvələrin iştirakı ilə Azərbaycana qarşı hərbi əməliyyatın başlanmasına çalışır. Şübhəsiz, Ermənistan heç bir halda bu arzusuna çatmayacaq. Azərbaycanla Ermənistan arasında həll olunmamış məsələlərə üçüncü və ya dördüncü dövlət ermənilər tərəfdən müdaxilə edərsə, qarşısında Türkiyə, Pakistan və digər strateji tərəfdaşlarımızı görəcək. Belə reallıqlar fonunda, inanmıram ki, ermənilərin avantüralarına kimsə baş qoşsun. Biz regionda əbədi sülhün bərqərar olmasının tərəfdarıyıq. Ona görə də Rusiyanın moderatorluğu ilə üçtərəfli yeni görüşün keçirilməsinə çalışacağıq”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər