Paşinyanın çin olmayan arzusu - TƏHLİL

Ermənistanın Baş
naziri üç ildir Gürcüstanla ticarət dövriyyəsini 1 milyard dollara qaldıra
bilmir. O, gürcülərlə ermənilərin dostluğundan və tarixi ənənədən də dəm vurur.
İl ərzində
dördüncü dəfə Gürcüstana gedən Ermənistanın Baş naziri Nikol Paşinyanın bu səfəri
əvvəlkilərdən bir qədər fərqlənib. Prezident İlham Əliyevlə Moskva və Brüsseldə
aparılan danışıqlar, eləcə də, Türkiyə ilə Ermənistan arasında münasibətlərin
normallaşması ərəfəsində baş tutan qəfil və təcili görüşü çoxları "kritik”
adlandırır. Gürcüstan və erməni mediasında ekspertlər bu səfəri Tbilisini "3+3”
(Azərbaycan, Gürcüstan, İran, Rusiya, Türkiyə, Ermənistan) formatına razı
salmaq, yeni nəqliyyat marşrutlarının açılması ilə bağlı müzakirə aparmaq cəhdi
kimi qələmə verir. Ciddi problem həm də odur ki, iki ölkə arasında ticarət
münasibətləri ən aşağı həddə düşüb və Paşinyan da çıxış yolu axtarır.
1 milyard dollarlıq
ticarət xəyal olaraq qalır
Nikol
Paşinyanın gürcü həmkarı İrakli Qaribaşvili ilə danışıqlarına gəldikdə, erməni
baş nazir iddia edib ki, iki ölkə arasında münasibətlərdə heç vaxt indiki kimi
dinamika olmayıb. Əlavə edib ki, iqtisadi və siyasi münasibətlərin ənənəvi
yüksək səviyyəsini daha da institutsionallaşdırmalıyıq. Ən əsası Paşinyan iki
ölkə arasında ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı prioritet elan
edib. Maraqlıdır ki, Nikol Paşinyan bu rəqəmi hələ 2019-cu ildə həyata
keçirməyi elan etmişdi. Lakin bu iki il ərzində iqtisadi əməkdaşlıqda heç bir
yenilik baş verməyib. Baş nazir yenə də bu məsələni ortaya atıb və ambisioz
hədəf müəyyən edib. Bildirib ki, 2026-cı ilə qədər ticarət dövriyyəsini 1 milyard
dollara çatdırmaq qərara alınıb. Hədəfə çata bilmədiklərinin günahını isə
koronavirusın üstünə yıxıb. Nikol Paşinyan bəyan edib ki, 1 milyard dollarlıq
ticarət dövriyyəsi çox mühüm və iddialı vəzifədir, onun həlli üçün ciddi səylər
göstərməliyik: "Düzdür, bu ilin 10 ayında qarşılıqlı ticarətin göstəricisi
əvvəlki üç ilin göstəricilərini ötüb, lakin biz hələ də 1 milyard dollar
həddindən çox uzağıq və bu istiqamətdə ciddi işləməliyik”. Beləliklə, görünən
odur ki, ikitərəfli ticarət münasibətləri həddən artıq aşağıdır və Nikol
Paşinyan da çıxış yolunu kommunikasiya xətlərinin açılmasında görür.
Qardaşlıq, yoxsa separatizm?
Danışıqlar
zamanı ən maraqlı nüanslardan biri Nikol Paşinyanın tarixi erməni-gürcü
dostluğundan dəm vurmasıdır. Nədənsə Nikol soydaşlarının illər uzunu
separatizmlə məşğul olmasından, gürcü torpaqlarının işğalında oynadıqları roldan
danışmaq istəməyib. Problemlər son 30 il ərzində mütəmadi yaşanıb. Nikol
"xalqlarımızı əsrlər boyu qardaşlıq telləri birləşdirib, bu, təkcə rəsmi
dövlətimiz səviyyəsində deyil, həm də insani münasibətlər müstəvisində ifadə
olunur. Ciddi insani, şəxsi, qarşılıqlı etimad var və biz bu inam və hörməti
dəyərləndirməliyik” deməkdən də çəkinməyib. "Xüsusi vurğulamaq istəyirəm
ki, Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün ən
mühüm ilkin şərtlərdən biri xalqlarımızın tarixi qardaşlığına əsaslanan
qarşılıqlı etimaddır (xalqlarımızın etimadıdır). Rəsmi protokoldan bir qədər
yayınaraq, münasibətimizin şəxsi və emosional tərəfini vurğulamalıyam. Və bu, təkcə
mənim baş nazir Qaribaşvili ilə münasibətlərimə deyil, həm də hökumətlərimizin
bir çox üzvlərinin münasibətlərinə aiddir", - deyə Paşinyan iddia edib.
Paşinyanın planı reallaşacaq?
Nikolun ən mühüm
açıqlamalarından biri Azərbaycanla avtomobil əlaqəsinin bərpasına dair
razılaşmanın əldə olunması ilə bağlıdır.
"Və biz artıq Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsinin
bərpası ilə bağlı prinsipial razılığa gəlmişik. Söhbət
Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından gedir. Dəmir
yolunun bərpasını 2-3 il ərzində yekunlaşdıracağımıza ümid edirik”, - Paşinyan
bildirib. Onun Gürcüstanda Azərbaycanla Ermənistan arasında
avtomobil yolunun işə salınmasından danışması da maraq doğurur. Diqqətçəkən
məqam isə baş nazirin Şimal-Cənub yolunun Ermənistan-İran sərhədindən
Gürcüstan-Ermənistan sərhədinə qədər olan hissəsi ilə bağlı söylədikləridir.
Nikolun mülahizələrinə görə, Azərbaycanla avtomobil nəqliyyatı əlaqəsi barədə
razılaşmanın mümkün olacağı təqdirdə, bu layihə, yəni Şimal-Cənub yolu
Şimal-Cənub-Şərq-Qərb marşrutuna çevriləcək.
"Vestnik Kavkaza”nın baş redaktoru Andrey Petrovun qeyd etdiyi kimi,
Nikol Paşinyanın "Şərq-Qərb” adlandırdığı marşrut Zəngəzur nəqliyyat
dəhlizidir. "Nikol Paşinyanın Brüsseldən sonra verdiyi bütün bəyanatlara
əsasən, hakimiyyət Ermənistan cəmiyyətini Azərbaycanla nəqliyyat
kommunikasiyalarının açılmasına ciddi hazırlamağa başlayıb. Hətta bu
kommunikasiyaların müəyyən brendinqi var: Zəngəzur nəqliyyat dəhlizinin yolu.
Bunun vasitəsilə Ermənistan bir tərəfdən Xəzər sahillərinə və Rusiyaya, digər
tərəfdən isə İrana çıxış əldə edəcək", - deyə o bildirib.
Gürcüstanın 3+3 platformasında iştirakına çalışır?
Bəzi ekspertlər hesab edir ki, Nikol
Paşinyan qapalı görüşlərdə rəsmi Tbilisinin
"3+3” platformasına mövqeyini də öyrənmək istəyib. Gürcüstan bəlli səbəblərə
görə platformanın Moskvadakı ilk iclasında iştirak etməyib. Növbəti iclas
Ankarada keçiriləcək və türkiyəli rəsmilər çalışırlar ki, budəfəki toplantıda
Gürcüstan təmsil olunsun. Politoloqların fikrincə, Nikol Paşinyan Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü əməkdaşlıq platformasının
əleyhinə deyil. O, Türkiyə ilə əməkdaşlıq etmək istəyir. Həm də yeni
platformanı Ermənistanın iki tərəfdaşı – Rusiya və İran dəstəkləyib. Ancaq
Gürcüstanın platformada iştirak etməməsi Paşinyanın Ermənistan daxilində
mövqeyini zəiflədir. Erməni müxalifəti onu Türkiyə və Azərbaycana satılmaqda
ittiham edir. Paşinyan da platformada Gürcüstanın olmasını istəyir ki, tək
qalmasın. Gürcüstan da platformada iştirak edərsə, o zaman baş nazir Ermənistanın
bölgə ölkələrinin iştirak etdiyi platformadan kənarda qala bilməyəcəyi arqumentini
səsləndirəcək.
Azər NURİYEV
