Paşinyanın “ciddi siyasət əvəzinə piar” taktikası
Nikol Paşinyan hakimiyyətinə qarşı sərt tənqidlər ara vermir. Nəşrlər
yazır ki, Ermənistanın inqilabçı rəhbərliyinin əslində hansı işlə məşğul olduğu
məsələsi dünən ortaya çıxmayıb. Vədlər çox olub: iqtisadi yüksəliş,
korrupsiyaya qarşı amansız mübarizə, həmvətənlərin öz vətənlərinə geri dönməsi,
nəhayət Dağlıq Qarabağ münaqişəsi. Lakin istənilən dəyişmə özlüyündə sabitliyi
birləşdirir ki, indiki baş nazir Nikol Paşinyan də bunu vəd etmir. Yenə də
əvvəlki tək inqilabi mübarizəni davam etdirir, inqilab ideyalarını ölkə
hüdudlarından kənara yaymaq üzərində israr edir. "Vestnik Kafkaz”da erməni
müəllifin yazdığı məqalədə vurğulanır ki, Paşinyanın reytinqi düşməkdə davam
edir və öz əvvəlki populyarlığını geri qaytarmaq üçün ən müxtəlif
piar-aksiyalar həyata keçirir. Baş nazirin bu yaxınlarda keçirdiyi son aksiya isə
erməni cəmiyyətində anlaşılmazlıq yaradıb. Həmin aksiya zamanı Nikol Paşinyan
iş vaxtı xarici turistləri müşayiət edən gid kimi hərəkət edib. Bu isə
insanlarda belə bir təəssürat yaradıb ki, ya baş nazir işsizlikdən,
bekarçılıqdan əziyyət çəkir, ya da "Aykakan Jamanak” qəzetindəki redaktor
təcrübəsindən yararlanaraq, özünün siyasi karyerasını "redaktə” etməyə çalışır.
Bir sıra məlumatlara görə, Ermənistana turist axını çox azdır.
Müəllif yazır ki, yeni hakimiyyətin siyasi imicinin əsas qayəsi
gurultulu informasiya başlıqlarıdır: "Hazırkı hakimiyyət yetkinlik yaşına
çatmayanların tam pulsuz tibbi xidmətə keçməsini elan edə, məhkəmə sahəsində
qısa zamanda islahat keçirə, vicdansız hakimlərdən və korrupsionerlərdən yaxa
qurtara bilər. Lakin bütün bu məsələləri həyata keçirmək sual altındadır.
Özündən siyasətçi-bloger ampluası düzəltməyə çalışan Paşinyan, əsas işini piar
üzərində qurub. Özünü müasir adam kimi göstərməyə çalışan baş nazir, dünya
trendlərindən geri qalmaq istəmir, sosial şəbəkədə birbaşa çıxışlar edir və
əhalinin aktiv hissəsini operativ şəkildə lazım olan yerdə və vaxtda
mobilləşdirə bilir. Paşinyanın nümayişkaranə açıqlığı onu, öz gəlirləri və
iqamətgahları, həyat tərzləri barədə məlumat verməkdən qaçan ənənəvi erməni
siyasətçilərindən fərqləndirməyə imkan verir. "Pullar sakitlik istəyir”, -
şüarı yarıblokada vəziyyətində yaşayan respublikada siyasətçi-biznesmenlər üçün
hansısa bir çoxəsrlik kəlamdan daha çox vacib bir şüardır”. Əlavə edir ki, xalqa
yaxın olduğunu, hansısa bir sədlərin olmadığını qeyd edən Paşinyan, bir növ küçə
tribunu obrazını yeritməyə çalışır. Elektorat isə əvvəlki tək ənənəvi küçə
nümayişləri, həyəcan, qeyri-müəyyənlik şəraitində qalmaqdadır.
Müəllif daha sonra yazır ki, Ermənistanda mürəkkəb klan sistemi
mövcuddur və ona qarşı çıxmaq üçün Paşinyana elitanın dəstəyi gərəkdir: "Lakin
belə bir sadə olmayan məsələdə onu dəstəkləmək istəyən azdır. Bu səbəbdən də
baş nazir xalqa arxalanmaq istəyir. Əvvəlki rejimin irsi yüzlərlədir, minlərlə
məmur ordusu artıq öz təkrar istehsallarını formalaşdırıblar. Bu səbəbdən də
Paşinyan üçün müxalifətdən olan baş nazir obrazı daha məqbuldur. Sərt məsələlərlə
bağlı qərar qəbul etməkdən yan keçən baş nazir, vaxtilə devirdiyi qüvvələrin
gününə düşmək istəmir. Əvvəlki rejimin məhz qapalı və inert siyasəti Paşinyanın
Gümrüdən başlatdığı və Yerevanda başa çatan ümumxalq hərəkatı üçün katalizator
rolunu oynadı. Serj Sarkisyan və Koçaryandan daha böyük populyarlığa malik olan
Nikol, dövlət sistemini yenidən işə salmaq istəmir. Bunun əvəzində isə ölkənin
bütün informasiya məkanı onun personası ilə ağzına kimi dolub”.
Yeri gəlmişkən, Paşinyan növbəti sensasiyaya hazırlaşır. Məlumata
görə, Robert Koçaryanın ardınca daha bir eks-prezidenti Serj Sarkisyan həbs
edilə bilər. Bunu "News.am” agentliyinə müsahibəsində Ermənistanın Vatikandakı
eks-səfiri, Sarkisyanın kürəkəni Mikayıl Minasyan deyib: "2018-ci ilin mayında
Ermənistanda inqilab yox, hakimiyyət dəyişikliyi baş verib. Hazırda ən
təhlükəli şey - ictimaiyyətdə mənfi nəticələri olacaq dərin təəssüf formalaşa
bilər ki, bundan da yalnız real inqilabı gerçəkləşdirməklə qaçmaq olar.
Paşinyanın, peşəkar kadrların defisiti fonunda hakimiyyəti əlində saxlamaq üçün
yeni repressiyalara getməkdən başqa heç bir yolu qalmır. Bu hakimiyyətin
fəaliyyətinin bütün məntiqi ittiham və həbsdir. Bu gün dövlət resurslarının
böyük hissəsi ittiham və həbslərə xərclənir. Problem odur ki, bu, artıq
işləmir. Hakimiyyətin əlində çoxdan saxlanılmış, öncədən planlaşdırılmış "qızıl
ehtiyat” var. Bu, Serj Sarkisyanın həbsidir. Sadə hesablama göstərir ki, yaxın
zamanlarda Serj Sarkisyanı ictimaiyyətin diqqətini real problemlərdən müəyyən
müddət yayındırmaq üçün həbs edəcəklər”.
Başqa bir məqalədə isə bildirilir ki, baş naziryaxın keçmişin tarixini öz versiyası əsasında yazmağa cəhd edir. "Yəni
kim tarixi yazırsa, gələcək də ona məxsusdur. Məhz bu, hazırkı hakimiyyət
mübarizəsinin əsas arenasına çevrilib”. Bu iddia ilə "Acnis.am” saytı çıxış
edib: "Ermənistanda tarixin yenidən yazılması haqqında mübarizə 1 mart işi
prosesi ilə başlayıb və təsadüfi deyil ki, bu proses siyasi mübarizənin
mərkəzinə dönüb. Faktiki olaraq mübarizə inqilabın gətirməli olduğu dövlət
inkişafının yeni prinsipləri üzərində yox, bir siyasi elitanın başqa elita
hesabına legitimləşməsi üçün gedir”.
Məqalədə vurğulanır ki, praktikada, hökumətin legitimləşməsi yeni
dəyərlər, "Yeni Ermənistan” əsasında qurulmaq yerinə, 2008-ci ilin faciəli
hadisələri hesabına qurulur. "Yeni Ermənistan” tezisini bu cür başa düşmək
lazım idi. Biz tarixin səhifəsini çevirib, yeni münasibətlər formalaşdırırıq.
Lakin bütün siyasətinin 2008-ci il hadisələrinə əsaslandığını nəzərə alsaq,
yeni hökumət bizi "Köhnə Ermənistan”a qaytarıb və özü də münaqişə tərəfinə
çevrilib. Hökumətin bütün təbliğat maşını "Köhnə Ermənistan"da
döyüşən tərəflərdən birinin haqlı olduğunu sübut etməyə, tarixi yenidən deməyə
və digər tərəfi cəzalandırmağa yönəlib. Bu, hazırkı hökumətin legitimliyini
şübhə altına alır. Ona görə ki, insanlar "Köhnə Ermənistan”ın siyasi mübarizə
aparan tərəflərindən birinə yox, "Yeni Ermənistan”a səs veriblər. Belə çıxır
ki, "Yeni Ermənistan”a səs verən insanlar aldadılıb. Bu yanılmanın bizi hara
gətirib çıxaracağını zaman göstərəcək”, - deyə məqalədə bildirilib.
Azər NURİYEV