• cümə axşamı, 18 aprel, 04:31
  • Baku Bakı 15°C

Paşinyanın “ciddi siyasət əvəzinə piar” taktikası

19.08.19 19:45 13181
Paşinyanın “ciddi siyasət əvəzinə piar” taktikası
Nikol Paşinyan hakimiyyətinə qarşı sərt tənqidlər ara vermir. Nəşrlər yazır ki, Ermənistanın inqilabçı rəhbərliyinin əslində hansı işlə məşğul olduğu məsələsi dünən ortaya çıxmayıb. Vədlər çox olub: iqtisadi yüksəliş, korrupsiyaya qarşı amansız mübarizə, həmvətənlərin öz vətənlərinə geri dönməsi, nəhayət Dağlıq Qarabağ münaqişəsi. Lakin istənilən dəyişmə özlüyündə sabitliyi birləşdirir ki, indiki baş nazir Nikol Paşinyan də bunu vəd etmir. Yenə də əvvəlki tək inqilabi mübarizəni davam etdirir, inqilab ideyalarını ölkə hüdudlarından kənara yaymaq üzərində israr edir. "Vestnik Kafkaz”da erməni müəllifin yazdığı məqalədə vurğulanır ki, Paşinyanın reytinqi düşməkdə davam edir və öz əvvəlki populyarlığını geri qaytarmaq üçün ən müxtəlif piar-aksiyalar həyata keçirir. Baş nazirin bu yaxınlarda keçirdiyi son aksiya isə erməni cəmiyyətində anlaşılmazlıq yaradıb. Həmin aksiya zamanı Nikol Paşinyan iş vaxtı xarici turistləri müşayiət edən gid kimi hərəkət edib. Bu isə insanlarda belə bir təəssürat yaradıb ki, ya baş nazir işsizlikdən, bekarçılıqdan əziyyət çəkir, ya da "Aykakan Jamanak” qəzetindəki redaktor təcrübəsindən yararlanaraq, özünün siyasi karyerasını "redaktə” etməyə çalışır. Bir sıra məlumatlara görə, Ermənistana turist axını çox azdır.
Müəllif yazır ki, yeni hakimiyyətin siyasi imicinin əsas qayəsi gurultulu informasiya başlıqlarıdır: "Hazırkı hakimiyyət yetkinlik yaşına çatmayanların tam pulsuz tibbi xidmətə keçməsini elan edə, məhkəmə sahəsində qısa zamanda islahat keçirə, vicdansız hakimlərdən və korrupsionerlərdən yaxa qurtara bilər. Lakin bütün bu məsələləri həyata keçirmək sual altındadır. Özündən siyasətçi-bloger ampluası düzəltməyə çalışan Paşinyan, əsas işini piar üzərində qurub. Özünü müasir adam kimi göstərməyə çalışan baş nazir, dünya trendlərindən geri qalmaq istəmir, sosial şəbəkədə birbaşa çıxışlar edir və əhalinin aktiv hissəsini operativ şəkildə lazım olan yerdə və vaxtda mobilləşdirə bilir. Paşinyanın nümayişkaranə açıqlığı onu, öz gəlirləri və iqamətgahları, həyat tərzləri barədə məlumat verməkdən qaçan ənənəvi erməni siyasətçilərindən fərqləndirməyə imkan verir. "Pullar sakitlik istəyir”, - şüarı yarıblokada vəziyyətində yaşayan respublikada siyasətçi-biznesmenlər üçün hansısa bir çoxəsrlik kəlamdan daha çox vacib bir şüardır”. Əlavə edir ki, xalqa yaxın olduğunu, hansısa bir sədlərin olmadığını qeyd edən Paşinyan, bir növ küçə tribunu obrazını yeritməyə çalışır. Elektorat isə əvvəlki tək ənənəvi küçə nümayişləri, həyəcan, qeyri-müəyyənlik şəraitində qalmaqdadır.
Müəllif daha sonra yazır ki, Ermənistanda mürəkkəb klan sistemi mövcuddur və ona qarşı çıxmaq üçün Paşinyana elitanın dəstəyi gərəkdir: "Lakin belə bir sadə olmayan məsələdə onu dəstəkləmək istəyən azdır. Bu səbəbdən də baş nazir xalqa arxalanmaq istəyir. Əvvəlki rejimin irsi yüzlərlədir, minlərlə məmur ordusu artıq öz təkrar istehsallarını formalaşdırıblar. Bu səbəbdən də Paşinyan üçün müxalifətdən olan baş nazir obrazı daha məqbuldur. Sərt məsələlərlə bağlı qərar qəbul etməkdən yan keçən baş nazir, vaxtilə devirdiyi qüvvələrin gününə düşmək istəmir. Əvvəlki rejimin məhz qapalı və inert siyasəti Paşinyanın Gümrüdən başlatdığı və Yerevanda başa çatan ümumxalq hərəkatı üçün katalizator rolunu oynadı. Serj Sarkisyan və Koçaryandan daha böyük populyarlığa malik olan Nikol, dövlət sistemini yenidən işə salmaq istəmir. Bunun əvəzində isə ölkənin bütün informasiya məkanı onun personası ilə ağzına kimi dolub”.
Yeri gəlmişkən, Paşinyan növbəti sensasiyaya hazırlaşır. Məlumata görə, Robert Koçaryanın ardınca daha bir eks-prezidenti Serj Sarkisyan həbs edilə bilər. Bunu "News.am” agentliyinə müsahibəsində Ermənistanın Vatikandakı eks-səfiri, Sarkisyanın kürəkəni Mikayıl Minasyan deyib: "2018-ci ilin mayında Ermənistanda inqilab yox, hakimiyyət dəyişikliyi baş verib. Hazırda ən təhlükəli şey - ictimaiyyətdə mənfi nəticələri olacaq dərin təəssüf formalaşa bilər ki, bundan da yalnız real inqilabı gerçəkləşdirməklə qaçmaq olar. Paşinyanın, peşəkar kadrların defisiti fonunda hakimiyyəti əlində saxlamaq üçün yeni repressiyalara getməkdən başqa heç bir yolu qalmır. Bu hakimiyyətin fəaliyyətinin bütün məntiqi ittiham və həbsdir. Bu gün dövlət resurslarının böyük hissəsi ittiham və həbslərə xərclənir. Problem odur ki, bu, artıq işləmir. Hakimiyyətin əlində çoxdan saxlanılmış, öncədən planlaşdırılmış "qızıl ehtiyat” var. Bu, Serj Sarkisyanın həbsidir. Sadə hesablama göstərir ki, yaxın zamanlarda Serj Sarkisyanı ictimaiyyətin diqqətini real problemlərdən müəyyən müddət yayındırmaq üçün həbs edəcəklər”.
Başqa bir məqalədə isə bildirilir ki, baş naziryaxın keçmişin tarixini öz versiyası əsasında yazmağa cəhd edir. "Yəni kim tarixi yazırsa, gələcək də ona məxsusdur. Məhz bu, hazırkı hakimiyyət mübarizəsinin əsas arenasına çevrilib”. Bu iddia ilə "Acnis.am” saytı çıxış edib: "Ermənistanda tarixin yenidən yazılması haqqında mübarizə 1 mart işi prosesi ilə başlayıb və təsadüfi deyil ki, bu proses siyasi mübarizənin mərkəzinə dönüb. Faktiki olaraq mübarizə inqilabın gətirməli olduğu dövlət inkişafının yeni prinsipləri üzərində yox, bir siyasi elitanın başqa elita hesabına legitimləşməsi üçün gedir”.
Məqalədə vurğulanır ki, praktikada, hökumətin legitimləşməsi yeni dəyərlər, "Yeni Ermənistan” əsasında qurulmaq yerinə, 2008-ci ilin faciəli hadisələri hesabına qurulur. "Yeni Ermənistan” tezisini bu cür başa düşmək lazım idi. Biz tarixin səhifəsini çevirib, yeni münasibətlər formalaşdırırıq. Lakin bütün siyasətinin 2008-ci il hadisələrinə əsaslandığını nəzərə alsaq, yeni hökumət bizi "Köhnə Ermənistan”a qaytarıb və özü də münaqişə tərəfinə çevrilib. Hökumətin bütün təbliğat maşını "Köhnə Ermənistan"da döyüşən tərəflərdən birinin haqlı olduğunu sübut etməyə, tarixi yenidən deməyə və digər tərəfi cəzalandırmağa yönəlib. Bu, hazırkı hökumətin legitimliyini şübhə altına alır. Ona görə ki, insanlar "Köhnə Ermənistan”ın siyasi mübarizə aparan tərəflərindən birinə yox, "Yeni Ermənistan”a səs veriblər. Belə çıxır ki, "Yeni Ermənistan”a səs verən insanlar aldadılıb. Bu yanılmanın bizi hara gətirib çıxaracağını zaman göstərəcək”, - deyə məqalədə bildirilib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər