Paşinyanın ayaqları altındakı mina
Amulsar qızıl yatağı ilə bağlı qalmaqal erməni cəmiyyətini ikiyə
bölüb. Bir qisim yatağın işlənməsi işlərini dayandırmağı çağırır, əks təqdirdə
Sevan (Göyçə) gölü, eləcə də, Cermux kurort şəhərciyi və onun mineral suları
üçün mümkün fəlakətli nəticələrə gətirib çıxaracağı təhlükəsinin yaranacağını
iddia edir. Digər bir qisim isə hesab edir ki, təhlükənin artması ətraf mühitə
və ekologiyaya hər hansı bir təsir etməyəcək. Ötən gün baş nazir Nikol Paşinyan
sosial şəbəkədə bir saatlıq canlı yayımda yatağın işlənməsini müdafiə etdiyini
bəyan edib. Bu yataq 2000-ci illərdə açılıb və 40 ton təmiz qızıl ehtiyatı ilə
Ermənistanda ikincidir. Onun emalı ilə Britaniya-ABŞ şirkəti - Lidian-Armenia
məşğul olur. "Nezavisimaya qazeta”
yazır ki, baş nazir canlı yayımdakı çıxışında çoxluğu qızıl yatağının
işlənməsinə inandıra bilməyib. Bu isə o deməkdir ki, Paşinyanın "xalq hökuməti”
adlandırdığı hökumət xalqın ciddi bir hissəsinin narazılığı ilə üzləşə bilər.
Amulsar problemi erməni mediasında da ciddi müzakirə olunur. "1in.am” yazır ki, bu problem bir növ
sərhəd xətti anlamına gəlib və baş nazir də bu xətti keçərək inqilabi illüziya
və ictimai gözləntiləri keçmişdə qoymuş olub. "1in.am” deputat Arman
Babacanyanın sosial şəbəkədə yazdığı statusu dərc edib. Deputat yazır ki, "beləliklə
də, Paşinyanın idarəçiliyini şərti olaraq iki mərhələyə bölmək olar – Amulsar
yatağı ilə bağlı mövqe ortaya çıxana qədər və ondan sonrakı dövr. Baş nazir bu
problem naminə böyük qurbana getməyə, öz siyasi kapitalını və ictimai etimadı
at üzərinə çıxarmış olub. Bir çoxları vəziyyətin necə ciddi olduğunu təsəvvür
edə bilmirlər. Nikol Paşinyan istənilən an partlaya biləcək minanı ayaqları
altına qoyub. Bu isə o dərəcədə təhlükəlidir ki, əvvəlki rejimə və
revanşistlərə qarşı mübarizə əvvəlki tək ictimai konsolidasiyanı təmin edə
bilməyəcək. Yenə də baş nazirlik müddətinin sonu olsa idi, başa düşülərdi. Paşinyana
etimad baş nazir olduqdan cəmi bir il sonra sürətlə itməyə doğru gedir”. Sonda
isə qeyd edilir ki, "baş nazir özünün idarəçiliyi müddətində ən kobud səhvini
buraxmış olub. Nəticəsi isə həddən artıq ağır ola bilər. Amulsar problemi
faktiki olaraq bu hakimiyyətin transformasiyası üçün katalizatora çevrilib.
Nikol Paşinyan hakimiyyəti avtoritarizmə doğru hərəkət edir və bu günlərdə baş
verən hadisələr də bunun əlamətləridir”.
Saytda dərc olunan başqa bir məqalədə vurğulanır ki, "Amulsar
məsələsi postinqilab dövrü Ermənistanında yeni daxili siyasi sərhədləri müəyyən
edib, yeni yolun başlandığı daxili siyasi inkişafın göndərilmə nöqtəsinə
çevrildi”. Müəllif bu qənaətə gəlir ki, bu məsələ inqilab meydançasında
əməllicə çat yaratmış olub. İlk növbədə Paşinyanın rəhbəri olduğu "Mənim
addımım” blokunda bunu bariz görmək mümkündür.
"Nyus.am” isə yazır
ki, Amulsar yatağının işlənməsi ilə bağlı ən optimal variantı Daşnaksütyun Partiyası
yayıb. "Amulsar yatağının işlənməsi barədə qərar referendum yolu ilə həll
edilməlidir”. Bu barədə partiyanın yaydığı bəyanatda deyilir. Bəyanatda
bildirilir ki, "Amulsar yatağının işlənməsi ilə bağlı ictimai gərginlik
hakimiyyətin ardıcıl olmayan və əsassız bəyanatları, eləcə də, əhalinin
bütövlükdə yüksək gözləntilərinin baş tutmaması ilə izah edilir. Hakimiyyəti
ekspert qrupunun yekun fikrini son qərar kimi qəbul etməməyə və əlavə
müzakirələr aparılmasına çağırırıq.
"Amulsar yatağı məsələsində baş nazirin yaxın ətrafı onu diskreditasiya məqsədilə çaşdırır”. Bu
sözləri isə ekoloqlar Levon Qalstyan və Anna Şahnazaryan "Azatutyun”a müsahibəsində bildiriblər. "Bu şəxsi kobud şəkildə
desək sadəcə aldadıblar. Kim? Onunla yanaşı duran nüfuzlu respublikaçılar,
koçaryanovçular və başqaları. Nə qədər ki, onlar onun yanındadır, bu proses
davam edəcək. Paşinyanı gülünc vəziyyətə salıblar. İndi hamı ona gülür”, - deyə
Şahnazaryan bildirib. "Sputnik Armeniya”
açıqlamasında politoloq Ayk Matirosyan isə bildirib ki, baş nazir ünvanına
səslənən tənqidlərə cavab vermək əvəzinə, onu tənqid edənləri təhqir edir. Bir
vaxtlar təbiəti mühafizə inspeksiyasının rəhbəri olan Martirosyan hakimiyyəti
Amulsar məsələsində korrupsiyaya yol verməkdə də ittiham edib.
"Aysor.am” isə yazır ki, Paşinyanın lideri olduğu "Vətəndaş müqaviləsi” Partiyasının
əsasında yaradılan "Mənim addımım” blokundan olan deputatlar parlamentdə
"yaşıllar” deputat qrupu yarada bilərlər. Bunu sosial şəbəkədə Paşinyanın sabiq
müşaviri Arsen Xaratyan yazıb. Bu blok parlamentdə deputat sayının üçdə ikisinə
sahibdir. Onların da bir qismi yatağın işlənməsinə qarşı çıxır. Hətta bildirilir
ki, parlamentin vitse-spikeri Lena Nazaryan da yatağın işlənməsinə qarşıdır.
"Reqnum”un reaksiyası
isə daha özünəməxsus olub. Müəllif yazır ki, Paşinyanın Amulsar qızıl mədənində
işlərə icazə vermək qərarı onun sonrakı siyasi taleyində həlledici ola bilər. "Amulsar
mədəninin istismarının haçansa qatı əleyhdarı, ekoloqların ruporu, müxalif
Paşinyan bu gün artıq qızıl hasilatını yeniləməyə icazə verib, bununla da öz
tərəfdarlarının kəskin mənfi qıcığını doğurub. Hələ ki hamının deyil.
Tutduqları vəzifədən asılı olaraq fikir dəyişməyin Ermənistanın siyasətçi və
məmurlarına xas olduğu çoxdan bəllidir”. Əlavə edir ki, baş nazir Tiqran Sarkisyanı
yada salmaq yetərlidir – Avrasiya İqtisadi Komissiyası kollegiyasına başçılıq
edənə qədər hesab edirdi ki, Rusiya, Belarus və Qazaxıstanla gömrük birliyində
Ermənistanın görəcəyi bir iş yoxdur. T.Sarkisyan 2016-cı ildən isə Aİİ ilə
tərəfdaşlığı genişləndirməklə məşğuldur. Bu örnək Ermənistanla birbaşa bağlı
olsa da, bununla belə, onun məhəlliləşməsi ölkə hüdudlarından qıraqdadır. Lap
təptəzə əhvalat başqa məsələdir – baş nazir Serj Sərksyanın məcburi istefası. Daha
sonra qeyd edilir ki, öz postunu N.Paşinyana güzəştə gedən keçmiş baş nazir S.Sarksyan
adi yalanla xalqı özünə qarşı qiyama itələdi: əvvəlcə söz verdi ki, baş nazir
postuna namizədliyini verməyəcək və prezidentliyin ikinci müddətini başa vurub
gedəcək, sonra isə, sadəcə, fikrindən daşındı. Baş nazir Paşinyanı hakimiyyətə
gətirmiş xalq ondan, ən azı, qabaqkı hökumətin sosial-iqtisadi xəttini davam
etdirməməyi gözləyirdi.Amma, bu, olmadı. Elə həmin pensiya islahatı,
adamların cibini kəsən həmin vergiqoyma yenilikləri – və bütün bunlar pisləşən
ekologiya fonunda. Durum o dərəcədə ciddiləşə bilərmi ki, N.Paşinyan postunu
tərk etməli olar?Bəli, çünkiçoxları onda xilaskar görürdülər, onun
hər bir yeni hərəkəti isə məyusluq doğurur”. Müəllif yazır ki, istisna
deyil ki, etirazlar sürəkli olacaq, qışın gəlişilə fəallıq azalacaq, hakimiyyət
də hər yolla onu boğacaq: həbslər, saxlamalar, aksiya keçirməyə qadağalar. "Bu,
yeni inqilaba, ya da ola bilsin, hətta çevrilişə dönüşə bilərmi – hələlik hər
hansı bir proqnoz vermək çətindir. AmmaPaşinyan ekoloqların etiraz
əhvali-ruhiyyəsiylə bağlı məsələni həll etməyəcəyi halda baş nazir kürsüsünü
verməli olacaq”, - deyə müəllif fikrini tamamlayıb.
Azər NURİYEV