Paşinyanı xilas etməyəcək “qaçış” - ŞƏRH
Politoloqun
fikrincə, üçtərəfli formatda görüşün keçirilməsində Ermənistan heç bir rol
oynamayacaq. Sadəcə, onlara bildiriləcək ki, filan gündə, filan saatda, filan
formatda görüş olacaq.
Azərbaycan
işğal altındakı torpaqlarını azad etdikdən sonra kapitulyasiya aktına imza atan
Ermənistan üzərinə götürdüyü öhdəliklərin bir qismini yerinə yetirsə də, digər
qisminə əməl etmək niyyətində olmadığını göstərir. Əslində, Azərbaycanın 44
günlük Vətən müharibəsində qələbəsi, bölgədə diktə edən tərəfin kim olduğunu bəlli
edib. Biz bunu Ali Baş Komandan İlham Əliyevin həm müharibə, həm də ondan
sonrakı dövrlərdəki çıxışlarında birmənalı şəkildə müşahidə edirik. 10 noyabr
üçtərəfli sazişin təşəbbüskarı olan Rusiya isə Azərbaycan-Ermənistan münasibətlərinin
yaxşılaşması, kommunikasiyaların açılması üçün müxtəlif addımlar atır. Bu günlərdə
elə erməni mətbuatı məlumat yaydı ki, Prezident İlham Əliyevlə Ermənistanın baş
naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulub. Hətta bu
görüş zamanı iki tərəf arasında müəyyən sənədlərin imzalanacağı da qeyd
edilirdi. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov da
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında videokonfrans
formatında görüş olacağını açıqlamışdı.
Görüşün
bilinməyən tarixi
Ermənistan
tərəfi isə bu görüş ərəfəsində növbəti təxribatlarından əl çəkmədi. Belə ki,
Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Qarabağın Rusiya sülhməramlılarının
müvəqqəti nəzarətində olduğu ərazilərinə səfər etməsi barədə informasiya
yayılıb. Onun Qarabağda "döyüş mövqelərini” ziyarət etdiyi, "mövqelərin gücləndirilməsi”
ilə tanış olduğu bildirilir. Eyni zamanda, noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin
bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən
mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi
istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan
atəşə tutub.
Təxribatlardan
sonra isə Nikol Paşinyan bəyan edib ki, hər hansı görüşün keçirilməsi nəzərdə
tutulmur. Bundan sonra isə Peskov ikinci açıqlamasında videokonfrans vasitəsilə
danışıqların aparılması üzərində iş getdiyini, lakin dəqiq tarixin hələ müəyyən
edilmədiyini mətbuata bildirib. Bütün bunlar Ermənistanın açıq şəkildə mühüm
bir görüşü pozduğunu göstərir. Bu addımı ilə Ermənistan nə etmək istəyir?
Rusiyanın bundan sonra atacağı addımlar nədən ibarət olacaq? Proseslər necə cərəyan
edəcək?
"Bu dövlət
kənardan idarə olunur”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, bu
proseslərin açarı Ermənistanda deyil: "Ermənistan pozuculuqla məşğuldur və bu,
onun köhnə şakəridir, ənənəsidir, adətidir və vərdişidir. Ona görə də, Ermənistana
çox da fikir vermək lazım deyil. Ümumiyyətlə, bu dövlət kənardan idarə olunur.
Yəni onun özünün daxili rıçaqları əgər varsa belə, onlar o dərəcədə fəaliyyətsizdir
ki, heç bir şey etmək mümkün deyil. Görürük ki, onlar bir qayda olaraq ya Rusiyanın,
ya Fransanın, ya Amerikanın, ya da kiminsə ayağının altına yıxılırlar. Əlbəttə
ki, Ermənistanın buradakı istəyi, deyək ki, "istəmirlər, mövzudan yayınırlar”
kimi məsələlər öz ixtiyarında olan məsələ deyil”.
"Ən pis vəziyyətdə
olan Ermənistandır”
Politoloq
qeyd edib ki, Rusiyanın burada rolu gərək özünü əks etdirsin, büruzə versin: "Çünki
Rusiya bu proseslərdə həm də əsas moderatorlardan biridir. Bilirik ki, postmüharibə
şəraitində yeni reallıqların formalaşması, oturuşması, daha sonra proseslərin dərinləşməsi
olmalıdır. Bu da bütün ölkələrə lazımdır. O cümlədən Rusiyaya, Türkiyəyə, İrana,
Gürcüstana, bizə və təbii ki, Ermənistanın özünə də lazımdır. Çünki ən pis vəziyyətdə
olan Ermənistandır. Onlar, həqiqətən də, oyundankənar vəziyyətdə qalıblar, özlərini
toparlaya və seçim edə bilmirlər”.
"Rusiyanın
marağında olan odur ki…”
T.Abbasov
vurğuladı ki, Paşinyan həmin bəyanatda qeyd edilən öhdəliklərdən qaça bilməyəcək:
"Həm də onu qeyd etmək yerinə düşər ki, Ermənistanın aktiv bir mövqedə olmasının
təminatçısı kimi Rusiya çıxış edir. Çünki Rusiya, faktiki olaraq Ermənistanı
idarə edir və biz bunu bilirik. Rusiyanın da marağında olan odur ki, Ermənistan
düşünülməmiş, sağlam məntiqə sığmayan hərəkətlərə yol verməsin. Əgər belə bir
addım atarsa, onda Ermənistan özü bu proseslərdən zərər çəkəcək. Təsadüfi deyil
ki, Prezident İlham Əliyev daim onlara xatırladır ki, dəmir yumruq heç yerə
getməyib və əgər özünüzü naqolay və nalayiq tərzdə ifadə edəcəksinizsə, dərsinizi
növbəti dəfə alacaqsınız. Ona görə də, hesab edirəm ki, indiki məqamda çıxılmaz
vəziyyətdə olduğundan, Paşinyan da, onun ətrafı da, belə deyək, guya gurultulu,
səksəkə yarada biləcək bəyanatlar verirlər ki, biz hazır deyilik, istəmirik və
s. Bu məsələ heç də onların istəyinə bağlı deyil. Ermənistan hakimiyyəti bu məsələnin
həllində heç bir rol oynamayacaq. Sadəcə onlara bildiriləcək ki, filan gündə, filan
saatda, filan formatda görüş olacaq. Belə başa düşürəm ki, vəziyyətinin mahiyyəti
məhz budur”.
Bəxtiyar Məmmədli