Paşinyanı Moskvaya niyə çağırmışdılar? - TƏHLİL
Politoloq Fərhad Məmmədov: "Rusiya çalışır ki, vasitəçilik missiyasını tam olaraq öz əlində saxlasın. Lakin qəbul edilən qərarlar həyata keçməyəndə alternativ oyunçular meydana çıxır, öz gündəliklərini, maraqlarını ortaya qoyurlar"
Ermənistanın
Baş naziri Nikol Paşinyan ötən gün Rusiyaya işgüzar səfər edib. İctimaiyyətə
açıqlanan məlumata görə, o, Prezident Vladimir Putinlə 10 noyabr 2020 - 11
yanvar 2021-ci il tarixlərində Azərbaycan, Rusiya və Ermənistan liderləri
arasında imzalanmış bəyanatların icra vəziyyətini, bölgənin hazırki və uzunmüddətli
perspektivdə tənzimlənməyə dair məsələlərini müzakirə edib.
Planlaşdırılmayan
görüş
Bu
səfərdə diqqət çəkən məqamlardan biri Paşinyanla Putin arasında keçirilən bu
görüşün əvvəlcədən planlaşdırılmamasıdır. Nə Ermənistan, nə də Rusiya
mediasında, həmçinin rəsmi dairələrində belə bir səfərin baş tutacağı, Moskvada
görüşün keçiriləcəyi barədə əvvəldən heç bir məlumat olmayıb. Yəni, Kreml rəhbəri
qəfil qərar qəbul edərək Ermənistanın hökumət başçısını Moskvaya çağırıb.
Maraqlıdır, Rusiya dövlət başçısının belə bir addım atmasına səbəb nədir? Əsl
gerçəklikdə Paşinyan Moskvaya niyə çağırılıb? Ermənistan Baş naziri Kremldən nə
ilə qayıdıb?
Nəqliyyat və kommunikasiya əlaqələri
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən
politoloq Fərhad MəmmədovBaş nazir Nikol Paşinyanın Rusiyaya səfər etməsi tarixinin xüsusi maraq kəsb
etdiyini dilə gətirib. Deyib ki, əslində belə bir səfərin olması əvvəldən
planlaşdırılmayıb. Onun sözlərinə görə, Kreml rəhbərinin tələbi qarşısında
Paşinyan Moskvaya getmək məcburiyyətində qalıb: "Ermənistana Hindistanın xarici
işlər naziri səfər edib. Amma Nikol Paşinyan məcburiyyət qarşısında qalıb
Moskvaya gedib. İlk növbədə bu, regionda baş verən hadisələrlə bağlıdır. Məhz bu
kontekstdə Paşinyanı dərhal Moskvaya çağırıblar. Buna birinci səbəb Ermənistanın
qeyri-konstruktiv davranışıdır. Məhz bu davranış səbəbilə 10 noyabr 2020-ci il
və 11 yanvar 2021-ci il tarixli bəyanatların müddəalarının reallaşmasında uzun
fasilə yaranıb. Təsadüfi deyil ki, Kreml 10 noyabr bəyanatından iki ay sonra təcili
şəkildə nəqliyyat və kommunikasiya əlaqələrinin açılması barədə xüsusi sammit təşkil
edib. Həmin sammitdə konkret tarixlər göstərilməklə əlaqələrin nə zaman
açılacağını əks etdirən sənəd qəbul olunub. Lakin cari ilin fevral ayından
indiyə qədər ötən vaxt ərzində Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə
yetirməyib, bəyanatların müddəalarının həyata keçməsinə maneə törədib”.
Reallaşmayan müddəalar
Politoloq söyləyib ki, Paşinyan öz siyasəti,
davranışları ilə Rusiyanın yeganə vasitəçilik missiyasına xələl gətirib, onun
üzərinə kölgə salıb: "Üçtərəfli bəyanatların indiyə qədər reallaşmayan müddəaları
var. Digər tərəfdən, bəyanatların qəbulundan bu vaxta kimi keçən zaman kəsiyində
yeni-yeni ölkələr peyda olub və razılaşmalara yenidən baxılması təşəbbüslərini
irəli sürüblər. Əgər yay aylarında ABŞ və Avropa İttifaqının bu istiqamətdə fəallığını
müşahidə edirdiksə, avqust-sentyabr aylarında İran yeni oyunçu kimi
razılaşmalara təzədən baxılması zərurətini ortaya qoyub. Hətta Ermənistan
xarici işlər nazirini Tehrana çağırtdırıb və onun İran tərəfini razı salan bəyanatlar
səsləndirməsinə müvəffəq olub. Bütün bunlar onu göstərir ki, Rusiya nə qədər ləngiyirsə
o qədər çox alternativlər ortaya çıxır. Halbuki Rusiya bu dövr ərzində üçtərəfli
formatda bir neçə istiqamətdə fəallıq nümayiş etdirib. Birincisi prezidentlər,
ölkə rəhbərlərinin, ikincisi xüsusi xidmət, prokurorluq orqanlarının, üçüncüsü
hökumətlərarası komissiyanın üçtərəfli formatı səviyyəsində görüşlər keçirilib. Srağagün və dünən isə dini rəhbərlər səviyyəsində görüş keçirilib”.
Hər hansı legetim səbəb yoxdur ki...
F.Məmmədovun qənaətinə görə, Rusiya çalışır ki,
vasitəçilik missiyasını tam olaraq öz əlində saxlasın. Lakin qəbul edilən qərarlar
həyata keçməyəndə alternativ oyunçular meydana çıxır, öz gündəliklərini,
maraqlarını ortaya qoyurlar: "Baş verənlər Cənubi Qafqazın gündəliyi ilə ziddiyyət
təşkil edir. Bu baxımdan Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvada
iranlı həmkarı ilə görüşdən sonra bəzi məqamları qeyd etməsi xüsusilə diqqət çəkir.
Bunun davamı olaraq Rusiya Prezidenti Vladimir Putin Paşinyanı Moskvaya
çağırıb, onun oyun oynamasının qarşısını almağa çalışıb. Qəbul edilən qərarların
həyata keçirilməsinin zamanının yetişdiyini Ermənistan baş nazirinə başa salıb.
Ermənistanda artıq daxili siyasi böhran yoxdur, seçkilər başa çatıb, hökumət
formalaşıb. Hər hansı legetim səbəb yoxdur ki, Paşinyan onu əsas gətirib qəbul
edilən qərarları yerinə yetirməsin”.
Rufik İSMAYILOV