Paşinyandan Rusiyaya növbəti zərbə
Ermənistan hökuməti dünənki iclasında yekdilliklə bir sıra ictimai
təşkilatların maliyyələşdirilməsinə qərar verib. Bu təşkilatlar separatçı
Dağlıq Qarabağ bölgəsində yerli idarəetmə orqanlarına keçiriləcək qondarma
seçkiləri müşahidə edəcəklər. Baş nazirin aparat rəhbərinin müavini Çovinar
Soqomonyan layihəni təqdim edərkən bildirib ki, bu məqsədlə 100 min dollara
yaxın vəsait ayrılıb. Bu vəsaitdən bir qisim "İnformasiyalı vətəndaşların
birliyi” və antikorrupsiya mərkəzi – Transparanti İnterneşnə ayrılacaq.
Hökumətin iclasında çıxış edən baş nazir Nikol Paşinyan bildirib ki, separatçı
qurumda keçiriləcək seçkilərə böyük önəm verir. Bu səbəbdən də həmin
təşkilatlara dəstək göstərilir. Belə baxanda burada heç nə yoxdur. Lakin erməni
nəşrləri adları çəkilən təşkilatların qərbyönümlü olduqlarını, daha dəqiq
desək, Corc Soros tərəfindən maliyyələşdirildiklərini xüsusi vurğulayıblar.
Qeyd olunur ki, həmin təşkilatlar dəfələrlə anti-Rusiya addımları və
bəyanatları ilə seçiliblər.
"EADaily” nəşri
yazır ki, anti-Rusiya diskursun əsas generatoru qismində bir neçə təşkilat
çıxış edir – Artur Sakuntsun lideri olduğu Helsinki Vətəndaş Assambleyasının
Vanadzor ofisi, Levon Barseqyanın rəhbəri olduğu "Asparez” jurnalistlər klubu,
Qloballaşma və regional tədqiqatlar Mərkəzi (təşkilatın rəhbəri Stepan
Qruqoryandır, onun Rusiyaya girişinə qadağa qoyulub) və Daniel Oannisyanın
rəhbəri olduğu İnformasiyalı vətəndaşlar İttifaqı, eləcə də, Transparency
Internationalın erməni filialı. Adları çəkilən təşkilatların rəhbərləri
dəfələrlə Rusiya əleyhinə bəyanatlar səsləndiriblər. Onların anti-Rusiya
ritorikası "məxməri inqilab”dan sonra bir qədər səngidi. Səbəb də odur ki, yeni
baş nazir onların bir çoxunu öz komandasına daxil etdi. Lakin indi getdikcə bu
prosesin əksi baş verir. N.Paşinyan "Soros” kadrlarından imtina etməyə
başlayıb. Müşahidəçilərin qənaətincə, amerikalı milyarder Corc Sorosun
maliyyələşdirdiyi bu şəxslərdən yaxa qurtarmaq elə də asan deyil. Baş nazir
ciddi müqavimətlə üzləşib. Nəşr yazır ki, N.Paşinyanın separatçı qurumda
keçiriləcək seçkiləri müşahidə edəcək Soros təşkilatlarına vəsait ayırması onu
deməyə əsas verir ki, həmin müqavimət artıq öz bəhrəsini verməkdədir.
Hazırda Rusiya ilə Ermənistan arasında əsas gərginlik həm də 2008-ci
ilin mart hadisələri ilə bağlıdır. Həbslər və səslənən ittihamlarda Rusiya
hədəf kimi götürülür. Mühafizəkar Partiyanın lideri Mikael Ayrapeytan "1in.am”a
müsahibəsində bildirib ki, bu qətliamın üstü yalnız Ermənistan Rusiyanın
orbitindən uzaqlaşandan sonra açılacaq. Rusiya-Ermənistan münasibətlərindəki
gərginlik Ermənistanda barəsində cinayət işi qaldıran keçmiş ədliyyə generalı
Miqran Poqosyanla da bağlı artır. Moskva bu şəxsi təhvil verməkdən imtina edib.
Politiloq Levon Şirinyan sayta müsahibəsində bildirib ki, Rusiya bu qərarı ilə
Ermənistanı aşağılayır. Bildirir ki, "siz heç nə edə bilməzsiniz”.
"Qolos Armenii” qəzeti isə yazır ki, Ermənistanın Xarici İşlər
Nazirliyində ciddi struktur və kadr dəyişiklikləri ola bilər. Bu məlumatı qəzet
öz mənbələrinə istinadən yayıb. Məlumata görə, tezliklə XİN-dəki peşəkarların
Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın komandasından olan latent
rusofoblarla əvəzlənməsi nəzərdə tutulur. Qəzet hazırda Ermənistan
hakimiyyətində olan antirus qüvvələrə Vladimir Karapetyan, Levon Xaçaturyan və
Viktor Biyaqovun rəhbərlik etdiyini bildirib. Belə ki, bu qrupun üzvü olan
Paşinyanın mətbuat katibi Vladimir Karapetyanın tezliklə Ermənistan xarici
işlər naziri təyin olunacağı, Biyaqovun isə XİN rəhbərinin müavini Şavarş
Koçaryanı əvəzləyəcəyi və Rusiya ilə münasibətləri kurasiya edəcəyi vurğulanıb.
Levon Xaçaturyanın isə Sankt-Peterburqa baş konsul olaraq göndəriləcəyi
bildirilib. Qeyd edək ki, Biyaqov hazırda Ermənistanın KTMT-dəki Daimi
Nümayəndəliyinin rəhbəridir, Xaçaturyan isə Ermənistan xarici işlər nazirinin
müşaviridir. Biyaqov həmçinin əvvəllər Ermənistan parlament aparatının xarici
əlaqələr idarəsinə rəhbərlik edib və Levon Ter-Petrosyanın həyat yoldaşının
qohumudur. Xaçaturyan isə əvvəllər Qazaxıstan, Gürcüstan və Qırğızıstanda səfir
kimi çalışıb, 2008-ci ildə Petrosyana açıq dəstək verən üç səfirdən biri olub.
Bundan əlavə, erməni mediasında Paşinyan idarəçiliyinin iflasından
bəhs edən analitik məqalələrin sayı-hesabı yoxdur. Liderliyi ələ alan "1in.am”
yazır ki, "inqilab eyforiyası baş nazirin qızıl çubuğu kimi artıq keçmişdə
qalıb. Problemlər bir-birinin ardınca Ermənistan sakinlərinin başlarına çıxır.
Bütün bunların nəticəsidir ki, hakim düşərgədə silkələmələr və fikir
ayrılıqları günbəgün artır. Burada hadisələrin sürətli inkişaf ssenarisini
gözləmək gərək deyil. Hələ ki, Nikol Paşinyan öz partiyasında qayda-qanun
yaratmaq iqtidarında olsa ad, vəziyyət gərginləşmək üzrədir - hər hansı bir
investisiya yoxdur, Amulsar problemi, İstanbul konvensiyası, Yerevan zibilin
içində üzür, Qərb təzyiq edir, Rusiya etibar etmir. Qarabağ probleminin real
həllində hər hansı bir irəliləyiş mövcud deyil. Hakim partiyanın sıraları
əriyir və əriməkdə də davam edəcək. Artıq proses gedir”. O da xüsusi qabardılır
ki, hakimiyyətin inqilabdan sonra cəmiyyəti "ağlara” və "qaralara” bölməsi də
mənfi nəticələrini ortaya qoyur. "1in.am” onu da yazır ki, Nikol Paşinyan öz
əsas aləti- populizmin alətinə çevrilib. "Populizm hesabına qalib gələn Nikol
indi artıq bunun əsirinə çevrilib. Amulsar ətrafında yaşananlar buna bariz
nümunədir. Daha dəqiq desək Paşinyanın populizminə olan məntiqi cavabdır”, -
deyə məqalədə bildirilir.
Öz növbəsində "İşıqlı Ermənistan” Partiyasının üzvü, Yerevan Ağsaqqallar
Şurasında "İşıq” fraksiyasının rəhbəri David Xajakyan bildirir ki, "qızmar yay
qaynar siyasi hadisələrlə başa çatır. Payızda isə ciddi siyasi proseslər start
götürəcək. Siyasi siklin nəticələrini analiz edən hakimiyyət vaxtilə əkdiyi
məhsulu yığır”.
Bütün bunların fonunda isə ölkədə etirazlar səngimir. Erməni xəbər
agentlikləri yazır ki, dünən əsgər valideynləri Müdafiə Nazirliyi qarşısında
etiraz aksiyası keçiriblər. Onlar hərbi hissələrdə komandirlərin övladlarına
etdikləri təzyiq və işgəncələrə son qoymalarını tələb ediblər.
Etirazçılar Ermənistan ordusunda özbaşınalıq və xaosun tüğyan etdiyi
bildiriblər. Son altı ayın statistikasına görə, orduda qeyri-döyüş şəraitində
ölən əsgərlərin sayı 33-ə çatıb. Onlardan 14-ü hərbi hissələrdəki özbaşınalığa
dözə bilməyərək intihar edib.Narazı əsgər valideynləri qeyd ediblər ki,
qeyri-döyüş şəraitində itkilərin artması hərbi hissələrdəki xaosdan xəbər
verir. Bunun nəticəsində əsgəri xidmətdən yayınma halları artıb. Cəmiyyətin
orduya inamı yoxdur. Çünki xidmət keçənlərin əksəriyyəti evlərinə, ən yaxşı
halda, əlil olaraq qayıdır. Hökuməti isə onların sonrakı taleyi maraqlandırmır.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisindən bildirilir ki, orduda baş
verən problemlərin kökündə rüşvət və korrupsiya dayanır. Ermənistan
təhlükəsizlik xidmətinin keçirdiyi istintaq nəticəsində Müdafiə Nazirliyinin
ehtiyacları üçün xərclənməli olan pulların mənimsənilməsi üzə çıxıb. İstintaq
məlumatına görə, Müdafiə Nazirliyinin yüksək rütbəli şəxsləri təchizatçı
şirkətlə cinayət əlaqəsinə girərək dəyəri aşağı olan malları bağladıqları
müqavilədə yüksək qiymətə göstərirlər. Məlumatda bildirilib ki, faktla bağlı
cinayət işi də açılıb, istintaq gedir.
Azər NURİYEV