AZE | RUS | ENG |

Paşinyana münasibət sürətlə dəyişir

Paşinyana münasibət sürətlə dəyişir
“Gallup International”ın nümayəndəsi hesab edir ki, artıq insanlar reallıqlara daha rasional yanaşmağa başlayıblar

Postinqilab dövrünün Ermənistanında hakimiyyət dəyişsə də, qaydalar və idarəçilik sistemi əvvəlki kimi qalır. Ən əsası insanların həyatında dəyişikliklər hiss olunmaz dərəcədədir. Elə bu səbəbdən də keçirilən rəy sorğuları baş nazir Nikol Paşinyanın reytinqinin sürətlə aşağı düşdüyünü üzə çıxarmaqdadır. Yerli sorğu şirkətləri ilə yanaşı, beynəlxalq sorğu təşkilatlarının da apardıqları tədqiqatlar məhz bu nəticələri ortaya qoyur. Gallup International beynəlxalq assosiasiyasının gəldiyi nəticəyə görə, əhalinin 84 faizi N.Paşinyanın iş stilini müsbət qiymətləndirsə də, iradları da var. Belə ki, təşkilatın Ermənistandakı nümayəndəliyinin rəhbəri Aram Navasardyan vacib bir məsələyə toxunur. Bildirir ki, əhalinin Paşinyana münasibətində bir il bundan əvvəlki dövrlə müqayisədə "soyuqluq” yaranıb. "Altı ay ərazində Paşinyanın fəaliyyətinə müsbət yanaşanların mövqeyində dəyişiklik var – onun mövqeyini dəstəkləyənlərin sayı 10 faiz azalıb. Bu isə ümumi eyforiya fonunun azalması ilə əlaqəlidir. 2018-ci ilin yazında baş verən hadisələrdən sonra insanlar artıq reallıqlara daha rasional yanaşmağa başlayıblar”, - deyə o bildirib. "Bəs Paşinyanla bağlı gözləntilər nə qədər özünü doğruldub” sualına respondentlərin 70 faizi bildirib ki, bu, müəyyən mənada özünü doğruldub. 12,5 faiz isə bildirib ki, özünü doğrultmayıb, 7,9 faiz respondent isə bildirib ki, tamamilə özünü doğrultmayıb. Yalnız 7,5 faiz bildirib ki, gözləntilər özünü tamamilə doğruldub. Tədqiqatda əks olunmasa da, bəlli olan odur ki, insanların inqilabdan gözləntisi çox yüksək idi. Əhali elə fikirləşirdi ki, inqilabdan sonra Qərbin investisiyaları ölkəyə sel kimi axacaq. Lakin bu, baş vermədi. Adi bir misal. "Məlumatlı vətəndaşlar ittifaqı”(MVİ) təşkilatı bildirir ki, 2019-cu ilin yanvar ayında dərc olunmuş Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının "İnvestisiyalar üzrə təxmini iş planının təsviri” adlı sənədində Aİ və Dünya Bankının Şərq Tərəfdaşlığına qatılan 6 ölkəyə infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün 2030-cu ilədək 13 milyard avro ayırmaq niyyətindədir. MVİ-nin saytında dərc olunan məlumata əsasən, "Şərq Tərəfdaşlığı” ölkələri üçün ayrılacaq ümumi məbləğdən Ermənistanın payına cəmi 732 milyon avro düşür. Digər ölkələrdən Azərbaycan - 2,078 milyard, Belarus - 1,248 milyard, Gürcüstan - 3,417 milyard, Moldova - 917 milyon, Ukrayna üçün 4,453 milyard avro nəzərdə tutulur. "Digər Şərq Tərəfdaşlığı ölkələrində layihələrin maliyyələşdirilməsi göstərir ki, Ermənistan hökuməti avtomobil yollarının tikintisindən başqa layihələri də irəli sürməsi üçün Aİ ilə təmaslarında daha yaradıcı və geniş düşüncəli olmalıdır”, - MVİ-nin sənədində qeyd olunur. Başqa bir vacib məsələ. İnqilab ərəfəsində əhali ümid edirdi ki, Rusiya hərbi bazasının ölkə ərazisindən çıxarılmasına başlanılacaq, Ermənistan Kremlin təzyiqləri altında üzv olduğu qurumları tərk edəcək. Lakin əvəzində nə baş verdi? Avrasiya İqtisadi İttifaqında iştirakı daha da gücləndi. Başqa bir maraqlı fakt. Vaxtilə Rusiya mediasında anti-erməni xarakterli bir məqalə və xəbərə belə rast gəlmək mümkün deyildi. Əvəzində isə bir ildir ki, Rusiya mediası erməniləri aşağılamaqda davam edir. Rusiya telekanallarında Paşinyanın başçılıq etdiyi "məxməri inqilab” günlərindən başlamış tənqidi xarakterli verilişlər davam etməkdədir. İqtisadi sahədə də problemlər artır – dövlət orqanlarında çalışanların kütləvi ixtisarı aparılır, qiymət artımı və inflyasiya müşahidə olunur. Baş nazir bütün bunların fonunda ölkədəki inkişafdan dəm vurur. Brüsseldə çıxış edən N.Paşinyan "kölgədən 50 min iş yerlərinin” çıxarıldığını, il ərzində büdcə gəlirinin elan edilmiş 40 milyard dram əvəzinə  62 milyard dram (təxminən 129 milyon dollar) təşkil edəcəyini bildirib. Mütəxəssislər isə bunun əksini söyləyir, şişirtmələrdən bəhs edirlər. Bundan əlavə, baş nazir hüquqi dövlət qurmaqlarından danışır, əvəzinsə isə əvvəlki hakimiyyət nümayəndələrinə qarşı hücuma keçir. "7or.am” saytının təsisçisi və politoloq Andranik Tevanyan hesab edir ki, erməni cəmiyyəti hazırda parçalanma və ayrılma prosesindədir, nifrət və düşmənçilik yayılır, yalançı daxili gündəm və təhlükəli xarici oyunlar formalaşır. Daxili siyasi vəziyyət də gərgindir. Məsələn, "Past” qəzeti yazır ki, hakimiyyət daxilində nəzərəçarpacaq proseslər baş verir. "Dəfələrlə üzə çıxıb ki, hakimiyyət daxilində ən müxtəlif qanadlar var və Paşinyan nə qədər iddia etsə də ki, belə hal yoxdur, bu qüvvələr onu üstələyir. Hakimiyyət daxilində yeni bir-biri ilə ziddiyyətdə olan əks qüvvələr formalaşır. İlk növbədə spiker Ararat Mirzoyan və baş nazirin mətbuat katibi Vladimir Karapetyan öz mövqelərini təsdiqləməyə çalışırlar. Özü də onlar arasında fikir ayrılıqları mövcud idi. Bunu sübut edən keçirilən teledebatlardır və onlardan bir çoxunun epizodları dərc edilib”, - deyə qəzet yazır. Bundan əlavə, Paşinyanı daha bir başağrısı gözləyir. Söhbət "Ayrı-seçkilik haqqında” qanun layihəsindən gedir. Ədliyyə Nazirliyi yaxın günlərdə onu parlamentin müzakirəsinə çıxarmağa hazırlaşır. "Joxovurd” qəzeti yazır ki, layihə birbaşa olaraq cinsi azlıqlar məsələsinə toxunulur. Halbuki, bu layihə bir vaxtlar ictimai təzyiq üzündən təxirə salınmışdı. İndi isə yenidən gündəmə gətirilib.   Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775