• cümə, 19 Aprel, 07:54
  • Baku Bakı 13°C

Paşinyan öz xalqını yeni reallıqlarla barışmağa çağırır

06.01.21 20:00 451
Paşinyan öz xalqını yeni reallıqlarla barışmağa çağırır
Ermənistanın baş naziri Nikol Paşinyan müəllifi olduğu "44 günlük müharibənin kökləri” adlı məqaləsi ilə əslində, ölkəsinin acı məğlubiyyətini etiraf edib. Məqalənin yazılmasında da əsas məqsəd məsuliyyəti birbaşa öz üzərindən atmaq olub. Paşinyan öz məqaləsində Ermənistan diplomatiyasının, hərb sahəsinin məğlubiyyətinin səbəbləri, ölkəsini acınacaqlı vəziyyətə aparan yol barədə danışır və hazırkı fiaskonun əsas səbəbkarlarının Koçaryan-Sarkisyan cütlüyü olduğunu bildirir. Onun fikirlərindən belə qənaətə gəlmək olur ki, uzun illər danışıqların imitasiyası yalnız zamanın uzadılmasına xidmət edib, Ermənistan istəyinə doğru bir addım belə irəliləməyi bacarmayıb. Azərbaycan isə əksinə, diplomatik cəbhədə, danışıqlar prosesində, informasiya müharibəsində, iqtisadi və hərbi güc kontekstində böyük uğurlar əldə edib. Paşinyanın bu məqalədə Ermənistanla bağlı fikirləri özü və opponentləri ilə bağlı siyasi məqsədlərlə işlədilmiş fikirlər ola bilər, ancaq Azərbaycanla bağlı fikirlər reallığın etirafıdır.
Kaspi.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Cavid Osmanovun açıqlamasında yer alıb.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın məqsədyönlü diplomatiya həyata keçirdiyinin, faktiki olaraq Ermənistanı və onun tərəfdarlarını mürəkkəb vəziyyətə saldığının etiraf olunduğunu bildirən deputat deyib: "Paşinyan etiraf edir ki, Azərbaycan Prezidenti bütün danışıqlarda qətiyyətli, prinsipial mövqe nümayiş etdirib və mövqeyini getdikcə daha da möhkəmləndirib. Həqiqətən də biz uzun illər ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səbir və qətiyyətlə bir siyasət apardığının şahidiyik. Azərbaycan Prezidenti münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, münaqişə sülh yolu ilə öz həllini tapmayacağı təqdirdə hərb variantının da qaçılmaz olacağını hər zaman vurğulayırdı. Müharibə aparmaq isə asan məsələ deyil, xüsusilə Dağlıq Qarabağ kimi mürəkkəb relyefə malik ərazidə. Məhz buna görə Müzəffər Ali Baş Komandanın apardığı ordu quruculuğu davamlı olaraq həyata keçirilir və silahlanmaya ən müasir texnikalar daxil edilirdi. Məqsəd isə dövlətimizin başçısının özünün də ifadə etdiyi kimi, "Dəmir yumruq”la düşmənin başını əzmək və torpaqlarımızı işğaldan azad etmək idi”.
C.Osmanovun sözlərinə görə, məqalədə münaqişənin tənzimlənməsi ilə əlaqədar müxtəlif formatlarda aparılmış danışıqlarda guya Ermənistan diplomatiyasının "mühüm uğurlar” qazanması barədə bu ölkənin cəmiyyətində illərlə formalaşdırılmış fikrin, əslində, illüziya, mif olduğu etiraf edilir. Uzun illər ərzində Ermənistanda siyasi hakimiyyətdə olmuş şəxslər, xüsusilə də Koçaryan və Sarkisyan erməni ictimaiyyətində onların qalib ölkə olduqlarını və işğal etdikləri ərazilərin onlarda əbədi qalacağı fikrini formalaşdırmağa çalışıblar.
Deputat vurğulayır ki, lakin bu müddət ərzində Azərbaycan bölgədəki prosesləri diqqətlə izləyir və geosiyasi şəraitdən öz mənafeyi üçün maksimum dərəcədə faydalanmağa çalışırdı. 44 günlük Vətən müharibəsi də bu deyilənləri sübut etdi. Təəccüblü olsa da, Paşinyan məqaləsində bu məqamlara da diqqət çəkib.
"Belə bir deyim var: "Məğlubiyyət yetim olur”. Məhz Paşinyan da bu acı məğlubiyyətdən boyun qaçıra bilmək və ya özünün siyasi hakimiyyətini qoruyub saxlamaq üçün məqalədə keçmiş prezident Serj Sarkisyanın hələ 2011-ci ildə 7 rayonu Azərbaycana qaytarmağa razı olduğunu xatırladır, lakin ölkəmizin Dağlıq Qarabağa status verilməməsi ilə bağlı qəti mövqeyinin olduğuna görə Kazan formulunun baş tutmadığını bildirir.
Noyabrın 10-da kapitulyasiya sənədini imzalamağa məcbur qalan Paşinyan üzərinə hücuma keçənlərə xatırladır ki, ona böyük uğursuzluqlar miras qalıb. Açıq mətnlə etiraf edilir ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından bu yana aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib”, - deyə Cavid Osmanov vurğulayıb.
Deputatın sözlərinə görə, əsas siyasəti terrorçuluq və işğalçılıq olan bir ölkənin sonu başqa cür ola da bilməzdi. Bir də ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev kimi müdrik siyasi xadimlərlə diplomatik müstəvidə bacara bilmək həqiqətən mümkün deyil. 1996-cı ildə Lissabonda keçirilən Sammiti xatırlatmaq kifayətdir. Həmin Sammitdə ulu öndər Heydər Əliyev Ermənistanı çıxılmaz vəziyyətə salmışdı. Ümumiyyətlə, aparılan danışıqlarda Azərbaycan ərazi bütövlüyü ilə bağlı heç bir güzəştə getmədi. Eyni zamanda, status məsələsi də Azərbaycanın maraqlarına zidd olub və danışılar prosesində bu məsələ birmənalı şəkildə tərəfimizdən rədd edilib: "Maraqlı olan hal odur ki, Paşinyan Ermənistan cəmiyyətinə məhz Lissabon sammitində Heydər Əliyevin Ermənistanı necə çıxılmaz vəziyyətə saldığını xatırladır və bu sammiti ölkəsinin dünyada tək qalmasının əyani nümunəsi kimi misal çəkir. Eyni zamanda, o, Azərbaycanın ardıcıl səyləri ilə Dağlıq Qarabağın statusunun gündəlikdən çıxmasının tarixçəsinə ekskurs edir, hətta Rusiyanın son illərdəki təkliflərində də status məsələsindən bəhs olunmadığını diqqətə çatdırır”, - deyə deputat vurğulayır ki, Paşinyan Aprel döyüşlərində də uğursuzluğun olduğunu etiraf edir. O, həmçinin öz xidmətlərini qabartmağa çalışaraq hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağdakı qondarma qurumu danışıq tərəflərindən birinə çevirmək üçün çox cəhdlər etdiyini, lakin hər şeyin artıq gec olduğunu bildirir. Lakin Paşinyan unudur ki, bu kimi cəhdlər və bu fikirlərdə olmaq tamamilə cəfəngiyatdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və bu bütün beynəlxalq sənədlərdə də öz əksini tapır. Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulması xülyası ermənilər üçün əbədi xülya olaraq da qalacaqdır!
"Məqalə Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin daxili auditoriyaya etirafı və izahı kimi də qiymətləndirilə bilər. Ancaq Paşinyan bu amillərin gələcəyə realist baxışda nəzərə alınmasını istəməklə, bir növ öz cəmiyyətini nəticələrlə, Azərbaycanın və onun Liderinin yaratdığı yeni reallıqlarla barışmağa çağırır.
Sözsüz ki, bu məqaləsi ilə Paşinyan məsuliyyətdən boyun qaçırmaq və günahı əvvəlki hakimiyyətlərin üzərinə qoymağa, bununla da ölkəsində özü üçün siyasi dividend qazanmağa çalışır. Lakin reallıqlar və faktlar Azərbaycanın xeyrinə işləyir. Necə ki, 44 gün ərzində apardığımız "Dəmir yumruq” əməliyyatı da parlaq Zəfərimizlə ölkəmizin xeyrinə yekunlaşdı. Bəlkə də düşmənə endirilən ağır zərbə Paşinyanın reallıq hisslərinin bərpasına səbəb olub və o, bu etirafları etmək məcburiyyətində qalıb ki, Qarabağ Azərbaycandır!”, - deyə C.Osmanov vurğulayıb.
banner

Oxşar Xəbərlər