• cümə, 29 Mart, 17:41
  • Baku Bakı 14°C

Paşinyan Ter-Petrosyanın “Mərhələli həll” planına qayıdır?

12.12.19 19:46 1996
Paşinyan Ter-Petrosyanın “Mərhələli həll” planına qayıdır?
Ekspertlər deyirlər ki, artıq bütün ermənilər Dağlıq Qarabağ münaqişəsinin başqa həlli yolunun olmadığını anlayırlar

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryan həbsxana divarları arxasından "inqilabçı hökumət”in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin olmadığını bildirib, Paşinyanı səriştəsizlikdə, qisasçılıqda, vahid iqtisadi və siyasi proqramlarının olmamağında ittiham edib. Həbsdə olan sabiq prezident Dağlıq Qarabağdakı separatçı rejimin keçirəcəyi "seçkilər”dən də bəhs edib. Onun sözlərinə görə, 2020-ci ildə keçiriləcək "seçkilər”də həddən artıq namizədin iştirakı demokratiyanın olmasından deyil, əksinə, parçalanmadan, ikitirəlikdən xəbər verir. Ermənistan parlamentinin deputatı, Erməni Milli Konqresi Partiyası sədrinin müavini Levon Zurabyan isə "İcmal” verilişinin efirində bəyan edib ki, baş nazir Nikol Paşinyan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın yaradıcısı olduğu formatı yaxın zamanlarda bərpa etmək arzusundadır. Onun fikrincə, N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şəxsi nəzəri baxışı mövcud deyil və Ter-Petrosyanın təklif etdiyi formata qayıtmaqdan başqa çıxış yolu yoxdur. L.Zurabyanın bəhs etdiyi Ter-Petrosyan formatı 1992-1994-cü illərdə işğal edilmiş yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Belə olan halda, sual yaranır: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair L.Ter-Petrosyanın vaxtilə irəli sürdüyü planı baş nazir N.Paşinyan özü üçün əsas götürə bilərmi?
Müharibə ehtimalı getdikcə artır
Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Paşinyan 90-cı illərdə Ter-Petrosyanın tərəfdarı olub. Onun sözlərinə görə, əgər Ter-Petrosyan 1996-97-ci illərdə "Mərhələli həll planı”nı qəbul etməyə hazır idisə, Paşinyan da onunla eyni mövqedədir: "Bir sıra beynəlxalq tədbirlərdə bəzi erməni ekspertləri ilə həmsöhbət olmuşam. Onlar da təsdiq ediblər ki, Paşinyan vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Ter-Petrosyanla eyni mövqeyi bölüşüb. Lakin deputat seçiləndən sonra Paşinyan bir qədər radikallaşıb, mövqeyini dəyişib. Amma bu o demək deyil ki, Ermənistanın hazırkı baş naziri yenidən əvvəlki mövqeyinə qayıda bilməz. Bütün hallarda ermənilər də anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsinin "Mərhələli həll”dən başqa həlli yolu yoxdur. Baxmayaraq ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu illərdə Ter-Petrosyan prezident idi, bunu sonda o da anladı. Fərqinə vardı ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə müharibə şəraitində yaşaması, sərhədlərini bağlı saxlaması ölkəsini uçuruma aparır. Ona görə də, istefa verərkən yazdığı son məqaləsində qeyd edirdi ki, bu gün bizim təklif etdiyimiz planı indi qəbul etməsək, sabah onu da əldə edə bilməyəcəyik. Reallıq onu göstərir ki, Ter-Petrosyan haqlı idi. Hazırda münaqişənin həlli üçün aparılan danışıqlarda hər hansı irəliləyiş yoxdur. Müharibə ehtimalı getdikcə daha da artır”.
Başqa alternativi yoxdur
Siyasi şərhçi deyir ki, Ermənistana kimin rəhbərlik etməsindən asılı olmayaraq, o, gec və ya tez, Ter-Petrosyanın mövqeyinə qayıtmağa məcbur olacaq: "Dağlıq Qarabağ münaqişəsini mərhələli şəkildə həll etməkdən başqa variant yoxdur. Bunu isə biz illərdir deyirik. İlk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar işğaldan azad olunmalı, orada infrastruktur qurulmalı, qaçqın və məcburi köçkünlər öz evlərinə köçürülməli, sərhədlər açılmalı, ardınca Dağlıq Qarabağın statusuna dair danışıqlara başlanılmalı, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa alternativi yoxdur. Əgər Ermənistan rəhbərliyi Ter-Petrosyanın təklif etdiyi planla razılaşmasa, münaqişə həllini tapmayacaq, gec-tez müharibə yenidən başlayacaq. Danışıqların heç bir faydasının olmayacağına dair qərar qəbul ediləcəyi təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək”.
Erməni diasporunun hakimiyyətə müdaxiləsi
Politoloq Nəzakət Məmmədova hesab edir ki, L.Ter-Petrosyanın vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair irəli sürdüyü planı hazırkı baş nazir N.Paşinyan özü üçün əsas götürə bilər. O, qəzetimizə açıqlamasında vurğuladı ki, bunun üçün yetərli səbəblər var: "Paşinyanla Ter-Petrosyanın çox yaxın dostluğu, şəxsi münasibətləri var. Ter-Petrosyan, Paşinyan hakimiyyətə gələndə ictimaiyyətə açıq məktubla müraciət edərək onu dəstəkləyib. Paşinyan baş nazir olandan sonra hökumət iqamətgahında onlar dəfələrlə görüşüblər. Bu görüşlər mediaya açıq olub. Bununla yanaşı, onların mütəmadi xarakter alan, mediaya qapalı olan, gizli görüşləri də olur. Hətta Ter-Petrosyan Paşinyanın müəllimi, yol göstərəni, məsləhət verəni kimi də qəbul edilir. Bunun mühüm səbəblərindən biri hər iki şəxsin xaricdəki erməni diasporu tərəfindən dəstəklənməsidir. "Qarabağ klanı”nın nümayəndələri hesab olunan Robert Köçəryan və Serj Sarkisyan daha çox Rusiyadan dəstək alıblar. Məhz "Qarabağ klanı” vasitəsilə Ter-Petrosyan hakimiyyəti devrilib. Beləliklə, Rusiya Ermənistanı nəzarətə götürüb, xaricdəki erməni diasporunun hakimiyyətə müdaxiləsinin qarşısını alıb”.

Paşinyan niyyətini həyata keçirə bilsə...
Siyasi şərhçi bildirib ki, illər sonra xarici diaspor təşkilatlarının və güc mərkəzlərinin, o cümlədən ABŞ və Fransanın dəstəklədiyi N.Paşinyan Ermənistanda "Qarabağ klanı”nı devirərək hakimiyyətə yiyələnib: "Hazırda Rusiyanın dəstəklədiyi Sarkisyan və Köçəryan Ermənistanda Paşinyan və Ter-Petrosyana qarşı cəbhə açıblar. Onu da qeyd etmək yerinə düşər ki, xarici güc mərkəzlərinə, diaspor təşkilatlarına Paşinyanın təqdimatını məhz Ter-Petrosyan verib. Bu təqdimatın, tövsiyənin nəzərə alınması nəticəsində Paşinyan hakimiyyətə gətirilib. İndi isə Ter-Petrosyan Ermənistan hakimiyyətinin "boz kardinalı” hesab olunur. Özü bilavasitə üzdə olmur, görünmür, lakin Paşinyana məsləhət və tövsiyələr verir. Ona görə də, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Paşinyanın mövqeyi ilə bağlı Köçəryanın və Zurabyanın səsləndirdiyi iddialar şübhə yaratmır. Paşinyanın Azərbaycana qarşı davranışları diplomatik demarşdan başqa bir şey deyil. O sadəcə danışır, boş-boş bəyanatlar verir. Bu bəyanatların arxasında isə real güc dayanmır. Ali baş komandan statusu daşımasına baxmayaraq, Paşinyan Ermənistan ordusuna tam nəzarət etməyi də bacarmır. Bu kimi səbəblərdən Paşinyan müqavilə əsasında – muzdlu ordu formalaşdırmağı, Dağlıq Qarabağda keçiriləcək "seçkilərdə” öz adamını "hakimiyyətə” gətirməyi planlaşdırır. O, yalnız bu niyyətlərini həyata keçirəndən sonra Ter-Petrosyanın vaxtilə təklif etdiyi həll planının reallaşdırılması istiqamətində nə isə addım ata bilər”.

Baş nazirin ikili mövqeyi
Politoloq Mübariz Əhmədoğlu da bizimlə söhbətində vurğuladı ki, L.Zurabyan Ermənistanın sabiq prezidenti L.Ter-Petrosyanın tərəfdarıdır. Onun sözlərinə görə, N.Paşinyan da 2015-ci ilə qədər L.Ter-petrosyanın açıq-aşkar tərəfdarı olub. M.Əhmədoğlu söylədi ki, N.Paşinyanın əsas siyasi dünyagörüşü L.Ter-Petrosyanın ideyaları altında formalaşıb: "Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə tutduğu mövqe ikili xarakter daşıyır. O, beynəlxalq təşkilatlarda, ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiya prezidenti ilə keçirdiyi görüşlərdə münaqişənin tənzimlənməsinə hazır olduğunu göstərir. Bu görüşlərdən belə nəticə çıxır ki, Paşinyan Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu başa düşür, qəbul edir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsini məqbul sayır. Amma erməni baş nazir Ermənistan ictimaiyyəti, həmçinin işğal altındakı Dağlıq Qarabağda yaradılan qondarma qurumun təmsilçiləri və oradakı əhali, ümumən media ilə görüşdə fərqli münasibət ortaya qoyur. Əsas arqumenti də budur ki, münaqişə 3 subyektin, yəni Dağlıq Qarabağ "xalqının”, Ermənistan və Azərbaycan xalqlarının maraqları nəzərə alınmaqla həll edilməlidir. Paşinyanın mövqeyi əvvəlki Ermənistan rəhbərlərinin mövqeyindən kəskin fərqlənir. Sərkisyan və Köçəryan heç vaxt bildirməyiblər ki, münaqişənin həllində Azərbaycanın maraqları təmin olunmalıdır. Bunu qəbul etməyiblər. Paşinyan isə sərgilədiyi bu mövqe ilə özünü Ter-Petrosyanın tərəfdarı kimi aparır. Çünki, Ter-Petrosyanın vaxtilə təklif etdiyi planda işğal altındakı ərazilərin Azərbaycana qaytarılması, Dağlıq Qarabağın statusunun müəyyən vaxtdan sonraya saxlanılması, Azərbaycanla Ermənistanın əlaqələri bərpa etməsi məsələləri əksini tapırdı”.
Əlavə iki nüans
Siyasi şərhçi bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları nəzərə alınmaqla həllini tapması variantını artıq N.Paşinyan dövriyyəyə buraxıb: "Məhz buna görə də erməni ictimaiyyəti münaqişənin həllinə münasibətdə Paşinyanı Ter-Petrosyanın davamçısı, tərəfdarı hesab edir. Bununla bərabər, erməni baş nazirin mövqeyində əlavə iki nüans var. Bəzən o, bilərəkdən, yaxud bilməyərəkdən elə mövqe sərgiləyir ki, bundan əvvəl ortaya qoyduğu mövqedən kəskin fərqlənir. Bir tərəfdən "Azərbaycanın maraqları təmin olunmalıdır” söyləyən Paşinyan, digər tərəfdən işğal altındakı Dağlıq Qarabağa səfər edir, orada kəskin bəyanatlar səsləndirir, hətta gələn il orada keçiriləcək "seçkilərə” müdaxilə etmək qərarına gəlir. İndiyə qədər heç bir Ermənistan rəhbəri Dağlıq qarabağdakı "seçkilərə” bu səviyyədə müdaxilə etməyib, işğalçılığı bilavasitə təsdiqləyən bəyanatla çıxış etməyib. Ümumilikdə, Paşinyan Dağlıq Qarabağ məsələsində Ermənistan cəmiyyəti üçün inqilabi vəziyyət yaradıb. Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlar prosesində iştirak etməsi barədə fikirlər də Ermənistan hakimiyyətinə yaxın adamlar vasitəsilə gündəmə daşınmaqdadır. Onu da nəzərdən qaçırmayaq ki, Ermənistanda hər şey bu dəqiqə dövlət nəzarətindədir. Orada demokratiya və sair məsələlərin mövcudluğu boş söhbətlərdir. Paşinyan daha çox diktatura qurub, nəinki demokratiya. Ermənistanın hökumət dairələrinin, rəsmi şəxslərin söyləyə biləcəyi bütün sözlər, fikirlər kəskin senzura altındadır. Paşinyanın partiyasından olan bir deputat Dağlıq Qarabağ münaqişəsi barədə fərqli fikir bildirən kimi baş nazir şəxsən özü ona zəng vurub irad bildirir”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər