• cümə, 26 Aprel, 12:13
  • Baku Bakı 23°C

Paşinyan separatçılara qarşı total hücuma keçdi

13.12.18 17:30 518
Paşinyan separatçılara qarşı total hücuma keçdi
Nikol Paşinyanın, hakimiyyətini möhkəmləndirdikdən sonra ilk hədəf kimi qondarma "Dağlıq Qarabağ Respublikası”nı seçəcəyi barədə proqnozlar özünü doğruldur. Separatçı rejimi özü üçün əsas təhlükə hesab edən yeni erməni rəhbərliyi onu zəiflətmək üçün total hücuma keçib. Erməni xəbər saytlarının yaydıqları xəbərlərə görə, Dağlıq Qarabağdakı qondarma rejimin daxilində ciddi çaxnaşmalar başlayıb. Ermənistanda nəşr edilən"Qraparak” qəzetinin yazdığına görə, Dağlıq Qarabağın qondarma "müdafiə naziri” Levon Mnatsakanyan vəzifəsindən azad edilib. Onun yerinə separatçı rejimin "silahlı qüvvələrinin baş qərargah rəisi” Karen Abramyan təyin olunub. Qəzetin yazdığına görə, "təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan da tezliklə işdən çıxarılacaq. Habelə qondarma rejimin başçısı Bako Saakyanın müşaviri Arşavir Qaramyanın da işdən çıxarılacağı gözlənilir. İşdən çıxarılanlar və çıxarılması gözlənilənlər hamısı Ermənistanın baş naziri Nikol Paşinyanın qəzəbinə tuş gələnlərdir. O da bildirilir ki, "DQR”in qondarma keçmiş "baş naziri” Araik Arutyunyan hazırda Moskvadadır. İstisna deyil ki, erməni hakimiyyəti, eləcə də Moskva onu Bako Saakyanın yerinə namizəd kimi nəzərdən keçirir.Bildirilir ki, Arutyunyan Ermənistanın yeni hakimiyyətinə qarşı özünü "düzgün aparıb”.


Qondarma "DQR müdafiə nazirliyinin” mətbuat katibi Senor Həsrətyan Levon Mnatsakanyanın işdən çıxarıldığı haqda məlumatlı olmadığını bildirib."Əgər belə şey olacaqsa, rəsmi məlumat yayılacaq”- o deyib. Hərçənd Mnatsakanyanın işdən çıxarıldığı haqda xəbərlər sosial şəbəkələrin erməni seqmentində də yayılmaqdadır.
Xatırladaq ki, bir müddət əvvəl Paşinyanla işğalçı rejimin rəhbərliyi arasında söz davası yaşanmışdı. Azərbaycanla həmsərhəddə yerləşən Çəmbərək şəhərində seçiciləri ilə görüşü zamanı Dağlıq Qarabağdakı qondarma rejimi sərt tənqid edən Paşinyan, onları hədələmişdi. N.Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin Ermənistandakı siyasi proseslər barədə tez-tez şərhlər verməsinə hiddətlənib: "Məni ittiham etdilər ki, bax, hakimiyyətə gəldim və Qarabağı satıram”. Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin "prezidenti” Bako Saakyanın mətbuat katibi David Babayanı da hədəf alıb. Onu hiddətləndirən isə Babayanın Paşinyanın öz oğlunu Qarabağa hərbi xidmətə göndərdiyini xatırlatmasını "spekulyasiya” adlandırması olub. "Mən Dağlıq Qarabağ nümayəndələrinin fəallığını başa düşmürəm. Onlar niyə fəallaşıblar? Nəyə görə Ermənistandakı parlament seçkiləri ilə bağlı təbliğat kampaniyasında öz iştiraklarını bu cür büruzə verirlər?” - Paşinyan deyib. Nikol Paşinyan David Babayanın özünü "qeyri-korrekt” apardığını və səlahiyyətlərini aşdığını bildirib: "Cənab Bako Saakyan, sizi "nazirlər kabineti”nizin nümayəndələrini özlərini abırlı aparmağa dəvət etməyə və onları işə göndərməyə çağırıram. Nəyə görə Qarabağın "prezidenti”nin mətbuat katibi mənim açıqlamalarımı şərh etməlidir? Mənim mətbuat katibim Qarabağdakı məlum olan və olmayan hadisələri şərh etsə, nə olacaq? Bunun nəticələrini və hansı fəsadlar doğuracağını təsəvvür edirsiniz? Özünüzə gəlin və öz işinizlə məşğul olun. Əlbəttə, mən sizinlə müzakirələr aparacağam, amma artıq seçkilərdən sonra. Ona qədər isə təkrar edirəm, öz işinizlə məşğul olun!” Qeyd olunmuşdu ki, Ermənistanın müstəqilliyi dövründə ölkə rəhbərliyi Qarabağ separatçıları ilə ilk dəfədir belə açıq şəkildə və hədələyici tonda danışır.

Bir faktı da qeyd edək ki, Paşinyanın yaxın kadrlarından olan Sasun Mikaelyan seçkilərdən bir qədər əvvəl "aprel inqilabı Qarabağ savaşındakı qələbədən daha böyükdür” açıqlaması ilə çıxış etmişdi, bu isə qondarma rejimdə ciddi etirazlara səbəb olmuşdu. Qondarma rejimin "müdafiə naziri” Levon Mnatsakanyan bu açıqlamaya qarşı çox ağır formada təhqir işlətmişdi. Paşinyan həmin vaxt qondarma rejimin siyasi rəhbərliyinin ətrafına nəzarət edə bilmədiyini və seçkilərdən sonra bu məsələyə yenidən qayıdacağını bəyan etmişdi. Bu fonda ilk olaraq Mnatsakanyanın istefaya göndərilməsi təəccüblü deyil. Paşinyanın başlatdığı bu istefa dalğası davamlı olacaq və o, separatçı qurumda Saakyanın sadiq kadrlarını tamamilə təmizləməyənədək bu siyasətindən əl çəkməyəcək. Proseslərin gedişi isə onu deməyə əsas verir ki, növbədə separatçıların lideri Bako Saakyandır.
Son məlumatlara görə, Yerevanda Paşinyanla Bako Saakyan arasında görüş baş tutub. Çox güman ki, əsas məsələlərdən biri Saakyanın könüllü şəkildə istefaya getməsi ola bilər.

Azər
banner

Oxşar Xəbərlər