• cümə axşamı, 18 aprel, 12:06
  • Baku Bakı 22°C

Paşinyan Rusiyaya meydan oxuyur?

07.05.20 15:21 706
Paşinyan Rusiyaya meydan oxuyur?
Erməni baş nazir bidirib ki, bundan sonra üçüncü növ ölkə olmayacaqlar
Nikol Paşinyan, deyəsən, "forpost” damğasını ölkəsinin üzərindən götürmək niyyətindədir. Bu təşəbbüsünün uğurla başa çatacağını isə proqnoz etmək çətindir. Baş nazir parlamentdə çıxışı zamanı deyib ki, Ermənistan tam yeni xarici siyasət konsepsiyası qurur və daha üçüncü növ ölkə statusu ilə barışmaq niyyətində deyil. Paşinyan Ermənistanın, artıq özünü, fikri ilə hesablaşılmalı olan ölkə kimi göstərəcəyini deyib. Onun sözlərinə görə, hakimiyyət xarici tərəfdaşlarına hörmətlə yanaşır və onlardan da analoji münasibət gözləyir: "Biz döyülməməyimiz üçün başımızı əlimizlə örtmək, ya da cavab zərbələri endirmək istədiyimizə görə qərar qəbul etməliyik. Əlbəttə ki, biz konstruktiv və konfliktsiz münasibətlər qurmaq istəyirik, amma mən ikinci variantı seçmişəm. Yerdə qalan hər şey detallardır. Diplomatik korpus, hələlik yeni oyun qaydalarına tam adaptasiya olmayıb və bütün əməkdaşların heç də hamısı yanaşmalarımı qəbul etməyiblər. Amma diplomatların əhəmiyyətli hissəsi mənim mövqeyimi qəbul edir”. Nikol çıxışı zamanı onu da deyib ki, Ermənistan hakimiyyətinin 2019-cu ildə həllini tapmadığı problem, müstəqil məhkəmə sistemidir. Onun sözlərinə görə, hökumətin idarə etmədiyi məhkəmə sisteminə ehtiyac var. O, həmçinin hakimiyyətin ən böyük uğursuzluğunun xalqdan oğurlanan vəsaitləri geri qaytarmaq prosesini reallaşdıra bilməməsi olduğunu deyib. Qeyd edək ki, Paşinyan, əslində, məhkəmə hakimiyyətini nəzarət altına ala bilməməsindən narahatdır. Belə ki, o, məhkəmənin siyasi hakimiyyətin maraqlarına uyğun olmayan qərarlarına bir çox hallarda "xalq etirazlarının” təşkili və şantajlarla mane olur.
Yeri gəlmişkən, Paşinyanın çıxışında əsas diqqət çəkən məqam ölkəsinin müstəqil dövlət kimi qələmə vermək istəyidir. Bütün müzakirələr də bu yöndədir. Onun konkret hansı dövləti nəzərdə tutduğunu açıqlamasa da, bəllidir ki, söhbət Rusiyadan gedir. Baş nazir ad açıqlamasa da, ona yaxınlığı ilə seçilən "Sasna Çrer” Partiyasının sədri Jirayr Səfilyan artıq açıq şəkildə Rusiyanı ittiham edib. Onun sözlərinə görə, Kreml çalışır ki, Ermənistan hakimiyyətinə təzyiqlər edərək, ondan Qarabağ məsələsində güzəşt alsın. O, həmçinin Kremlin Paşinyanı devirmək istədiyini və bu işdə "beşinci kolon”dan istifadə etdiyini bildirib: "Qarabağ məsələsi, Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı son bataqlığı olaraq saxlamaq üçün aktuallaşdırılıb”. Onun fikrncə, Qarabağ məsələsində aktivlik həm də Rusiyanın Ermənistanda siyasi dəyişiklik istəməsi ilə bağlıdır: "Biz bilirik ki, iki il öncə dəyişikliklərin məqsədi, ilk növbədə hakimiyyətə Nikol kimi adamı gətirmək yox, Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmaq idi. Onların məqsədi Karen Karapetyanı baş nazir etmək idi. Bu plan uğursuzluğa düçar oldu. Rusiya qarşısına məqsəd qoyub ki, Nikoldan canını qurtarsın. Son günlər biz görürük ki, "beşinci kolon” Paşinyana qarşı hücuma başlayıb və bunun nəticəsində Ermənistanda hakimiyyət dəyişikliyi baş verməlidir”.
Erməni cəmiyyəti, eyni zamanda Nikol Paşinyanı Sergey Lavrovun Qarabağla bağlı danışıqlar stolu üstündə olan plan barədə açıqlamasına şərh verməməkdə də ittiham edirlər. Məsələn, erməni vəkil Vahe Yeprikyan öz "Facebook” səhifəsində yazıb ki, Nikol faktiki olaraq həm Lavrova, həm özünə, həm də erməni ictimaiyyəti ilə səmimi olmaqla bağlı Azərbaycanın çağırışlarına cavab vermədi”. O qeyd edib ki, Nikolun istefa tələbi ətrafında birləşmiş vahid müxalifət, yaxın gələcəkdəki məhkəmə prosesi və Robert Koçaryanın azad buraxılması, böyük sürət toplamış dövləti məhvetmə tullantısını dayandırmaq üçün son şans ola bilər. "Ya Nikol Ermənistanda hakimiyyətdən, ya da Ermənistan dünya xəritəsindən uzaqlaşmalıdır”, - deyə erməni vəkil bildirib. Politoloq Stepan Danielyan isə öz "facebook” səhifəsində yazıb ki, Nikol Paşinyanın güc strukturlarına qarşı dərin insamsızlığı var və bu inamsızlıq qarşılıqlıdır. Danielyan qeyd edib ki, baş nazirin qaynının Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktorunu xarici casus olmaqda ittiham etməsi, əslində bütün struktura qarşı ittihamdır. "Silahlı qüvvələrə qarşı da inamsızlıq var, generala ünvanlanmış ittihamları xatırlayaq”, - deyə erməni politoloq bildirib.
Yeri gəlmişkən, Rusiya ilə Ermənistan arasında növbəti gərginlik biolaboratoriyalarla bağlıdır. Məlum olduğu kimi, Rusiya Ermənistanda və postsovet məkanının bir sıra digər ölkələrində fəaliyyət göstərən ABŞ sərmayəsi hesabına qurulmuş və ya modernləşdirilmiş biolaboratoriyaların fəaliyyətinə çox əsəbi reaksiya göstərir, bunları yaxın sərhədlərində bioloji təhlükə hesab edir. Regional və beynəlxalq mətbuatda yayılan məlumatlara görə, Ermənistanda da on iki belə laboratoriya var və hakimiyyət onları Ermənistanın mülkü olduğunu iddia etsə də, Rusiya dairələrində fərqli fikirdədirlər. Xüsusilə, Rusiya tərəfi hesab edir ki, postsovet məkanının digər ölkələrində, eləcə də Ermənistanda bu laboratoriyalar nominal və ya şərti olaraq yerli dövlət orqanlarına aiddir və Ermənistan hakimiyyəti bu biolaboratoriyalara eyni şəkildə nominal olaraq nəzarət edir. Rusiya tərəfini təmsil edən bəzi təhlilçilərə və hətta siyasətçilərə görə, biolaboratoriyalarla bağlı Ermənistan-Rusiya memorandumunun imzalanmasının təxirə salınması anlaşılmazdır. 2018-ci ildə Paşinyan Rusiya mütəxəssislərinin artıq bu biolaboratoriyaları ziyarət etdiklərini və rusiyalı mütəxəssislər üçün heç bir problem olmadığını, Ermənistanın baş naziri olduğu müddətdə rus mütəxəssislərin bu laboratoriyalara baş çəkməsində heç bir problem olmayacağını bəyan etmişdi. İndi isə görünür, fikrini dəyişib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər