• çərşənbə axşamı, 16 aprel, 23:33
  • Baku Bakı 18°C

Paşinyan “Qazprom”u da hədəfə aldı

15.11.18 18:28 558
Paşinyan “Qazprom”u da hədəfə aldı
Rusiya ilə Ermənistan arasında gərginlik bu dəfə tamam başqa sahədə, iqtisadi sferanı əhatə edib. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Dəmir Yolları ASC-nin ardınca, bu ölkənin qaz nəhəngi -"Qazprom”a, daha dəqiq desək, onun törəmə müəssisəsi olan "Qazprom-Ermənistan”a qarşı total hücuma keçib. Rusiya nəşrlərinin yaydıqları məlumata görə, Ermənistandakı Rusiya biznesinə vergi məsələləri ilə bağlı ciddi korrupsiya iradları var. "Kommersant” yazır ki, hökumət vergi iddialarının xarici siyasi faktorlarla əlaqəli olmasını təkzib edir. Bəziləri isə hesab edir ki, vergi iddiaları ölkənin əvvəlki hakimiyyət ilə mübarizəsinin tərkib hissəsidir. Beləliklə, korrupsiya iddiası ilə Paşinyanın "dəyənəyi” rolunda çıxış edən Ermənistan Dövlət Gəlirləri Komitəsi çıxış edib. Qurum "Qazprom-Ermənistan” qapalı səhmdar cəmiyyətində apardığı təftiş zamanı bir sıra pozuntular və külli miqdarda vergidən yayınma hallarını aşkar etdiyini bildirib. Komitənin məlumatına görə, kompleks vergi yoxlamaları nəticəsində ciddi qanun pozuntularına yol verildiyi müəyyənləşib. Məsələn, məlum olub ki, "Qazprom-Ermənistan” 2016-2017-ci illərdə vergi orqanlarına təqdim etdiyi gəlir sənədlərinə yanlış göstəriciləri daxil edib və nəticədə qanunda nəzərdə tutulandan milyardlarla dram az vergi ödəyib. Bu da bildirilir ki, şirkətin yol verdiyi pozuntular qaz itkilərinin araşdırılması zamanı da aşkar olunub. Ermənistan Dövlət Gəlirləri Komitəsinin məlumatında deyilir: "Aşkar edilib ki, qazpaylama sistemində 2018-ci ilin may-iyun aylarında, elə bu ilin yanvar-may ayları ilə müqayisədə qaz itkisi üç dəfə azalıb”. Məlumatda deyilir ki, Dövlət Gəlirləri Komitəsinin istintaq idarəsində Cinayət Məcəlləsinin vergi, rüsum və başqa öhdəlik ödənişlərindən külli məbləğdə yayınma maddəsinə əsasən cinayət işi qaldırılıb.
Hazırda "Qazprom-Ermənistan” tərəfindən dövlətə dəymiş ziyanın tam müəyyən edilməsi, habelə təbii qazın istehlakı sahəsində yol verilmiş korrupsiya faktlarının müəyyənləşdirilməsi üçün təhqiqat aparılır. Məlumatda bildirilir ki, söhbət iri məbləğdə vergi yayınmalarından da gedir. "Qazprom-Ermənistan” QSC onun suallarına cavab verməkdən imtina edib. Şirkətin yaydığı məlumatda yalnız o bildirilir ki, vergi yoxlamaları oktyabrın 1-dən başlayıb və nəticələr açıqlanmayıb. Və komitəyə indiyə qədər bir dənə də olsun vergi qanunvericiliyinin pozulması barədə məlumat təqdim edilməyib. Əvəzində isə heç bir müzakirə aparılmadan kütləvi informasiya vasitələrinə əsaslandırılmamış məlumatlar ötürülür.
Məlumat üçün bildirək ki, "Qazprom” "Qazprom-Ermənistan”da 100 faiz paya sahibidir. Məlumatlardan o da aydın olur ki, əsas yeyintilər qazdoldurma stansiyaları ilə bağlıdır. Məsələ ondadır ki, Ermənistanda avtomobillərin böyük bir hissəsi qazla işləyir. "Kommersant” yazır ki, iyul ayında Dövlət Gəlirləri Komitəsi bir neçə qaz doldurma stansiyasında, o cümlədən "Qazprom-Ermənistan”a tabe olan "Avtoqaz”da yoxlamalar başlamışdı. Avqust ayında isə komitə "Rusiya Dəmir Yolları” ASC-nin törəmə müəssisəsi olan "Cənubi-Qafqaz dəmir yolu”nu vergi pozuntularında ittiham etmişdi. O zaman baş nazir olan Paşinyan erməni tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti aparmışdı, sonra isə "Cənubi-Qafqaz dəmir yolu”nun rəhbəri Sergey Valko ilə görüşmüşdü.
Yeri gəlmişkən, erməni vergi xidmətinin "Qazprom-Ermənstan”a iddiaları, Ermənistana verilən qazın qiymətinin aşağı salınması Rusiya Yanacaq və Energetika Nazirliyi və "Qazprom”la keçirilən danışıqlarla eyni vaxta təsadüf edir. İlin sonuna kimi qüvvədə olan razılaşmaya müvafiq olaraq, Ermənistan qazı hər min kub metrə görə 150 ABŞ dollarına alır. Rəsmi Yerevan isə qiymətin aşağı salınacağına ümid edir.
Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan "Qazprom-Ermənistan”la bağlı məsələnin ölkənin beynəlxalq münasibətlərində problem yaradacağını istisna edir.
"Ermənistanın müvafiq orqanlarının qanuni hərəkətlərinin beynəlxalq münasibətlərə təsir edəcəyinin düşünmürəm”. Bu sözləri isə Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan da vergi ödəyicilərinin hərəkətini Rusiya biznesinə hücum kimi dəyərləndirmir. Onun sözlərinə görə, belə hallar Ermənistanda fəaliyyət göstərən ən müxtəlif firmalara qarşı da həyata keçirilir. "O ki qaldı "Qazprom”a - burada vəziyyət itkilərlə bağlıdır. Bu səbəbdən də, hesab edirəm ki, Rusiya-Ermənistan münasibətlərində ciddi pisləşmə hallarının baş verəcəyini gözləmək olmaz”, - deyə əlavə edib. Enerji təhlükəsizliyi üzrə ekspert Vaqe Davtyan da hesab edir ki, Dövlət Gəlirləri Komitəsinin bəyanatında antirusiya izi yoxdur. Onun qənaətincə, "Qazprom-Ermənistan” və Rusiyanın digər dövlət kompaniyalarında korrupsiya faktlarının üzə çıxarılması tək Ermənistanın deyil, digər törəmə müəssislərin də marağında olan məsələdir. "Nəzərə alaq ki, erməni tərəfinin əsas ittiham hədəfi Rusiyanın aparıcı şirkətləri yox, əvvəlki hakimiyyətdir”, - deyə Davtyan "Kommersant”a bildirib.
Yeri gəlmişkən, Rusiyanın himayəsi altında olan bəzi orqanlar dərhal hakimiyyətə qarşı hücuma keçib. "Joxovurd” qəzeti yazır ki, kimin bu məsələdə haqlı olduğunu zaman göstərəcək. "Dövlət Gəlirləri Komitəsi bu ittihamları əsaslandırmalıdır. Lakin burada bir məsələ diqqət çəkir – nə üçün Dövlət Gəlirləri Komitəsi məhz indiki vaxtda belə bir addımı atıb? Bəlli olduğu kimi, qazın qiymətinin aşağı salınması məsələsi gündəmdədir və bu məsələ dekabrın 6-da həllini tapmalıdır. Məhz həmin tarixdə Putin-Paşinyan görüşü keçirilməlidir. Görüş ərəfəsində belə bir addımın mənfi nəticələri ola bilər. Rusiya tərəfi görüş ərəfəsində tarifləri aşağı salmaq istəməz. Bu, danışıqlar ərəfəsində təxribat və yaxud "Qazprom” küncə dirəmək cəhdidir? İstənilən halda, belə məsələlərdə həddən artıq ehtiyatlı olmaq pis olmazdı”, - deyə qəzet yazıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər