AZE | RUS | ENG |

Paşinyan-Koçaryan qarşıdurmasında növbəti mərhələ

Paşinyan-Koçaryan qarşıdurmasında növbəti mərhələ
Baş nazirin təzyiqlərindən sonra Ermənistan Ali Məhkəmə Şurasının sədri istefaya gedib

Ermənistanda Paşinyan-Koçaryan qarşıdurması növbəti mərhələyə daxil olur. Eks-prezidentin həbsdən azad edilməsi barədə qərarla razılaşmayan baş nazir Nikol Paşinyan, hüquq-mühafizə orqanlarını qəti və radikal addımlar atmağa məcbur etməkdədir. Artıq Paşinyanın təzyiqləri altında Ermənistan Ali Məhkəmə Şurasının sədri Qagik Arutyunyan istefaya gedib. Bunu jurnalistlərə açıqlamasında şuranın mətbuat katibi Arman Xaçatryan deyib. Qeyd edək ki, bundan öncə Robert Koçaryanı azad etdiyinə görə, Nikol Paşinyan xalqı məhkəmələrin girişlərini tutmağa səsləmişdi. Aksiyadan az sonra Paşinyan Arutyunyanla qapalı görüş keçirmişdi. Ali Məhkəmə Şurası Serj Sarkisyan dönəmində yaranıb. Arutyunyan isə hazırkı vəzifəsinə məhz Sarkisyan tərəfindən gətirilib. Sarkisyan hakimiyyətdən getsə də, Arutyunyan onunla sıx bağlı olub. Bundan əlavə, erməni xəbər agentliklərinin məlumatına görə, prokurorlar keçmiş prezident Robert Koçaryanın məhkəməsinin təxirə salınması və barəsində həbs qətimkan tədbirinin ləğvindən apelyasiya şikayəti veriblər. Baş Prokurorluqdan erməni saytlarına bildirilib ki, ilkin instansiya məhkəməsinin hər iki qərarından şikayət verilib.
Bir faktı da qa qeyd etmək yerinə düşər ki, Koçaryanın həbsdən azad edilməsi separatçılarla Yerevan arasında münasibətləri də gərginləşdirib. Məsələn, erməni qəzeti "Jamanak” yazır ki, tanınmamış "DQR” generalitetinin nümayəndələri və Ermənistan oliqarxları Paşinyanın vəzifəsindən devrilməsi məqsədi ilə sui-qəsd məsələsini müzakirə edirlər. "Novosti Armeniya” qəzeti yazır ki, sui-qəsd müzakirəsi "Oqanovski” kimi tanınan "DQR” müdafiə nazirinin keçmiş müavini Samvel Karapetyan tərəfindən Ermənistanın məşhur oliqarxlarından birinin malikanəsində təşkil edilib. Qəzetin yazdığına görə, əvvəllər Respublika Partiyasından Ermənistan Milli Məclisinin deputatı olmuş biznesmen Samvel Aleksanyan da yığıncaq iştirakçıları arasında olub. Nəşr vurğulayıb ki, görüş iştirakçıları Nikol Paşinyan hökumətini devirmək üçün hər şeyi etməyə söz veriblər. Materialın dərc olunduğu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, respublika hakimiyyətində mümkün sui-qəsd haqqında narahatlıqlar var. Bununla belə, o, əlavə edib ki, bu haqda çox açıq danışmaq olmaz. Jurnalistlərin "sui-qəsdlə məşğul olanlar xarici, yoxsa daxili qüvvələrdir” sualına cavabında Qriqoryan bildirib ki, onlar müəyyən dərəcədə bir-birilərinə bağlıdırlar. Daha əvvəl - 20 mayda isə Ermənistanın baş naziri bildirmişdi ki, onun siyasi opponentləri Qarabağda Ermənistanla "DQR” arasında qarşıdurma yaratmaq üçün ona qarşı "yalan təbliğat” aparacaqlar. O, bunu məhz kimlərin edəcəyini dəqiqləşdirməmişdi, lakin bəyan etmişdi ki, Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı və Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanı olaraq bu sui-qəsd niyyətlərinin qarşısını almaq üçün ən sərt tədbirlər görəcək.
"Aravot” qəzeti isə yazır ki, separatçı qurum ərazisində fəaliyyət göstərən bir sıra ictimai-siyasi təşkilatlar, şəxslər "Miatsum” adlı yeni siyasi birlik yaradıldığı barədə bəyanat qəbul ediblər. Bəyanatda deyilir ki, Qarabağ erməniləri milli və dövlətçilik ideyalarını rəhbər tutaraq belə bir təşkilat yaradır. Konkret hədəflər müəyyən edilməsə də, bəllidir ki, bu qurum birbaşa Paşinayana qarşı yönəlib.
Baş nazirə qarşı sərt bəyanatlar səsləndirən "Daşnaksütyun” Paşinyanın "Qarabağda bəzi qüvvələrin müharibəyə başlamağa sövq etdikləri” barədə bəyanatını təhlükəli hesab edir. Bunu daşnakların nümayəndəsi Armen Rustamyan bəyan edib. Paşinyanın Qarabağda sui-qəsdçilər olması bəyanatına toxunan Rustamyan, bunun Ermənistan üçün təhlükəli olduğunu deyib: "Əgər bu bəyanatlar konkret fakt yox, yalnız şübhələrdisə, o zaman bu, təhlükəlidir. Bu, Azərbaycan üçün hədiyyə deməkdir. Belə təəssürat yaranır ki, müəyyən şəxslər hakimiyyəti ələ alsalar da, nə edəcəklərini bilmirlər. Biz blokada və müharibə şəraitindəyik, amma bu şəraitdə inkişafa məcburuq. Biz ölkəni, düşmənə güzəştə getmədən inkişaf etdirməliyik”. Onun qənaətincə, indiki hakimiyyətin atdıqları addımların arxasından Levon Ter-Petosyanın qulaqları görünür: "Hökumətin sevgi və həmrəylik qışqırıqları fonunda cəmiyyətdə nifrət və düşmənçilik güclənir. Hakimiyyət anlamır ki, keçmiş hakimiyyətlərlə bağlı daimi müqayisələr aparmaqla, onlara bənzəməyə başlayır. Keçmişdə çoxlu yaxşı şeylər də olub. Özünüzə gəlin, tarix sizdən başlamır. Əldə edilənləri qiymətləndirməsək, hər şeyi itirə bilərik”. Paşinyan hökuməti barədə danışan Rustamyan bildirib ki, irəli-irəli qışqırmaqla, əksinə, geriyə - bir nəfərin hakimiyyətinə, monarxiyaya dönürük: "Lakin bu dəfə guya xalqın tələbi və iradəsi ilə. Hətta elə mərhələyə gəlib çatmışıq ki, xalqın adından mütəmadi olaraq konstitusiya quruluşunu devirmək, qanunlardan yan keçməklə istənilən dövlət orqanının səlahiyyətlərini əlindən ala bilirlər. Bu proses konstitusiyalı dövlətin sonu deməkdir”. Onu da qeyd edək ki, daşnaklar Yerevanda aksiya da keçiriblər. Əsas şüar da indiki hakimiyyətə yönəlib – "Ciddi olun və işlə məşğul olun”. Mitinq daşnakların və digər siyasi qüvvələrin Paşinyanın son addımına reaksiya kimi qələmə verilib.
Bu arada Paşinyan hakimiyyəti ABŞ-dan ciddi bir zərbə alıb. Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ səfəri çox uğursuz olub. Bunu "Qraparak” qəzeti yazıb. Qəzetin yazdığına görə, Ermənistanın ABŞ-dakı səfirliyinin səylərinə baxmayaraq, rəsmi Vaşinqtonun heç bir yüksək vəzifəli nümayəndəsi onu qəbul etməyib: "Bu azmış kimi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da onu qəbul etməkdən imtina edib. O, Yerevana səfəri zamanı da Qriqoryanla təkbətək görüşmək istəmədiyini bildirmişdi. Onda Con Boltonun ofisinin nümayəndəsi Qriqoryanı icma təmsilçiləri ilə birlikdə qəbul etmişdi. Yeri gəlmişkən, ABŞ-da Braziliya Kosmik Agentliyinin rəhbəri Karlos de Mourla görüşdüyü üçün Yerevanda onu "kosmonavt Qranuş Akopyan” deyə çağırmağa başlayıblar”.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982