Paşinyan hökumətinə müxalif yeni müxalif partiya formalaşır

Paşinyan hökumətinə müxalif yeni müxalif partiya formalaşır

Siyasət
19 İyun 2019, 17:28 213
Ermənistanda baş nazir Nikol Paşinyan iqtidarına müxalif, sosial şəbəkələrdə onun hökumətini erməni eyniyyəti və dəyərlərinə "təhlükə” kimi təsvir edən yeni partiya güc toplamaqdadır. "Adekvad” adlanan qurumun əsasını hakimiyyəti kəskin tənqid edən və minlərlə üzvü olan facebook qrupu kimi fəaliyyət göstərən eyni adlı ictimai hərəkat təşkil edir. "Adekvad” facebook qrupu ötən il "məxməri inqilab”dan sonra, iyun ayında təşkil olunub və hazırda təxminən 28 min abunəçisi var. Mayın sonunda yeni partiya yaradılmasını Facebook sosial şəbəkəsi vasitəsilə bəyan edən "Adekvad” Partiyasının liderləri "Ermənistanda hazırkı əlil siyasi sistem”in istər daxili, istərsə xarici siyasət yönləndirmək, iqtisadi, hərbi, sosial və hüquq sahələrindəki ciddi problemləri həll etmək iqtidarında olmadığını bildirirlər. "Bu problemlər getdikcə daha da şiddətlənir, çünki hazırkı siyasi sistem ümumən, eləcə də onun ayrı-ayrı element və strukturları sadalanan çağırışlara adekvat reaksiya vermək qabiliyyətini itirib”, - partiya təsisçilərinin müraciətində deyilir. Əlavə edilir ki, "hazırkı siyasi sistemin bacarıqsızlığını nəzərə alaraq”, "Adekvad” qrupu "mövcud olan təhlükələrə qarşı durmaq üçün adekvat həll və imkanları təklif etməyə qadir olan siyasi vahid təsis etməyi zəruri bilir”.
"Adekvad” qrupunun facebook səhifəsindən hərəkatın qlobalizm və Qərb əleyhinə mövqeyi, LGBT azlıqları və Sorosun maliyyələşdirilməsi ilə fəaliyyət göstərən ictimai təşkilatları hədəfə alması bəlli olur. "Adekvad”çılar bir çox erməni gəncin ABŞ-da təhsil almasına haqqında "soyqırımın ikinci mərhələsi” ifadəsini işlədirlər. "Adekvad”çılar "erməni aləmini” bütün dünya ilə tutuşduraraq, ermənilərin öz milli eyniyyətini itirib, başqa xalqlara qarışması təhlükəsindən xəbərdar edir və tamam yox olmamaq üçün həmişə dominant mövqedə olmağı vacib hesab edir. "9 milyardlıq əhalisi olan bu planetdə biz azlıq təşkil edirik, lakin bir azlıq olaraq şəraitə uyğunlaşmamalıyıq. Şəraitə uyğunlaşanlar assimilyasiya və yox olmağa məhkumdur. Azlığın başqa seçimi yoxdur, o, ya üstünlük təşkil etməli, hakim olmalıdır, ya da əsla yaşamamalıdır. Odur ki, biz daha yaxşı və hər şeydən üstün olmaq üçün özünü təkmilləşdirməyə məhkumuq", - deyə yaradılan partiyanın müraciətində deyilir.
"Adekvad”çılar hesab edirlər ki, ermənilərin bu "ümumbəşəri missiya”sı yeni erməni dövləti strategiyasına əsaslanan, Ermənistanı "alınmaz qalaya” çevirən milli dövlət şəraitində reallaşa bilər və aşağıda sadalanan hədəflər təmin edilə bilər:
1. Döyüş qabiliyyətli çoxsəviyyəli müdafiə infrastrukturu
2. Müsbət demoqrafik dinamika
3. Öz vətəndaşları üçün müvafiq təhsil
4. Şərikli maraqlar olan xarici subyektlərlə münasibətlər.
 
Təşəbbüskarlara gəldikdə, bunlar bloqçulardır. Artur Danielyan və Narek Malyan "Adekvad” facebook qrupunu yaradıb və baş nazir Paşinyan və onun tərəfdarlarının fəaliyyətini tənqid edən yazı və video görüntülər dərc edirlər. Daha əvvəl Artur Danielyan N.Paşinyanın "Vətəndaş müqaviləsi” partiyasının üzvü olub, lakin bir televiziyaya müsahibəsində dediyinə görə, Paşinyanla "fəlsəfi fikir ayrılıqlarına görə” təşkliatı tərk edib.
Narek Malyan isə Ermənistanın sabiq polis rəisi Vladimir Qasparyanın müşaviri olub. Yerevanda Vətəndaş Cəmiyyəti ictimai təşkilat ofisi qarşısında "Soros fondundan bəhrələnənlərə qarşı” mütəmadi etiraz aksiyaları təşkil edir, mövcud Ermənistan hakimiyyətinin idarə olunduğu həmin fondların ləğv edilməsini tələb edir. Partiyanın təşəbbüsçüləri arasında sosial şəbəkələrdə Paşinyan hakimiyyəti əleyhinə yazıları ilə daha çox Konstantin Ter-Nakalyan, Azat Adamyan, Samvel Tadevosyan "məşhurdur”. Onlardan başqa təşəbbüs qrupuna Ermənistan İctimai Radiosunun sabiq direktor müavini Lilit Tumanyan da qoşulub.
Son zamanlar "Adekvad" hərəkatı internet məkanından fəaliyyətini küçələrə çıxarıb. "#SutNikol" - "#LiarNikol" (Yalançı Nikol) həştəqləri altında yürüşlər keçirir. Aksiyalar izdihamlı deyil, hər birinin təxminən 20-30 nəfər iştirakçısı olur. Vaşinqtonda mənzillənən "Atlantic Council” təşkilatının məlumatına görə, baş nazirə qarşı sosial şəbəkələrdə aparılan mübarizənin izləri Rusiyaya aparır. Təşkilatın Digital Forensic Research Laboratoriyasının ötən ay dərc etdiyi hesabatında deyilir ki, ötən il Ermənistanda baş vermiş "məxməri inqilab” əhalinin hakimiyyətə etimadını daha da artırsa da, digər tərəfdən, siyasi islahatlar əleyhinə olanları birləşdirib. Araşdırmada baş nazirə qarşı aksiyalar keçirildiyi qeyd olunur. Həmin tədbirlərin məqsədi "qərəzli məlumat və dezinformasiya yayaraq Nikol Paşinyanı və onun tərəfdarlarını nüfuzdan salmaqdır”, - nüfuzlu Amerika təşkilatının hesabatında deyilir. Hesabata görə, ictimaiyyəti çaşdırmaq üçün bu qruplar xüsusi üsul tətbiq edirlər: özlərini faktları yoxlayan bitərəf təşkilat kimi təqdim edib sonra isə siyasi hadisələr barədə birtərəfli və cəmiyyəti parçalayan məlumat yayırlar. "Bu fəaliyyət səmimi deyil və getdikcə daha da fəallaşır”, - ekspert hesabatında deyilir. Aprelin 15-dən şəbəkədə #SutNikol həştəqi dövr etməyə başladı. Bunun mənbəyini öyrənərək, mütəxəssislər bir-biri ilə bağlı məlumatın məzmunu və yayılması üçün məsul 4 şəxsi müəyyən ediblər. Antiface.am təsisçisi Narek Samsonyan, "Adekvad”ın təsisçiləri Artur Danielyan və Narek Malyan və Blognews.am-in təsisçisi Konstantin Ter-Nakalyan”.
Amerikalı ekspertlər Paşinyanın fəaliyyəti ilə bağlı sözügedən şəxslərin iddialarının etibarlı faktlara deyil, tərəfdar KİV-lərin məlumatlarına əsaslandığını bildirir. Ekspertlər, ən azı bir saytın (Antiface.am) Rusiyadan idarə olunduğu deyirlər.
 
Azər