Paşinyan hakimiyyəti Qərb mediasının hədəfində
Janna Kavelye deyir ki, Paşinyan
jurnalistləri "qatil”, erməni media məkanını isə "zibilxana” adlandırıb. Amma
özü qəzetin baş redaktoru olub. Bu cür düşmənçilik ifadələri jurnalistlərə
qarşı zorakılıq və cinayətlərə görə cəzasızlıq mühitini daha da gücləndirir.
2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan hökuməti "Ermənistan
demokratiyanın qalasıdır” devizini qəbul etsə də, indi beynəlxalq müşahidəçilər
ölkədə söz azadlığına artan təhlükədən təşvişə düşdüklərini bəyan edirlər.
Qərbin nüfuzlu "Eurasianet” nəşrində dərc olunan məqalədə erməni müəllif Ani
Mejlumyan yazır ki, son bir ildə Ermənistanın Azərbaycanla müharibədə məğlub
olması və hakim partiyaya siyasi təzyiqlərin güclənməsindən sonra narahatlıq
daha da artıb. Ermənistan Konstitusiya Məhkəməsi "ictimai fəaliyyət” ilə
əlaqədar təhqir olunmağa görə cərimənin məbləğini əhəmiyyətli dərəcədə artıran
qanunu təsdiqləyib. Belə bir qanun pozuntusuna görə maksimum cərimə təxminən
12,6 min dollar təşkil edəcək ki, bu da Ermənistanda bir jurnalistin orta aylıq
maaşından təxminən 30 dəfə çoxdur.
Mətbuat azadlığına ciddi
təhlükə
Qanunun tənqidçiləri hesab edirlər ki, bu, hökumət rəsmilərini qorumaq üçün
nəzərdə tutulub. Sentyabrın əvvəlindən ən azı üç Ermənistan vətəndaşı "Facebook”da
Paşinyan haqqında təhqiramiz şərhə yol verdiyinə görə ittiham olunub. "Sərhədsiz
Reportyorlar” beynəlxalq insan haqları təşkilatının Şərqi Avropa və Mərkəzi
Asiya bürosunun rəhbəri Janna Kavelye bildirib ki, qanun Ermənistanda ifadə
azadlığı üçün geriyə addım və mətbuat azadlığına ciddi təhlükədir. Kavelye qeyd
edib ki, Konstitusiya Məhkəməsinin qərarı "çox məyusedicidir" və yeni
qanun mətbuatı ciddi şəkildə qorxuda bilər. Lakin hökumət artıq yeni məhdudiyyətlər üçün plan qurur.
Naməlum mənbəyə istinad
Oktyabrın 19-da hakim "Mülki müqavilə” fraksiyasının deputatı Artur
Hovanisyan "Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna faktiki olaraq
naməlum mənbələrdən istifadəni qadağan edən düzəlişlər təklif edib. "Kütləvi
informasiya vasitələri haqqında” qanuna edilən dəyişikliklərdə KİV-lərin
fəaliyyətləri ilə bağlı maliyyə hesabatlarını təqdim etmələri, əmlakları
haqqında məlumatların açıqlanması ilə bağlı əlavə tələb də yer alıb. Amma ən
çox diqqət naməlum mənbəyə istinada yönəlib. "Aydındır ki, jurnalistlər
anonim mənbəni açıqlamağa borclu deyillər, lakin bu o demək deyil ki,
jurnalistlər anonim mənbəni açıqlamayanda onlar məsuliyyətdən azad
olurlar", - deyə parlament iclasında qanunun müzakirəsi zamanı
Ermənistanın ədliyyə naziri Karen Andreasyan deyib.
"Telegram” kanallar hədəfə
alınıb
Bir çox müşahidəçilər hesab edir ki, qanun ilk növbədə Ermənistanda son
illərdə sayı artan "Telegram”da anonim xəbər kanallarına yönəlib. Onların bir
çoxu daxili, xarici və müdafiə xəbərləri üzrə ixtisaslaşıb. Hakimiyyət
orqanlarının xüsusilə bəyənmədiyi kanallardan biri ötən il Azərbaycanla
müharibə başa çatdıqdan sonra yaradılan "Mediaport” resursudur. Ermənistan
mediası və mətbuatın maraqlarını müdafiə edən təşkilatlar şikayət edirlər ki,
bu qanunun qəbulu ilə bağlı, faktiki olaraq onlarla məsləhətləşməyiblər. "CivilNet”
xəbər saytında dezinformasiya və faktların yoxlanması proqramını aparan media
eksperti Artur Papyan "Eurasianet”ə deyib ki, Parlament QHT-ləri məsələni
müzakirə etməyə dəvət etdi, lakin heç kim təşəbbüsü bəyənmədi. O, qanunun onun
işinə necə təsir edəcəyindən narahat olduğunu da bildirib: "Görəsən, proqramımı
davam etdirə biləcəyəm, yoxsa məni məhkəməyə çəkəcəklər?”
İddiaların sayı kəskin şəkildə artıb
Hətta qanun qəbul ediləndə də söz azadlığına təzyiqlərin
artmasının əlamətləri var idi. 2021-ci ilin birinci rübündə Ermənistanın "İfadə
Azadlığını Müdafiə Komitəsi” hüquq müdafiə təşkilatı media və jurnalistlərə
qarşı 10, ikinci rübdə isə 23 məhkəmə iddiası qeydə alıb. Onlardan 12-si bir şəxs
və əlaqəli şirkətlər tərəfindən verilib. Bu sırada iş adamı Xaçatur Sukiasyan
liderdir. O, bu yaxınlarda hakim parlament fraksiyasından deputatı seçilib.
"Yeni məhdudlaşdırıcı hüquqi tədbirlər olmasa belə, ikinci rübdə mediaya və
jurnalistlərə qarşı iddiaların axını kəskin şəkildə artıb", - təşkilat
iyul ayı hesabatında yazıb.
Qızışdırıcı ritorikadan istifadə
Bu arada Paşinyanın rəhbərlik etdiyi hökumət üzvləri
qızışdırıcı ritorikadan istifadə edərək öz tərəfdarlarını mətbuata qarşı yönəltməyə
çalışıblar. "Biz müşahidə edirik ki, hökumət rəsmiləri jurnalistlər
haqqında danışarkən bəzən aqressiv ritorikadan istifadə edirlər", - Janna Kavelye bildirib.
Paşinyan jurnalistləri "qatil”, erməni media məkanını isə "zibilxana”
adlandırıb”, – Kavelye xatırladıb. "Amma Paşinyan özü qəzetin baş redaktoru
olub! Bu cür düşmənçilik ifadələri jurnalistlərə qarşı zorakılıq və cinayətlərə
görə cəzasızlıq mühitini daha da gücləndirir”, – deyə o əlavə edib.
Hökumətin "paranoya”sının nəticəsi
Media eksperti Samvel Martirosyan isə deyir ki, söz
azadlığının boğulması hökumətin "paranoya”sının nəticəsidir. "Hökumət zəifdir və
əksər mediaya nəzarət etmir”, - o əlavə edib. Ermənistanın hər bir növbəti
hökuməti medianın mənfi xəbərləri ilə bağlı nəsə etməyə çalışıb. "Onlar
düşünmürlər ki, tənqid ictimai rəyi təmsil edir. Bizim bütün hökumətlərin reallıqla
əlaqəni kəsməsi və hər bir tənqidə qərəzli və pullu baxması çox adi
haldır", - Martirosyan deyir. O əlavə edib ki, keçmiş hakimiyyətin mediaya
köhnə yanaşması var idi. Onlar televiziyaya nəzarəti üstün tuturdular. İndiki
hakimiyyət internet vasitəsilə hakimiyyətə gəlib və orada yazılanların hamısına
bəzən reallığa uyğun gəlməyən məna verirlər. Məqalənin sonunda isə xatırladılır
ki, Amerikanın "Freedom House” qeyri-hökumət təşkilatının ötən ay dərc etdiyi
İnternet Azadlığı İndeksində Ermənistan dörd pillə geriləyərək 75-ci yerə
düşüb.
Azər NURİYEV