Paşinyan güzəştcil, sülhpərvər lider cildinə girməyə çalışır
Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə
"Azadlıq” radiosunun erməni xidmətinə geniş müsahibə verib. O bildirib ki,
Yerevanla Bakı arasında "qaynar xətt” işləyir, lakin bu, qurbanların
olmayacağına zəmanət vermir. Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində görülən və görüləcək işlərə toxunan erməni baş nazir deyib
ki, danışıqların konkret nəticələrə gətirməsi üzərində işlənilir. "Nəyə görə
danışıqların konkret nəticəsi yoxdur” sualına aydınlıq gətirən N.Paşinyan deyib
ki, Qarabağ məsələsinin həlli üçün Ermənistan və Azərbaycan xalqları üçün qənaətbəxş
sayılacaq variant lazımdır. Erməni baş nazir söylədiklərini misli görünməmiş bəyanat
kimi qələmə verərək, indiyə qədər Ermənistanın heç bir rəhbərinin "münaqişənin
həlli Azərbaycan xalqı üçün də qaneedici olmalıdır” fikrini səsləndirmədiyini
vurğulayıb. N.Paşinyan bildirib və əminlik
ifadə edib ki, bu, danışıqlarda tərəqqi üçün ciddi əsas yaradır. Erməni baş
nazir əlavə edib ki, kimsə Azərbaycan üçün qənaətbəxş həllin Ermənistan üçün
yolverilməz olacağını düşünürsə, o, nə Ermənistan xalqını, nə də ümumilikdə erməni
xalqını tanımır.
Bütün bunları ümumiləşdirsək, Ermənistanın baş
naziri N.Paşinyan açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağ probleminin həlli
Azərbaycan xalqını da qane etməlidir. Belə bəyanatın Ermənistan cəmiyyətində
narazılıqla qarşılanacağını, onun əleyhinə işləyəcəyini bilə-bilə erməni baş
nazirin bu cür fikirlər səsləndirməsi sual doğurur. Görəsən N.Paşinyanı belə
fikirlər dilə gətirməyə nə vadar edir? Yoxsa, işğalçı Ermənistanın baş nazirini
belə bəyanatla çıxış etməyi kimlərsə məcbur edir? Mövzu ilə bağlı fikirlərini
"Kaspi” qəzetinə açıqlayan politoloq
Fikrət Sadıxov bildirib ki, N.Paşinyanın bəyanatı ritorikadır. Qeyd edib
ki, bu cür ritorik bəyanatların heç bir mənası yoxdur: "Əgər belə bəyanatlardan
sonra cəbhə xəttində, Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən
iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulursa, Qazax rayonunun
II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə
tutulursa, əsgərimiz yaralanırsa, erməni təxribatı davam edirsə, o zaman Paşinyanın
bəyanatının heç bir qiyməti yoxdur. Digər tərəfdən, Paşinyan belə bəyanatlarla
yeni Amerika kəşf etmir. Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü
çərçivəsində həllinə dair beynəlxalq təşkilatların çoxsaylı qətnamələri
mövcuddur. Eyni zamanda, bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü
birmənalı olaraq tanıyır, münaqişənin də məhz bu çərçivədə həllini dəstəkləyirlər.
İndiyə kimi heç bir təşkilat və dövlət işğal olunmuş Azərbaycan ərazilərində
Ermənistan tərəfindən yaradılan qondarma qurumu tanımayıb. Belə olan halda münaqişə
ədalətli həll olunarkən ilk növbədə Azərbaycanın, onun xalqının maraqları nəzərə
alınmalıdır və bu, təbiidir”.
Siyasi şərhçi onu da əlavə edib ki, indiyə qədər
N.Paşinyan kifayət qədər populist bəyanatlar səsləndirib, erməni əhalinin
maraqlarına xidmət edəcək ritorik fikirlər səsləndirib: "Paşinyan bu bəyanatlar,
populist fikirlər, yağlı vədlər əsasında hakimiyyətə gəlib. Lakin hazırda
verdiyi vədlərin heç birini yerinə yetirə bilmir. Bundan başqa, görünür ki,
Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də digər şəxslərlə görüşlər
zamanı dünyanın aparıcı ölkələrinin münaqişənin həllinə dair prinsipial
mövqeyini eşidib. Bundan sonra anlayıb ki, Azərbaycana qarşı hansısa formada
jest edilməlidir. Lakin bu, heç də o demək deyil ki, səsləndirilən fikirlərin
praktiki nəticələri olacaq. Erməni baş nazir səsləndirdiyi bəyanatlarla özünü zərbə
altına saldığının da fərqindədir. Yəni, onun mövqeyi ikili yanaşmadır. O, bir tərəfdən
erməni cəmiyyətinə dəstək verir, Azərbaycanla heç zaman barışmayacağını, Dağlıq
Qarabağ separatçılarının münaqişənin həllinə dair danışıqlarda iştirakının
vacibliyini dilə gətirir. Bununla erməniləri sakitləşdirir. İndi isə yuxarıda
qeyd olunan formada, guya Azərbaycana jest edirmiş kimi bəyanatlar səsləndirir.
Bir qədər əvvəl vurğuladığım kimi, bu bəyanatlar reallığa söykənmir”.
Politoloq Nəzakət Məmmədova isə bildirib ki, Paşinyanın bir il əvvəlki
ritorikası xeyli dəyişib. Onun sözlərinə görə, hazırda erməni baş nazir güzəştcil,
sülhpərvər lider cildinə girməyə çalışır və son fikirlər də bunun təzahürüdür:
"Bununla o, ilk növbədə beynəlxalq ictimaiyyətə, xarici güclərə sülhə hazır
olması mesajı vermək istəyir. Çünki Ermənistanın vəziyyəti çox ağırdır. İşğalçı
ölkə heç zaman bu qədər təcrid vəziyyətinə düşməmişdi. Doğrudur, Koçaryan,
Sarkisyan rejimləri dövründə də vəziyyət pis idi, amma onda Rusiya ilə müttəfiqlik
sayəsində Ermənistan bir güc mərkəzinin forpostu idi. Bunun nəticəsində
Rusiyadan siyasi, iqtisadi, hərbi dəstək ala bilirdi. İndi isə Paşinyan
balanslaşdırma siyasəti elan etməklə, Rusiyadan uzaqlaşmaq və digər güc mərkəzləri
ilə yaxınlaşmağa üstünlük verməyə çalışır. Lakin əks nəticə alınır. Ermənistan
böyük güc mərkəzlərindən gözlədiyi nəinki siyasi, heç iqtisadi yardımları da
ala bilmir”.
Siyasi şərhçi qeyd edib ki, Paşinyan Rusiya, İran,
Avropa İttifaqına üzv ölkələrə dəfələrlə səfər edərək, Ermənistana sərmayələr cəlb
etməyə, ölkəsinin rifah halını və iqtisadi inkişafını təmin etməyə çalışıb.
Lakin Ermənistana erməni diaspor üzvləri olan xaricdəki bir neçə erməni
milyarderindən başqa heç kim sərmayə qoymaq istəmir: "Paşinyan anlamağa
başlayıb ki, işğaldan əl çəkib milyardlıq meqalayihələrə qoşulmağa Azərbaycanın
razılığını ala bilsə, ölkəsinin və əhalinin iqtisadi tərəqqisini təmin edə bilər.
Ermənistan üçün ən real gəlir əldəetmə vasitəsi budur. Digər tərəfdən, son
zamanlarda Avropa İttifaqının yüksək rəsmisi Donald Tuskun və NATO-nun
Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Todd Voltersin Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyən bəyanatları Ermənistanı ciddi təlaşa salıb”.
Politoloq deyib ki, N.Paşinyan indiyədək hakimiyyətdə
olan heç bir erməni liderinin bu cür bəyanatlar vermədiyini vurğulamaqla,
Rusiyanın Qarabağ məsələsinə müdaxiləsinə yol verməyəcəyini bildirmək istəyir.
Onun fikrincə, Ter Petrosyan istisna olmaqla, Paşinyana qədərki bütün erməni
liderlər Rusiyaya bağlı olublar və onların danışıqlardakı mövqeyi Moskvanın təlimatından
kənara çıxmayıb: "Amma Paşinyan qeyd etdiyimiz fikirləri səsləndirməklə,
bununla artıq Ermənistanın Rusiyanın təsiri atında olmadığını göstərir. Bu, həm
də Qərbin yanında olmağa hesablanmış addımdır. Çünki Ermənistan ABŞ-dan ona
göstərilən yardımların bərpasını istəyir. Ermənistan parlamentinin spikeri
Mirzoyanın ABŞ Senatındakı respublikaçı çoxluğun rəhbəri Makkonellə görüşündə
bu məsələ müzakirə olunub. Xatırladım ki, "Minilliyin çağırışı” proqramı əsasında
2006-2008-ci illərdə Ermənistana 177 milyon yardım ayıran Dövlət Departamenti
2008-ci il martında Qərbyönümlü müxalifətə, nümayişçilərə təzyiqdən sonra bu
yardımı dayandırıb. Lakin Paşinyanın iqtidara gəlməsindən sonra ABŞ yardımları
yenidən bərpa etmək qərarına gəlib. Odur ki, Paşinyanın sülhpərvər imic formalaşdırmaq
istəyinin arxasında ABŞ-dan gözlənilən milyardlarla dollar yardımın dayandığını
istisna etmək olmaz”.
Rufik İSMAYILOV