• cümə, 29 Mart, 01:05
  • Baku Bakı 7°C

Paşinyan “DQR”də istəyinə nail olacaq?

30.03.20 15:37 1457
Paşinyan “DQR”də istəyinə nail olacaq?
İzvestiya: "Separatçılar onu hələ də siyasi lider kimi qəbul etmir”
Qondarma Dağlıq Qarabağ Respublikasında "seçki”ləri analiz edən Rusiyanın "İzvestiya” qəzeti mövcud durumun gərgin olduğu qənaətinə gəlib. Nəşrin gəldiyi nəticə budur ki, "seçki” tamaşasında Nikol Paşinyanın üstünlük verdiyi namizəd qalib gəlsə də, bölgədə vəziyyət onun istədiyi kimi inkişaf etməyəcək. Müəllif yazır ki, martın 31-də tanınmamış qurumda keçiriləcək şounun üç favoriti mövcuddur - qondarma qurumun "xarici işlər naziri”, keçmiş "baş nazir” və "Təhlükəsizlik Şurası”nın keçmiş rəhbəri. "İzvestisiya” yazır ki, "seçki”lər Ermənistan və separatçı qurum nümayəndələri arasında ən gərgin fonda keçir və bu səbəbdən də ekspertlər səsvermənin nəticələrinin necə sonuclanacağını proqnoz etməyin çətin olduğunu bildirirlər. Müəllif yazır ki, Ermənistanla separatçı qurum arasında ziddiyyətlər 2018-ci il "məxməri inqilab”dan sonra start götürüb: "Buna qədər Ermənistanı Qarabağ klanının nümayəndələri Robert Koçaryan və Serj Sarkisyan 20 il idarə ediblər. Lakin 2018-ci ildə qarabağlıları hakimiyyətdən uzqlaşdırdılar və baş nazir postunu müxalifətçi Nikol Paşinyan tutdu. Hökumətin tərkibini dəyişərək, növbədənkənar parlament seçkiləri keçirdi. Onun tərəfdarları iri şəhərlərdə, o cümlədən Yerevanda rəhbərliyi ələ keçirdilər. Lakin separatçı qurumda təmsil olunan əvvəlki rəhbərlik hakimiyyətdə mövqelərini qoruyub saxlaya bildi və yeni hakimiyyətin başlatdığı məhkəmə təqiblərinə qarşı çıxdılar. Xüsusən də eks-prezident Robert Koçaryanın həbsinə qarşı sərt formada etiraz etdilər. Koçaryanı 2008-ci il aksiyası zamanı konstitusiya quruluşunu devirmək cəhdində ittiham ediblər. O zaman aksiyalara rəhbərlik edən Paşinyan iki il müddətinə həbsə alındığından, başladılan cinayət işlərini qisas cəhdi adlandırırlar”.
Məqalə müəllifi yazır ki, Qarabağ hakimiyyət orqanları Koçaryanın müdafiəsinə qalxdılar. Hətta separatçıların indiki və keçmiş "prezidentləri” - Bako Saakyan və Arkadi Qukasyan 2019-cu ilin mayında Ermənistan baş prokurorluğuna məktubla müraciət edərək həbs olunan şəxsin azadlığa buraxılmasını xahiş ediblər. Lakin rədd cavabı alıblar. Ardınca da 2 min dollar girov qoyaraq Koçaryana şəxsən zamin durduqlarını bildirdilər. Koçaryanı azad etdilər, lakin ardınca Nikol Ermənistan boyu bütün məhkəmə binalarının boklanmasına çağırış etdi. Təzyiqlərə dava gətirməyən hakimlər, bir ay sonra yenidən Koçaryanın həbs olunması barədə qərar çıxardılar. Rusiya nəşri yazır ki, Paşinyanın Azərbaycan prezidenti ilə apardığı danışıqlar da separatçı qurumda narazılıq doğurdu: "DQR” da iki ölkə cəmiyyətlərinin sülhə hazırlandığı barədə fikirlər ciddi tənqid olundu. Məsələn, separatçıların tanınmış nümayəndəsi, "təhlükəsizlik şurası”nın keçmiş katibi Vitali Balasanyan "sülhə hazırlıq nə deməkdir, sülh müqaviləsi yoxdursa, nədən söhbət gedə bilər? Mən indi sual verirəm, xalq, sülhə hazırsanmı?”- deyə ironik şəkildə bildirib. Ardınca da gərginlik o həddə çatdı ki, Balasanyanı tələm-tələsik qovdular. Bako Saakyan da növbəti dəfə namizədliyini irəli sürmədi. Gərginlik o həddə çatdı ki, Paşinyan qondarma qurumun əks-inqilabın məskəni kimi qələmə verilməsindən çəkinməyə çağırdı. "Əgər kimsə, Qarabağı əks-inqilabın ocağına çeviməyə çalışırsa, Qarabağ əhalisi oranı inqilabın məskəninə çevirəcək”, - deyə Rusiya nəşri Paşinyandan sitat gətirib.
Beləliklə, 31 mart "seçki”lərində 14 namizəd qeyd alınıb və əsas favoritlərdən biri "XİN” rəhbəri Masis Mailyandır. O, biznesi dövlət strukturundan ayırmağı, separatçı qurumu tərk edib gedənləri geri qaytaracağını vəd edir. Bir çoxları onun separatçı müharibədə iştirak etmədiyini və döyüş təcrübəsinin olmadığını irəli sürürlər. Bu səbəbdən də opponentləri onu mülki namizəd adlandırırlar. Ona görə də, Mailyana separatçı qurumun keçmiş "müdafiə naziri” Samvel Babayanın dəstəyi zəruridir.
İkinci favorit isə oliqarx, "Azad Vətən” partiyasının lideri Araik Arutunyandır. Bu şəxs Paşinyanı və yeni hakimiyyəti dəstəkləyir. Üçüncü "namizəd” isə Vitali Balasanyandır. "İzvestiya” yazır ki, "köhnə qvardiya”nın namizədi olan Balasanyan Koçaryana qarşı irəli sürülən ittihamların gülüş doğurduğunu, Paşinyanı isə Qərbin təyin etdiyi şəxs adlandırır. O bildirir ki, Ermənistanda hakimiyyət bütün səviyyədə zorla ələ keçirilib, 2018-ci il parlament seçkiləri isə qanunsuz idi: "Baş nazirin atdığı bütün addımlar cinayət tərkiblidir. Onun məhkəmə binalarını mühasirəyə almaq çağırışı isə konstitusiya quruluşunun devrilməsi cəhdidir. Vaxtı gələndə hamı atdığı qanunsuz addımlara görə məsuliyyət daşımalı olacaq”. Balasanyan yeganə namizəddir ki, mövcud danışıqlar prosesinə narazılıq edir. O, qondarma qurumun danışıqlar prosesində iştirakını tələb edir.
"İzvestisiya” onu da yazır ki, indiki "seçkilər” qondarma qurumun idarəçilik sisteminin dəyişməsinə gətirib çıxaracaq. "DQR” qarışıq prezident-parlament sistemindən prezident üsul idarəsinə keçəcək. Ekspertlər qəzetə bildiriblər ki, qondarma seçkilərdə ən şanslı iki namizəd – Masis Mailyan və Araik Arutunyandır. Erməni siyasi şərhçisi Ayk Xalatyan bu qənaətdədir ki, "qalib” ikinci turda müəyyən olunacaq. Onun qənaətincə, Mailyanın idarəçiliyi dövründə keçmiş məmurlara qarşı cinayət işləri qaldırılacaq. Onların əmlaklarının müsadirə olunması prosesi başlayacaq. "Arutunyanın qalibiyyəti isə proseslərin bir qədər yumşaq gedəcəyinə səbəb olacaq”. Bunu isə "İzvestiya”ya politoloq Artur Atayev bildirib. Onun qənaətincə, "DQR” hələ də Paşinyanı siyasi lider kimi qəbul etmir. "Qurumda hərbi sindrom xarakterikdir – döyüş təcrübəsi olmayan siyasətçi nüfuzlu şəxs hesab edilmir. Bu mənada "məxməri inqilab” Ermənistanı DQR-dən ayırıb. Seçkilər respublikada yeni mentalitetin formalşıb-formalaşmayacağını üzə çxaracaq. Əgər Mailyan qalib gələrsə, onda DQR və Ermənistan arasında münasibətlər yenidən əvvəlki tək olacaq. Əgər Arutunyan qalib gələcəksə, onda Qarabağ bir qədər müstəqil olacaq.”
Azər NURİYEV
banner

Oxşar Xəbərlər