• cümə, 19 Aprel, 06:58
  • Baku Bakı 13°C

Partiya-sovet mətbuatı necə yarandı və nədən yazırdı?

26.10.17 09:10 4832
Partiya-sovet mətbuatı necə yarandı və nədən yazırdı?
20-ci yüzillik yalnız Azərbaycan deyil, bütün bəşər tarixində çox görkəmli yer tutsa da, həm son dərəcə mürəkkəb, ziddiyyətli, həm də şərəfli məqamları ilə yaddaşlara həkk olundu. Hər bir ölkə, hər bir xalq bu yüzillikdə öz xalqı, ölkəsi üçün nələr əldə etdiyini, nələr itirdiyini bilməlidir. Biz də Azərbaycanın "kecdiyi yolu araşdırmalı, tədqiq etməliyik”. Çünki bu əsrdə, xüsusən də 20-ci yüzilin əvvəlində və sonunda Azərbaycan xalqı öz azadlığına, müstəqilliyinə qovuşmaq üçün çox böyük faciələrə məruz qaldı.
Belə faciələrdən biri 1920-ci ilin aprelində baş verdi. 1920-ci il aprelin 28-də Sovet Rusiyasının qoşunları yerli bolşeviklərin əli ilə silahlı çevriliş edərək Azərbaycan Demokratik Cümhuriyyətinin qanuni hakimiyyətinə son qoydu. 1921-ci ildən başlayaraq Azərbaycanın tarixində uzun illər davam edən totalitar rejimin əsası qoyuldu və "mətbuat vahid ideologiyanın - kommunist ideologiyasının təbliğinə səfərbər edildi”. Nəticədə uzun illər sovet dövründə mətbuat eyni ideoloji çərcivə daxilində fəaliyyət göstərdi və vahid informasiya mərkəzindən həm məlumatlandırıldı, həm də idarə olundu.
Beləliklə, "ictimai həyatın bütün sahələrində əsaslı dəyişikliklərlə nəticələnən Böyük Oktyabr Sosialist inqilabı Azərbaycan ədəbi-tənqidi fikrinin inkişafında da xüsusi rol oynadı”. Ədəbi tənqid obyektivlikdən uzaq, yalnız marksist-leninçi nəzəriyyəsinə uyğun nümunələr yaratdığı üçün həmin nümunələrdə dövrün ideoloji, sosioloji və estetik keyfiyyətləri özünü büruzə verirdi. Ümumpartiya bolşevik mətbuatı və onun ayrılmaz tərkib hissəsi olan Azərbaycan bolşevik mətbuatı - vərəqə, intibahnamə, qəzet və jurnallar sosialist inqilabının qələbəsi uğrundakı mübarizədə "qüdrətli ideya silahı olmuşdu”. Bunu dövrün tədqiqatçıları belə bəyan edirdilər: "Azərbaycan mətbuatının tarixini öyrənərkən mətbuat orqanlarının istiqamətini marksizm-leninizm ideologiyası əsasında şərh etmək lazımdır”.
Nəticədə 70 illik sovet-kommunist rejimi dövründə Azərbaycan mətbuatının total siyasiləşməsi dövrü başladı. KİV kütləvi surətdə siyasiləşərək təkpartiyalılıq prinsiplərini həyata keçirməli olduğu bir halda, "ölkəmizdə mətbuat tam mənasilə xalqa məxsusdur və xalqın tribunasıdır. Bizim mətbuatın burjua mətbuatından fərqlənən başlıca xüsusiyyətlərindən biri ondan ibarətdir ki, həqiqət carçısıdır, xalqın iradə və əzminin, arzu və diləklərinin ifadəçisidir” kimi həqiqətdən uzaq təbliğat aparılırdı. Təxminən 1920-ci illərin ortalarından başlandı bu yanlış təbliğat. "1920-ci illərin əvvəllərində nəşrə başlayan "Füqəra füyuzatı” və "Maarif və mədəniyyət” jurnalları yazarlar arasında böyük "fərq qoymur, dünyagörüşündən, sinfi mənsubiyyətindən aslı olmayaraq bütün” yazarlara yer verirdi (Lakin 1928-ci ildən sonra "Maarif və mədəniyyət” sovet ideologiyasının ən "qəddar” təbliğatçı orqanına cevrildi. Hətta orada çap edilən məqalələr prokuror iddiasını xatırladır).
Ədəbi prosesdə baş verən ən kiçik hadisələr belə birbaşa "Moskvanın - Mərkəzin siyasi partiya - MK mətbəxində hazırlanıb yerlərə göndərildiyi” üçün ədəbi tənqidin qarşısına yeni qiymətləndirmə meyarları qoyuldu və təkcə mətbuatın deyil, mədəniyyətin, ədəbiyyatın bütün sahələri üzərində ciddi nəzarət sistemi formalaşdırıldı. Bu nəzarət mexanizmi mətbuata qarşı daha amansız aparılırdı. Çünki o zaman mətbuat cəmiyyətin bütün sahələrinə nüfuz edən "ən güclü təbliğat” vasitəsi idi.
SSRİ-nin yaranması və Azərbaycanda sovet hakimiyyətinin formalaşmağa başladığı bir vaxtda yeni dövlət rejimi və siyasi prinsiplər ilə əlaqədar olan bu münasibət tərzi əsasən ədəbi mühitdə özünü büruzə verdi. Çünki sovet mətbuat sistemi sovet cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi bir institut olmuşdur. Lakin bu institutun yaratdığı informasiya uzun müddət manipulyasiya yolu ilə sovet rejimini qorumağa kömək etmiş və ölkədə antidemokratik şəraitin hökm sürməsinə yol açmışdı. Bu, ilk gündən belə olmuşdu. XI Qızıl Ordunun İnqilabi Hərbi Şurası və Azərbaycanın yerli hökuməti öz fəaliyyətinin ikinci günündən "Müsavat” və "İttihad” partiyalarının rəhbərləri sovet hakimiyyətilə əməkdaşlıq ruhunda bu partiyaların sonradan da fəaliyyət göstərəcəkləri barədə rəsmi müqavilə bağladı. Lakin bu müqavilələr tezliklə Azərbaycan xalqının qəddar düşməni olan Pankratovun rəhbərlik etdiyi XI Ordunun Xüsusi Şöbəsi tərəfindən pozuldu. Bu xüsusi şöbə, onun ardınca isə ÇEKA kütləvi həbslər aparmağa başladı. Lenin və Trotski tərəfindən yaradılan həbs düşərgələri Azərbaycanın ziyalı nümayəndələrinin (xüsusən qələm əhlinin) hesabına dolduruldu.
Yazıçı və tədqiqatçı alim Elçin Əfəndiyev yazır ki: "Sistemin ədəbi ideologiyası formalaşdığı vaxtdan sovet dövrü jurnalistikasını təbliğatdan kənarda təsəvvür etmək mümkün deyil. Yalnız dövlətin və partiyanın monopoliyasında olan kütləvi informasiya vasitələri bolşevik (kommunist) partiyasının ideologiyasını təbliğ etməklə məşğul olmuşdur”. Əslində bunun da çox böyük tarixi inkişaf yolu vardır. Marksizm özünün lap başlanğıc nöqtəsindən cəmiyyətin sinfi mahiyyəti üzərində dayanır, xüsusi mülkiyyət və mülkiyyət sahibi istismarçı siniflərə qarşı mübarizəsinin əsasını təşkil edirdi. Bu mübarizədə özünə tərəfdarlar toplamaq üçün K.Marksın davamçıları, xüsusilə V.İ.Lenin partiya yaratmaq və onun proqramını, platformasını elan etmək vəzifəsini mətbuatla reallaşdırır. O, həm ədəbiyyatın, həm də mətbuatın əvəzedilməz təsir gücündən istifadə etməyi qərara alaraq, əvvəlcə mətbuatda azad sözün qarşısını aldı və partiya ədəbiyyatı, partiya mətbuatının yaradılmasına təşəbbüs göstərdi. Bütün yazıçılar və jurnalistlər Oktyabr inqilabının mahiyyəti, "gözəlliyi” barədə yazmalı idilər. Yazıçılar, jurnalistlər, publisistlər partiyanın hər bir qərarını dönə-dönə tərifləyir və yuxarıların siyasətini mətbuat səhifələrində davam etdirirdilər. Təbii ki, bu işdə senzuranın əvəzsiz rolu var idi. SSRİ-də ilkin senzuranı hər şeyə qadir olan Qlavlit - Baş Ədəbiyyat İdarəsi həyata keçirirdi. Beləliklə də SSRİ ərazisində partiya-sovet mətbuatı yaradıldı və hakim partiyanın ideologiyasının təbliğatçısı rolunu oynadı.
Bunların nəticəsi olaraq 1920-30-cu illərdə bolşevik ruhu, kommunist düşüncəsi getdikcə ədəbi mühitə daha güclü təsir göstərir, hakim kəsilirdi. V.İ.Leninin "Partiya təşkilatı və partiya ədəbiyyatı” (1906) əsərindəki siyasi məntiqi əsas götürülərək, "Füqərayi-kasibə” mədəniyyətinin yaradılması tələb edilərək əsilzadə, elitar mədəniyyət tipinə qarşı sinifli, siyasi mübarizə aparılırdı. Həmin mübarizənin əsas hədəfi milli ruhlu mətbuat və onun yazarları idi. Onlara qarşı mübarizənin daha şiddətli olmasının səbəbi isə bu mətbu orqanlarının müstəqillik, azadlıq, türkçülük, millilik ideyalarının təbliğatçısı olmalarından irəli gəlirdi.
Odur ki, bəzi tədqiqatçılar 1920-1937-ci illər dövrünü milli ruhlu mətbuata münasibətdə "siyasi məqsədlər dövrü” kimi adlandırırlar. "Siyasi məqsədlər dövrü”ndə bolşeviklər siyasi məqsədlərini həyata keçirmək üçün böyük sənət və sənətkarlıq məsələlərini arxa plana ataraq, hakim partiyanın ideologiyasını təbliğ edirdilər. Bu zaman isə siyasi ittihamlar siyasi məhkəmələrə çevrilərək xalqın düşünən ziyalısını məhv etdi. Siyasi məhkəmələrə çevrilən odlu-alovlu mətbu çıxışları təəssüflər ki, öz tədqiqatçılarımıza məxsusdur. Əsasən də dövrün tanınmış gənc ədəbi tənqidçiləri Əli Nazim, Mustafa Quliyev, Ruhulla Axundov, Hənəfi Zeynallı, Əliheydər Qarayev, Sultan Məcid Qənizadə, Tağı Şahbazi, Bəkir Çobanzadə, Həbib Cəbiyev, Əli Vəliyev, Mehdi Hüseyn, Cəfər Xəndan, Məmməd Cəfər, Mirzə Ələkbər Kazımov və başqalarının əsərləri sırf dövrün ideologiyasına uyğun yazılıb.
Yuxarıda qeyd etdiyimiz kimi, mətbuat sovet rejiminin təsiri altında fəaliyyət göstərdiyi üçün sovet hakimiyyəti illərində Azərbaycan jurnalistikasının nəzəri konsepsiyası və fəaliyyət mexanizmi əvvəlki mərhələlərdən ciddi şəkildə fərqlənirdi. "Bolşevizim kimi, onun Azərbaycan jurnalistika ənənələri və ideyaları da milli etnomədəni xüsusiyyətlərimizə doğma olmayıb, rusların milli-tarixi mübarizə və xarakteri ilə daha yaxından səslənmişdir”.
Bu jurnalistika məktəbinin ideya-yaradıcılıq ənənələrini mərkəzdən əvvəllər "İskra” qəzeti, sonra isə "Pravda” davam etdirirdi. Respublikamızda isə Azərbaycan bolşevik mətbuatının ilk nümunəsi olan "Təkamül”, sonra "Kommunist”, "Bakinskiy raboçiy” sinfi mübarizəyə başladı və bolşevizmin sinfi mübarizə ideyaları Azərbaycan bolşevik jurnalistikasında artıq kifayət qədər qabarıq şəkildə nəzərə çarpırdı. "Hətta bolşevik mətbuatı və jurnalistikası Azərbaycanın milli demokratik fikirli partiya və mətbuatına müxalif, bir çox halda isə rəqib və düşmən mövqe nümayiş etdirməyə üstünlük verirdi”.
Nəticədə bolşevizmin sinfi mübarizə ideyaları Azərbaycan bolşevik jurnalistikasında kifayət qədər qabarıq şəkildə nəzərə çarpmağa başlamış və mətbuat haqqında yazılan tədqiqat əsərlərində də bu ideologiyaya uyğun idi. 1920-ci ilin aprel işğalından sonrakı (1980-cı illərin sonuna kimi) sovet dövründə aparılan tədqiqatların böyük əksəriyyəti rejimin tələbindən və təbiətindən doğan səbəblərə uyğunlaşdırılmış əsərlərdir. Bu əsərlərdə hadisələr, faktlar eyni dəqiqlik, yüksək elmi, obyektiv səviyyədə şərh və tədqiq olunmamış, düzgün, dəqiq ümumiləşdirmələr aparılmamışdır. "Həmin mənbələrdə tarixi faktlara, qaldırılan problemlərə, onların müəlliflərinə zaman-zaman münasibət müxtəlif olub”. Odur ki, həmin tədqiqatlarda nəyinki, elmi-metodoloji yanaşma fərqlidir, hətta məntiqi ardıcılıq və bir çox faktlar səhvdir.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər