Parisdən əliboş qayıtmaq
Politoloqlar hesab edirlər ki, Paşinyanın Fransa
səfəri ona dəstək qazandırmayacaq
İşğalçı siyasətinə, qonşu
ölkələrə qarşı əsassız ərazi iddiasına görə regiondakı proseslərdən təcrid
olunmuş, xüsusən də 44 günlük müharibədə ordusu məhv edildikdən sonra tamamilə
zəifləmiş Ermənistanda bu ay növbəti parlament seçkiləri keçiriləcək. Bu
seçkilərdə yenidən qalib gəlmək istəyən, bununla da siyasi hakimiyyətini
qoruyub saxlamağa çalışan Nikol Paşinyan, erməni ictimai rəyində itirilən
nüfuzunu bərpa etmək üçün müxtəlif vasitələrə əl atır. Telefon zəngləri ilə
Rusiya prezidentini, eləcə də digər dövlət və hökumət başçılarını bezdirən
Paşinyan, son ümid yeri kimi iyunun 2-də Parisə səfər edib. Səfər çərçivəsində
prezident Emmanuel Makronla görüşən Paşinyan, erməni diasporuna, erməni ictimai
rəyinə, Ermənistanın daxili auditoriyasına hesablanmış bir sıra açıqlamalar
verib. Bununla o, seçki öncəsi erməni vətəndaşlarının dəstəyini qazanmaq
istəyib. Maraqlıdır, o, istəyinə çata biləcəkmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq
Natiq Miri bildirib ki, Paşinyanın Fransa səfəri növbəti dəstək xarakterli
idi. Onun sözlərinə görə, Paşinyan Fransadan öncə Rusiyaya da bir neçə dəfə bu
məqsədlə səfər edib: "Ermənistan Qarabağdakı 44 günlük müharibə nəticəsində
məğlubiyyətə düçar olduqdan sonra Paşinyanın Rusiyaya səfərlərinin məqsədi Kreml
rəhbərliyindən hərbi-siyasi dəstək almaq idi. Amma göründüyü kimi, Pşainyan
Rusiyadan elə bir ciddi dəstək ala bilmədi. Ermənistanda keçiriləcək növbəti parlament
seçkilərində rəsmi Moskvanın birmənalı olaraq Paşinyanı dəstəkləyəcəyi barədə
ehtimallar özünü doğrultmur. Paşinyanın qarşısına namizəd olaraq "Qarabağ klanı”nın
liderlərindən Robert Koçaryan çıxarılıb. Rusiyada fəaliyyət göstərən erməni iş
adamlarının Koçaryana siyasi və maliyyə dəstəyi göstərməsi üçün Kremlin
göstərişi də var. Bütün bunların fonunda Paşinyanın ciddi dəstəyə ehtiyacı var.
Bunu isə Fransa edə bilərdi. Çünki Fransa ATƏT-in Minsk qrupunun həmsədr
dövləti statusunu unudaraq, tamamilə birtərəfli mövqe nümayiş etdirir,
açıq-aşkar Ermənistanı dəstəkləyir. Bu kontekstdə Paşinyanın Fransadan başqa
ciddi dəstək ala biləcəyi ölkə yoxdur. Məhz bu səbəbdən də o, Parisə səfər
edib, Fransa prezidenti Emmanuel Makrondan dəstək istəyib. Paşinyanın Parisə
səfəri, sadəcə Fransa dövlətinin Ermənistana dəstəyini qazanmaq üçün deyil,
eyni zamanda bu ölkədəki erməni diasporunun dəstəyini qazanmaq niyyəti güdürdü.
Gəlin görək, erməni baş nazir bu dəstəyi qazana bildimi? Biz bunu seçki
prosesində daha aydın şəkildə müşahidə edə biləcəyik. Lakin indidən bunu
söyləmək mümkündür ki, Paşinyanın dəstək qazanmaq üçün Fransaya güvənməsi
əbəsdir”.
Politoloq deyib ki, Fransanın
regionda, xüsusilə də Cənubi Qafqazda həll edə biləcəyi hər hansı məsələ
yoxdur. Onun sözlərinə görə, Fransa Azərbaycana heç bir halda təzyiq edə bilməz
və bunun üçün Parisin Bakı üzərində təsir rıçaqları yoxdur: "Fransanın
Ermənistana hərbi dəstək verə bilməsi də mümkün deyil. Faktiki olaraq bu
regionda iki dövlət mövcuddur: Rusiya və Türkiyə. Heç bir halda bu iki dövlət
imkan verməz ki, Fransa regionda hərbi cəhətdən mövcud olsun. Ona görə də,
Fransanın Ermənistana, o cümlədən Paşinyana real dəstək verə, xüsusən də
sərhədlərin müəyyən edilməsi, Zəngəzur dəhlizinin açılması məsələlərində ciddi
rol oynaya, hansısa nəticələr əldə edə bilməsi real görünmür. Bu baxımdan
Paşinyanın Paris səfəri erməni ictimai rəyində görüntü yaratmaqdan başqa heç
nəyə xidmət etmir. Bununla Paşinyan nümayiş etdirir ki, guya Fransa hər zaman
onu və ölkəsini dəstəkləyir. Əgər buna nəticə demək olarsa, konkret "siyasi
nəticə” bundan ibarətdir. Erməni ictimai rəyində Fransanın dəstəyini nümayiş
etdirirlər. Ancaq bu, qısamüddətlidir, daxili auditoriyaya hesablanmış
addımdır. Məhz bu amilə arxalanan Paşinyan, seçkilərə gedir. Çünki Paşinyanı
Fransadan başqa hansısa dövlətin dəstəkləyə biləcəyi üfüqdə görünmür. 44 günlük
müharibədə ölkəsi məğlub olan, təslimçi akta imza atan Paşinyanı dəstəkləyə
biləcək yeganə ölkə Fransa, siyasətçi isə Makrondur. Paşinyan bu gerçəkliklər fonunda
Fransaya səfər etmək məcburiyyətində qalıb. Paris səfərinin Ermənistanı
gələcəkdə çətin vəziyyətdən çıxaracağı, yardımlar edəcəyi, Paşinyana hansısa
üstünlüklər verəcəyi real deyil. Ümumilikdə, bu səfərin ciddi siyasi nəticələr
doğuracağı gözlənilmir. Bu səfəri Paşinyanın növbəti uğursuzluğu kimi də
qiymətləndirmək olar”.
"Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu da hesab
edir ki, Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın iyunun
2-də Fransaya səfəri İrəvanın sərhəd məsələsində Parisdən növbəti dəfə dəstək
almaq məqsədi daşıyıb. Onun fikrincə, Paşinyan Rusiyaya əvəz axtarır: "Fransa
prezidenti Emmanuel Makron Paşinyanla görüşdə dedi ki, Azərbaycan hərbçiləri
Ermənistan ərazisini tərk etməlidirlər. Makron bu açıqlamanı ikinci dəfədir
səsləndirir. Fransa prezidentinin məsələnin mahiyyətini bilmədən yalnız
ermənilərin mövqeyini səsləndirməsi, bu ölkənin vasitəçi statusuna kölgə salır.
Makron prezident olduğu müddətdə Fransa-Azərbaycan münasibətlərini əvvəlki
axarına qaytarmaq çətin olacaq. Bunun üçün Makron Azərbaycana münasibətini
dəyişdirməlidir. Ancaq o, müharibə və ondan sonrakı dövrdə olduğu kimi,
ermənipərəst siyasətini davam etdirir. Nikol Paşinyanın Makronla görüşdə
səsləndirdiyi digər cümlə də diqqəti çəkdi. Paşinyan Ermənistanda keçirilən son
sorğuya istinad edərək dedi ki, ermənilərin Fransaya rəğbəti daha da artıb. Bu
açıqlama Kremldə xoş qarşılanmayacaq. Çünki həmin sorğunun nəticəsinə görə,
ermənilərin Fransaya artan rəğbəti Rusiyaya azalan rəğbəti müqabilində baş
verib. Ermənilər düşünürdülər ki, Rusiya gəlib onların əvəzinə Azərbaycanla
savaşmalıdır və ya sərhəddə Azərbaycan hərbçilərini durdurmalıdır. Bu, baş
vermədikdə ermənilərin Rusiyaya rəğbəti azalmağa başlayıb”.
Politoloq söyləyib ki, Paşinyan
Fransaya səfər etməklə parlament seçkisi öncəsi daha çox səs qazanacağına ümid
edir: "Paşinyan bir tərəfdən göstərir ki, o, ermənilərin daha çox rəğbət etdiyi
Fransaya səfər edib, digər tərəfdən, Makron yenə Ermənistanı dəstəkləyib. Buna
baxmayaraq, Fransanın Azərbaycanla Ermənistan sərhədinin müəyyənləşdirməsinə
təsir etmək imkanı yoxdur. Azərbaycan Fransanı, artıq vasitəçi dövlət kimi
qəbul etmir. Fransanın Azərbaycana təzyiq etmək alətləri də yoxdur. Əksinə, Emmanuel
Makron hər dəfə İrəvanı dəstəkləməklə Fransa-Azərbaycan münasibətlərinə zərbə
vurur. Bu arada, yəni iyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan
nümayəndələrinin üçtərəfli məsləhətləşmələr keçirməsi diqqəti çəkdi.
Tərəflər Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı rayonlarında deeskalasiyanı
müzakirə etdilər. İşgüzar əlaqələrin davam etdirilməsi barədə razılıq əldə
olundu. Rəsmi Bakı Moskvanın vasitəçiliyini qəbul edir. Ancaq Azərbaycan sərhəd
məsələsini birbaşa Ermənistanla həll etməlidir. İrəvan istəyir ki, rusiyalı
hərbçilər Azərbaycanla sərhəddə yerləşsinlər”.
E.Şahinoğlunun qənaətinə
görə, İrəvan həm də onu arzulayır ki, rusiyalı hərbçilər Azərbaycan
sərhədçilərin yerləşdikləri məntəqələrdən çıxarsınlar: "Bu, mümkün deyil. Rəsmi
Bakı Rusiya hərbçilərinin Ermənistan tərəfdə - sərhəddə yerləşdirilməsinin
əleyhinə deyil. Bu, Rusiya ilə Ermənistanın daxili işidir. Ancaq bunu
Azərbaycan hərbçilərinin Ermənistanla sərhədi tam nəzarətə götürməsindən sonra reallaşdırmaq
mümkündür. Moskva bu məsələdə ehtiyatlıdır. Kreml Azərbaycanla Ermənistan
arasında moderator olduğundan, Azərbaycana təzyiq etmək istəmir. Digər tərəfdən,
Türkiyə amili də var. Moskva sərhəd məsələsində Azərbaycana təzyiq etmək istəsə,
Türkiyə bizə dəstək verəcək, türkiyəli hərbçilərin Qarabağda yerləşməsi prosesi
sürətlənəcək”.
Bəxtiyar MƏMMƏDLİ