• cümə, 29 Mart, 06:21
  • Baku Bakı 5°C

Parisdə Ermənistan təcavüzünə etiraz aksiyası keçirilib

23.07.20 09:45 519
Parisdə Ermənistan təcavüzünə etiraz aksiyası keçirilib
"Qarabağ Azərbaycanındır!”, "Şəhidlər ölməz, Vətən bölünməz!”, "Qəhrəman Azərbaycan əsgəri!”, "Can, can Azərbaycan!” "Səninləyik, can Azərbaycan!”, "Azərbaycana ədalət!”, "Azərbaycan, Türkiyə!”, "Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”, "Ermənistan, Azərbaycana qarşı təcavüzü dayandır!”, "Ermənistan, Qarabağın işğalını dayandır!”, Ermənistan, işğalı və terroru dayandır!”, "Ermənistan Azərbaycan torpaqlarından rədd ol!”, "Ermənistan Qarabağdan çıx!”.
AZƏRTACxəbər verir ki, bu şüarları Ermənistanın Parisdəki səfirliyinin qarşısında bu ölkənin silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata, eləcə də erməni Daşnaksutyun partiyasının və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları olan "Gənc daşnaklar” (FRA Nor-Seround) fraksiyasının üzvlərinin Parisdəki səfirliyimizin qarşısında icazəsiz keçirdikləri aksiyaya və səfirliyin binasına qarşı etdikləri vandalizmə etiraz yürüşündə soydaşlarımız səsləndiriblər.
Aksiyada Fransada yaşayan soydaşlarımız, burada təhsil alan azərbaycanlı tələbələr, bu şəhərdəki Azərbaycan və Türkiyə diaspor təşkilatlarının üzvləri iştirak ediblər.
İcazəli etiraz aksiyası üçün Ermənistan səfirliyinin qarşısına toplaşan diaspora üzvlərimiz orada artıq daşnak partiyası və ASALA-nın ideoloji davamçılarının toplaşdığını görüblər. Ancaq fransız polisi erməniləri bir küncə yığaraq barrikadaya alıb. Soydaşlarımız Ermənistan hərbi təcavüzünə etiraz və əsgərlərimizə dəstək aksiyasını planlaşdırdıqları şəkildə həyata keçiriblər.
Aksiya iştirakçıları əvvəlcə iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat zamanı həlak olan şəhidlərimizin adını uca səslə söyləyib, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Aksiyanın təşkilatçıları, eləcə də iştirakçılar fransız dilində ermənilərin ölkəmizə qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasəti ilə bağlı faktları diqqətə çatdırıb, Azərbaycan ordusuna dəstəklərini ifadə ediblər.
Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə siyasəti, bir milyondan çox azərbaycanlının doğma yurdundan didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşaması, torpaqlarımızı işğal altında saxlaması qeyd edilib. Bildirilib ki, Azərbaycan Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq Ermənistan son təxribatları ilə bir daha münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərdi. Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın son hərbi təcavüzü hərbçilərlə bərabər mülki şəxslərin də ölümünə səbəb olub.
Vurğulanıb ki, Azərbaycan xalqı və dövləti beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq. Ermənistanın psevdodemokrat rəhbərləri bilməlidirlər ki, onların təcavüz və işğal siyasəti regional sülhə, təhlükəsizliyə təhdiddir və demokratiya konsepsiyasına ziddir.
Aksiyada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə etiraz bəyanatı, vətənpərvərlik ruhunda musiqilər və hərbi marşlar səsləndirilib və ifa edilib.
banner

Oxşar Xəbərlər