• şənbə, 20 Aprel, 09:29
  • Baku Bakı 14°C

Papanın Bakıya səfəri Azərbaycana verilən dəyərdir

04.10.16 10:36 1555
Papanın Bakıya səfəri Azərbaycana verilən dəyərdir
Tahir Mirkişili: "Səfər prezidentin yürütdüyü müstəqil, əməkdaşlığa söykənən, multikultural dəyərləri əsas tutan xarici siyasətinə bir dəstək idi”
Elxan Şahinoğlu: "Vatikan başçıları adətən əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Azərbaycan istisnadır”
Oktyabrın 2-də Roma Papası Fransiskin Azərbaycana birgünlük səfəri baş tutub. "Hamımız qardaşıq” şüarıilə gerçəkləşən səfər zamanı ilk olaraq katolik kilsəsinə yollanan papa dünyaya sülh üçün dua edib. Ölkə başçısı ilə də görüşən Papa Azərbaycana harmoniya, sülh və çiçəklənmə arzu edib. Prezident İlham Əliyev isə səfərdən məmnunluq hissi keçirdiyini söyləyib. Bildirib ki, əsrlər boyu Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşayıblar və bu gün də belədir: "Bu il Azərbaycanda "Multikulturalizm ili” elan edilib. Bizim üçün multikulturalizm həm həyat tərzidir, həm dövlətimizin apardığı siyasətdir. Multikulturalizm ideyalarının təbliği işində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır. Multikulturalizmin ünvanlarından biri Azərbaycandır. Fəxr edirik ki, biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik. Azərbaycanda bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar. Onlar ölkəmizin dəyərli vətəndaşlarıdır və bizim ümumi inkişafımıza böyük töhfələr verirlər”.

"Roma Papasının ölkəmizə səfəri strateji əhəmiyyətli hadisə hesab olunur". Bu haqda fikirlərini "Kaspi”yə açıqlayan millət vəkili Tahir Mirkişili dedi ki, bu səfər və səfər çərçivəsində "Biz hamımız qardaşıq" mesajının verilməsi mühüm hadisədir: "Azərbaycanda müxtəlif dinlərin azad inkişaf etməsi, multikultural dəyərlərin qorunması dünyada sabitlik və əməkdaşlıq üçün yaxşı nümunədir. Ölkəmizin bu mənada digər ölkələrə verə biləcəyi töhfə çox böyükdür. Roma Papasının da səfəri və çıxışı bunu bir daha göstərdi”.

Millət vəkilinin fikrincə, bu səfər həm də ölkə prezidentinin yürütdüyü müstəqil, əməkdaşlığa söykənən, multikultural dəyərləri əsas tutan xarici siyasətə bir dəstək idi.

Politoloq Elxan Şahinoğlunun fikrincə isə səfər iki istiqamətdə şərh edilə bilər: "Roma Papası Fransisk Azərbaycana birgünlük səfərə Gürcüstandan gəldi, 24 iyunda isə o Ermənistanda səfərdə olmuşdu. Roma Papası Ermənistana səfəri zamanı İrəvandakı "soyqırımı” abidəsini ziyarət etməklə yanaşı "erməni soyqırımı olub” ifadəsini işlətmişdi. Bu açıqlama Türkiyədə narazılıqla qarşılandı. Vatikan "erməni soyqırımını” əvvəlki illərdə tanıyıb. Roma Papasının İrəvandakı çıxışı zamanı işlətdiyi bir ifadə isə Azərbaycanda narazılıqla qarşılanmışdı. Vatikan başçısı bu cümləni işlətmişdi: "Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur. Roma Papası ermənilərə verdiyi vədi yerinə yetirmədi. Çünki o, Bakıdakı çıxışların heç birində "kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur” ifadəsini işlətmədi. Əskinə, Roma Papası Bakıdakı çıxışlarında iman, sülh və ədalətdən danışdı. Roma Papasının Bakıda Heydər Əliyev Mərkəzindəki çıxışını iki hissəyə bölmək olar.Birinci hissədəki mesajı - Azərbaycan təkkonfessiyalı ölkə deyil. Azərbaycanda dini azadlıqlar tam təmin edilib.İkinci hissədəki mesajı isə "Azərbaycanda ilk dəqiqələrindən anladım ki, nə qədər insan qanlı münaqişədən əziyyət çəkir. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət bunu daimi diqqətdə saxlasın və yardım göstərsin. İstərdim ki, bölgədə sülh bərqərar olsun. Arzu edirəm ki, həll variantı tapılsın, Tanrının yardımı ilə dialoq və danışıqlar vasitəsi ilə Qafqaz regionunda münaqişələr həllini tapsın. Qərblə Şərqin qovşağında sülh bərqərar olsun. İstərdik ki, bu qapı hər zaman sülhün üzünə açıq olsun”.

Politoloq hesab edir ki, birinci mesaj Azərbaycan prezidentinin yürütdüyü siyasətin Vatikan tərəfindən dəstəkləndiyini göstərir və multikulturalizmə söykənən dini dözümlülük siyasəti Roma Papasının da diqqətini çəkib: "İkinci mesajda isə Roma Papası Dağlıq Qarabağ münaqişəsindən ümumi sözlərlə danışır. Ondan əvvəl danışan İlham Əliyev diqqəti Azərbaycan torpaqlarının işğalı faktına yönəldir. Ancaq Roma papası çıxışında "Dağlıq Qarabağ” və "ərazi bütövlüyü” ifadələrini işlətmir. Bununla Vatikan başçısı Azərbaycanla Ermənistan arasındakı qarşıdurmada kimsənin tərəfini tutmaq istəmədiyini göstərir və fikrini ümumi sözlərlə ifadə edir. Bu isə Azərbaycan ictimaiyyətində müsbət qarşılana bilməz. Buna baxmayaraq, rəsmi Bakı Vatikanla münasibətlərə əhəmiyyət verir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu, Vatikan başçısının Azərbaycana ikinci səfəridir. Birinci səfər 2002-ci ildə reallaşmışdı. Vatikan başçıları adətən əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Azərbaycan istisnadır.Azərbaycanda katoliklərin sayı bir neçə yüz nəfərdir. Buna baxmayaraq, Roma Papasının müsəlman Azərbaycana səfəri ölkəmizin dini və etnik tolerantlıq nümunəsi olduğunu göstərir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu Vatikanın bəzi muzeylərinin təmirinə maliyyə ayırır. Bu isə Roma Papası tərəfindən yüksək qiymətləndirilir. Azərbaycandan başqa hansısa digər müsəlman ölkəsinin Vatikanın muzeylərinin təmirinə maliyyə yardımı ayırması nümunəsi yoxdur. Bu dəstəkdə rəsmi Bakının siyasi məqsədi də var. Bu yardımla rəsmi Bakı həm Azərbaycanın dini tolerant ölkə olduğunu nümayiş etdirir, həm də dünyada böyük nüfuza malik olan Vatikanın ərazi bütövlüyü prinsipinə diqqət ayırmasına çalışır. Birinci məsələdə müsbət nəticə var, ikincidə isə hələlik yoxdur”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər