• cümə, 19 Aprel, 18:47
  • Baku Bakı 24°C

Pandemiyanın qurbanları: işsiz aktyorlar

16.07.20 10:15 2431
Pandemiyanın qurbanları: işsiz aktyorlar
Film, serial çəkilişləri dayanıb, el şənlikləri də keçirilmir...
Pandemiya, digər sahələr kimi, incəsənət cameəsində də durğunluq yaratdı. Hətta bir çox mətləbləri bizə daha yaxından aydın etdi desək, yəqin ki, yanılmarıq. Bir əsas məsələ də var ki, gündəlik olaraq gəliri el şənliklərindən, tədbirlərindən, serial, filmlər, reklam çəkilişlərindən çıxan sənət adalarının bu günkü vəziyyəti bir qədər çətindir. Nə az, nə çox - onlar 4 aydır ki, qazanc yeri tapa bilmirlər. Onların arasında sürücü işləyən də var, hətta çevrəsindəki insanlardan gizlin fəhlə kimi çalışanlar da.Biz də aktyorlardan karantin günlərində necə dolandıqlarını soruşduq. Onların bir qismi bildirdi ki, teatr dövlət müəssisəsi olduğu üçün ordan aldıqları 300 manat maaş bir aya kifayət etmir və bunun üçün karantin günlərinin uzadılması onların yaşayış durumunun aşağı düşməsinə gətirib çıxarır.
"Əlavə qazanc üçün müvəqqəti iş axtarıram"
Əməkdar artist, aktyor Elnur Kərimov hazırda vəziyyətin gərgin olmasını səbəb gətirərək iş yerlərinin çoxunun bağlandığını və bu səbəbdən bir çox ailələrin maddi durumunun heç də yaxşı olmadığını dilə gətirdi. Aktyor müvəqqəti olaraq əlavə iş axtardığını gizlətmədi: "Təbii ki, pandemiya bütün sahələrdə durğunluq yaratdı. Ancaq karantin günlərində evdə qalaraq ailə dolandırmaqda çətinlik çəkənlərin çoxu da incəsənət nümayəndələri oldu. Yaradıcı insanların əlavə gəlir yeri olan tədbirlərin təxirə salınması bütün oturuşmuş rejimləri alt-üst etdi. Əlbəttə ki, dövlət teatrlarında çalışan bütün yaradıcı heyət maaşını alır. Ancaq indi həssas məqamdır. Gərək daha da diqqətli olasan. Kirayədə qalmaq və xüsusi qayğıya ehtiyacı olan uşağı müalicə etdirmək indi daha da çətindir. Hazırda isə Tovuzda baş verən hadisələr, şəhid xəbərləri bizləri, əlbəttə məyus edir. Çünki tarixi bir dönəmin astanasındayıq. Şəhidlərimizin olması böyük bir dərddir, ancaq yaranan bu vəziyyət aktyorların gündəlik qayğılarını da unutdurur. Bunun üçün də şikayətlənmədən əlavə qazanc üçün müvəqqəti iş axtarıram".
"Etdiyim yardımları heç zaman paylaşmamışam"
Aktrisa Nəzakət Məmmədova dar gün üçün hər bir insanın alternativ işinin olmasını vacib hesab edir: "Bilirsiniz ki, filmlər, seriallarla yanaşı, öz akademiyamızda aktyorluq sənəti dərsi tədris edirəm. Nəinki mən, eyni zamanda bir çox yaradıcı sənət adamlarımız peşəkarı olduğu işləri ilə bərabər, şəxsi bizneslə də məşğul olurlar ki, belə məqamlarda o biznesləri onlara yardımçı olur. Kimin alternativ işi yoxdursa, hamı necə, o da elə dolanmağa çalışır. Çətin bir dönəm yaşayırıq. Belə bir zamanda kimin imkanı varsa, çətin durumda olan insanlara, həmvətənlərinə yardım əlini uzadır. Biz sənət adamları da bunun üçün əlimizdən gələni etmişik və etməyə çalışırıq. Açığı, etdiyim yardımları heç zaman paylaşmamışam və paylaşmağın da tərəfdarı deyiləm. Hər insanın özünə görə subyektiv fikri var".
"Tələbatımı ödəyirəm"
Aktrisa, aparıcı Günel Həmidova isə deyir ki, pandemiya dövründə bir çox sahələrdə durğunluq özünü göstərsə də, onun alternativ istedadı əlindən tutub: "Bilirsiniz ki, Bakı Bələdiyyə Teatrının aktrisasıyam və rəsmi iş yerlərinin əməkdaşları əmək haqqı ilə təmin edilir, zamanında aylıq maaşları ödənilir. Bununla bərabər, qonşu kanalda bir dövlət layihəsində yer alıram. 5 bölümdən ibarət bədii serialda rol almışam. Space telekanalının da əməkdaşıyam və orada veriliş aparıcısıyam. Pandemiya dönəmində teatrdan əlavə çalışdığım bu işlərdən qazancımla tələbatımı ödəyirəm".
"Bu gedişlə hara qədər gedəcəyimi də bilmirəm"
Aktrisa Günel Məmmədovabildirir ki, aktyorların iş yeri əsasən teatrlardır. Teatrda maaşlar isə o qədər də ürəkaçan deyil: "Teatrın maaşına da min şükür. Ancaq bu maaş kifayət qədər gündəlik tələbatı olan yaradıcı insan üçün o qədər də yetərli deyil. Belə olduğu halda, istər-istəməz çörəyimiz seriallardan, reklam çarxlarından, İnstagramdan çıxır. Hazırda 4 aydır ki, çəkilişlərdə, reklam işlərində durğunluq yaşanır. Seriallar da mövsüm sonuna çıxıb. Mənim rol aldığım bir serial dayandırıldı. Hazırda isə nə film, nə də reklam var. Mənim gündəlik dolanışığım isə yalnız teatr maaşıdır. Hər şeyi anlayıram, pandemiyadır, koronovirus bütün dünyada yayılan qorxunc bir xəstəlikdir. Ancaq əgər bir aktyorun gəlir yeri yoxdursa, nə etməlidir? Mən aktrisayam. Nə el şənliklərinə tamada kimi gedirəm, nə də xınayaxtılarda iştirak edirəm. Bu illər ərzində yalnız öz yaradıcılığımla məşğul olmuşam. Hər şeyi başa düşürəm. Mənim də ailəmin özünə məxsus ehtiyacları var. Ən azından, ailəmə maddi köməklik göstərirdim. O yoxdursa, təbii ki, bu ehtiyacları ödəyən də olmayacaq. Ona görə də tək qazancı bu işdən çıxan insanları da düşünmək lazımdır. Hamının imkan səviyyəsi eyni deyil. Şəxsən mənə belə çətindir. Bu gedişlə hara qədər gedəcəyimi də bilmirəm. Gündəlik sosial şəbəkələrdə sənət yoldaşlarımın bu kimi paylaşımları ilə rastlaşıram, amma onlara heç bir reaksiya yoxdur. Hər bir insanın ailəsində problemləri var. Kiminin banka kreditləri var, kimi evinin kirayəsini ödəyə bilmir, kiminin evində müalicəyə ehtiyacı olanları var. Heç olmasa kirayədə qalanlara, banklara borcu, krediti olan şəxslərə pandemiya dövründə möhlət verilsin".
"Pandemiya mənə psixoloji təsir göstərir"
Aktyor Vüsal Murtuzəliyev isə bildirir ki, pandemiya dövründə heç də işsiz qalmayıb: "Pandemiya dövründə işlər əvvəlki kimi getməsə də, mütəmadi olaraq dublyajlara gedir və səsləndirmə ilə məşğul oluram. Mart ayından bu yana gəlirim yalnız dublyajdandır. Bilirsiniz ki, çəkilişlər dayanıb. Çox şükür ki, dublyajdan az-çox qazanıram. Bu o demək deyil ki, karantin və hazırda yaranan vəziyyət mənə təsir göstərmir. Pandemiya mənə psixoloji olaraq təsir göstərir. Belə ki, evə qapanmışıq, ürəyimiz istəyən yerə getmək imkanımız yoxdur. Evdən yalnız SMS vasitəsi ilə icazə alaraq çıxırıq, bu da mənə psixoloji təsir göstərir. Mənəvi cəhətdən boğuluruq. Düzdür, mənim işim var, çalışıb pulumu qazanıram. Ətrafımdakı insanların problemləri, maddi və mənəvi çətinliyi, istər-istəməz, hamı kimi mənə də təsir edir. Tək mənim işləməyim hər şeyin düzəlməsi demək deyil. Qazandığım bu maaşla hələ ki dolanıram. Hamıya səbr arzu edirəm".
"300 manat maaşla dolanmaq olmur"
Aktyor Türkay Cəfərli gələcəyə ümidlə baxdığını deyir: "Aktyorun işi nədir? Təbii ki, səhnə və kamera. Onlar da olmayandan sonra insan məcbur olub ya başqa işlə məşğul olmalıdır, ya da ehtiyatında nə qədər qazancı qalıbsa, onu xərcləməlidir. Çünki başqa əlacı yoxdur. Əksinə, bizə bu pandemiya dövründə əlavə çəkilişlər həvalə edilməlidir ki, sosial çarxlar çəkilsin, kütlə bizim vasitəmizlə maariflənsin. Şəxsən mən aktyor kimi kino və serialdan qazandıqlarımla dolanıram. Çünki hər birimiz yaxşı bilirik ki, teatrdan aldığımız 300 manat maaşla indiki zəmanədə dolanmaq olmur. Allah hamının yardımçısı olsun. İnşallah, bu çətin dövr tezliklə bitər".
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər