• cümə, 26 Aprel, 01:16
  • Baku Bakı 16°C

Pandemiyanın cəmisi bir il “nəfəs” verdiyi sahə - ARAŞDIRMA

21.08.21 12:30 1723
Pandemiyanın cəmisi bir il “nəfəs” verdiyi sahə - ARAŞDIRMA
Qış turizminə də yay turizmi qədər önəm verilsə...

Hər dəfə yay mövsümündə Bakı ərazisində kirayə verilən bağ evlərinin rekord qiymətlərini müzakirə edirik. Aylığı 2-3 mindən başlayan evlərin qiymətləri 20 minə qədər yüksəlir. Üstəlik, pandemiya dövründə qiymətlər əvvəlki illərlə müqayisədə 2-4 dəfə artıb. Hazırda bağ evlərinin fantastik qiymətlərini oxuyub, köks ötürürük.
Yay artıq bitmək üzrədir. İsti günlərdə qiymətləri ilə tüğyan edən bağlarda sakitlik başlayır. İlin 4 fəslinin gəlirlərini yalnız 1 fəsildə qazanan bağ sahibləri gələn yayı gözləyir.
Bəs nə üçün Azərbaycanda bağlara digər 3 fəsildə deyil, yalnız yayda müraciət edilir? Şəhərin səs-küyündən qaçmaq istəyən əhali digər fəsillərdə hansı qiymətlərlə qarşılaşır?

"Bağ evlərinə tələbat azalıb”

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyir ki, pandemiya səbəbindən son iki ildə Abşeron ərazisindəki bağ evlərinə tələbat əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb: "Ötən il ümumiyyətlə, nəinki xaricə, heç regionlara da turist axını yox idi. Pandemiya ilə bağlı qərarların qəbulu, paytaxtdan giriş-çıxışın məhdudlaşdırılması Bakı ətrafında evlərə tələbatı artırdı və fantastik qiymətlərlə rastlaşdıq. Bu il isə xaricə uçuşlar qismən bərpa olundu, regionlara gediş-gəlişdə məhdudlaşdırma olmadığı üçün yayda belə bağ evlərinə müraciətlər azaldı”.

"İnfrastruktur yoxdur”

Qış aylarında şəhər bağlarında infrastruktur məsələsinə gəldikdə isə ekspert hesab edir ki, qışda bağ evlərində yaşamaq üçün şərait əlverişli deyil: "Qış və payız aylarında bağlara tələbat olmur. Tələbat olmadığı üçün inkişaf da yoxdur. İnsanlar iş yerlərinə daha yaxın olmaq üçün qışı şəhərdə, yayı bağda keçirməyə üstünlük verirlər. Çox az qrup insan var ki, payız-qış aylarında bağa gedir. Ona görə də, yay mövsümündə tələbat qış aylarından yüksək olur”.

Qiymətləri fantastik edən nüans...

Qış aylarında şəhərətrafı ərazilərdə qiymət məsələsinə gəldikdə, ekspert vurğulayır ki, pandemiya daha çox bağ evlərinə yaradı: "Son iki ili nəzərə almasaq, müşahidələr göstərir ki, yay mövsümündə qışla müqayisədə inzibati mərkəzlərdə, məsələn Mərdəkan, Şüvəlan kimi ərazilərdə qiymətlər, təqribən iki dəfəyə yaxın qalxır. Digər ərazilərdə isə 30-40 faizə qədər artım müşahidə olunur. Qiymətləri fantastik edən pandemiyadır. Pandemiya daha çox bağ evlərinə, eyni zamanda, Bakıətrafı rayonlara və Abşeron regionuna yaradı”.

Günlük 500 manata evlər...

Ekspertin sözlərinə görə, hazırda regionlarda da eyni vəziyyət hökm sürür: "Bu il insanların əksəriyyəti həftə sonları regionlara axın edirlər. Ən azı 2-3 günlük vaxtı öz istirahətlərinə sərf edirlər. Ötən il bu imkanlardan tamamilə məhrum olmuşdular və psixoloji baxımdan insanlarda bu məsələ travma yaratdı. Düşünürlər ki, birdən bağlayarlar, heç olmasa istirahət edək. Regionlarda qiymətlər çox kəskin, rekord həddədir. Burada turistik baxımdan infrastruktur zəifdir. Otellərin sayı azdır, mövcud olan otellərdə də qiymət siyasəti düzgün aparılmır. Bu səbəbdən, turizm üçün əlverişli olan regionlarda son illərdə insanların əsas məşğuliyyəti fərdi yaşayış mənzillərinin kirayə verilməsidir. Qəbələ, Şamaxı, İsmayıllı, Oğuz kimi rayonlarda infrastruktur baxımından aşağı səviyyəli (hətta orta deməzdim), aşağı təminatlı, təqribən iki otaqlı orta təmirli mənzilin qiymətləri günlük 40-50 manatdan başlayır. Hansı ki, bu mənzillər turizm üçün yararlı deyil. Daha çoxotaqlı evlər, əgər hovuzu yoxdursa, günlük 100-150 manatdan, hovuzludursa, 200-250 manatdan başlayır. Günlük 500 manata qədər olan evlər var. Bu, çox fantastik qiymətdir”.

Gözlənilməyən dəyişikliklər

Azərbaycan Rieltorlar İttifaqının sədri Elnur Azadov deyir ki, ötəni ilin yaz aylarından başlayaraq payıza kimi ölkəmizdə daşınmaz əmlak sektorunda gözlənilməyən dəyişikliklər baş verdi: "Həm "evdə qal” prinsipi, həm də vətəndaşların ölkə xaricinə çıxa bilməməsi bağ sektoru üçün düşərli oldu. Bağ evlərinə tələbat yüksəldi və qiymətlər 3 dəfə artdı. İllərlə satılmayan fərdi evlər belə satıldı. Amma bu, cəmi bir il belə oldu. Bu il artıq bu tendensiya yoxdur. Bir çox şəxslər investisiya yatırmağa, torpaqlar almağa, yeni evlər tikməyə başladılar ki, artıq pul qazanacaqlar. Bu, baş vermədi. Təkliflər bazarda 20 faiz çoxaldı. Ona görə də, bu il qiymətlərdə yumşalmalar hiss olundu. Bu, daha çox Bakı və Bakıətrafı rayonları və turizm baxımından əlverişli olan şəhərləri əhatə edirdi”.
Bağ evlərində digər fəsillərdə tələbat məsələsinə gəldikdə, ekspert vurğulayır ki, bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən proqramlar həyata keçirilməlidir: "Təbii ki, təklif az, tələbat yüksək olanda qiymətlər yüksək olur. Bizdə bağ mövsümü may və sentyabrı əhatə edir. Qalan vaxtlarda bizim yerli vətəndaşlar bağ evlərindən az istifadə edirlər və qiymətlər olduqca aşağı düşür. Həmçinin otel sektorunun inkişafı ilə bağlı xaricdən gələn vətəndaşlar bağlara üstünlük vermirlər. Otellərin sayı çoxaldıqca, qiymət də düşür. Bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən böyük proqramlar həyata keçirilməlidir. Məsələn, Türkiyənin isti zonalarına baxsaq, bir qarış boş torpaq yoxdur. İl boyu turistlər gəlir. İnfrastruktur olduqca yüksəkdir. İlin ən azı 9-10 ayı aktivdir. Bizdə də qış turizminə yay turizmi qədər önəm verilsə, ən pis halda ilin 3 fəslində tələbat olar”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər