Pandemiyanın acığını vətəndaşdan çıxanlar - FOTOLAR
Və ya toy edənlərə "toy”
tutan şadlıq evləri
İyulun 1-dən qaydalara riayət etməklə, kütləvi
şənliklərə rəsmi şəkildə icazə verilib. Məhz həmin gündən şadlıq sarayları,
restoranlarda yer tapmaq mümkün deyil. Hər kəs 1 ildən çoxdur ki, gözlədiyi toy
həsrətinə qovuşmağa can atır. Hətta pandemiya dövründə evlənənlər, övlad sahibi
olanlar belə yenidən toy edirlər. Lakin qiymətlər nə toy sahibini sevindirir,
nə də qonaqları...Toy sahibləri şadlıq saraylarında bahalıqdan şikayətlənir,
dəvətlilər isə toy çoxluğundan. Çünki toy etməyə çalışanlar restoran
sahiblərinin oxuduğu qiymət qarşısında şok keçirir və toya çağırılan şəxslər də
indidən yüksək qiymətli stola görə nə qədər nəmər yazdıracağını düşünür. Hətta
bir ayda 7 toya çağırılıb deyə, toyların qadağan olunmasını tələb edənlər də
var. Bəs bahalaşmanı şərtləndirən amillər nələrdir?
"Restoranlarda yer
yoxdur”
Qiymətlərlə maraqlanmaq üçün şəhərin məşhur
məkanları ilə əlaqə saxladıq. Demək olar ki, əksəriyyətində bütün günlər üçün yerlər
tutulub. Qarşıdan Məhərrəmlik ayı gəldiyi üçün insanlar xeyir işlərini
gözlətmək istəmirlər. Növbəti sərt karantinin olacağından və toyların yenidən
qadağan olunmasından da çəkinirlər.
Qurban gedən
vətəndaş...
Şadlıq saraylarında qiymətlər 60 manatdan 250
manata qədər dəyişir. Məsələn, pandemiyadan öncə Günelin toyuna Rəhman 50 manat
nəmər atmışdısa, pandemiya dövründə toy edən Rəhmana Günel 50 manat nəmər
verərsə, toy sahibi ziyana gedir. Günel məcburdur ki, Rəhmanın toyuna artıq pul
atsın. Axı tək restoranlar deyil, Günel kimi sadə xalq da pandemiyadan zərər
çəkib. Günelin cibinə girməklə, məsələni həll etmək ədalətli deyil. Çünki onun
da vəziyyəti buna imkan vermir. Rəhman kimi 5 dəvətnamə də hələ onu gözləyir.
Adlar şərti olsa da, Günel və Rəhmanın timsalında hazırda əksəriyyətimiz eyni
vəziyyətdədir. Əvvəllər stollar 20-25 manatdan başlayırdı. 30-40 manatlıq
stolla qonaqları normal səviyyədə yola salmaq mümkün idi. İndi bu, mümkün
deyil. Say məhdudiyyəti və qoyulan ciddi tələblər şadlıq evlərində qiymətlərin
xeyli artmasına səbəb olub. İl yarımdır ki, pandemiyadan zərər çəkən
restoranlar bunun acısını vətəndaşdan çıxarırlar. Vətəndaş da övladının
arzusunu yerinə yetirmək üçün bu qiymətlərlə razılaşır.
"Kiçik zalla böyük
zalın qiyməti eynidir”
Əksər rayonlarda şadlıq sarayı qiymətləri stul
sayına görə hesablamır. Toy keçirilən məkan icarəyə verilir, toy edən şəxs
ərzağını özü tənzimləyir. Məkanların ölçüsünə, tutumuna, məşhurluğuna görə
qiymətləri dəyişir. Məsələn, 600-700 nəfərlik zallar minimum 800-1000 manata
icarəyə verilir. Nişan, xına üçün nəzərdə tutulan nisbətən kiçik zallar isə
200-400 manat arasında dəyişir. Lakin pandemiyadan sonra rayonlarda da toylar
od qiymətinədir. Restoran icarəyə götürənlər də qiymət artımından şikayətlənirlər.
Qonaq sayı maksimum 150 nəfər olduğu üçün toy edən kiçik zalı icarəyə götürmək
istəyir. Lakin kiçik zalın qiyməti böyük zalla eynidir.
Bu problem yalnız toylarla bağlı deyil.
Ümumiyyətlə, bütün ictimai iaşə obyektlərində cib yandıran qiymətlər mövcuddur.
"Qida məhsulları
bahalaşıb”
İqtisadçı ekspert
Eldəniz Əmirovdeyir ki, hazırda ictimai iaşə obyektlərində qiymət artımının əsas
səbəblərindən biri qida məhsullarının bahalaşmasıdır: "İlin əvvəlindən
başlayaraq kommunal və yanacaq qiymətlərinin artımının şahidi olduq. Bu zaman
ərzaq, xidmət sahələrinin və digər qiymətlərin artacağını söyləyirdik. Bunun
ardından marketlərdə, bazarlarda qiymət artımlarını müşahidə etməyə başladıq.
Bəzən bunu işbazların adına yazsalar da, əslində bu, təbii prosesdir. Belə
vəziyyətlərdən sonra qiymətlərin artması gözlənilən idi. Ən bəsit bir nümunə
deyim ki, kənd təsərrüfatı məhsulunun maya dəyərinin formalaşmasında yanacaq
qiymətlərinin xüsusi çəkisi çox böyükdür. Hazırda ictimai iaşə obyektlərində,
şadlıq saraylarında cib yandıran qiymətlərin əsas səbəblərindən biri qida
məhsullarının bahalaşması, ümumi isə adi inflyasiya meyllərinin artmasıdır. Digər səbəb isə restoran xidmətlərində müəyyən peşəkar
işçilərin maaşlarında da artım olmasıdır. Peşəkar əməkdaşlar əvvəlki maaşla
razılaşmırlar”.
İştirakçı
məhdudiyyəti və xərclər
Ekspert vurğulayır ki, hazırda şadlıq evlərindəki
vəziyyət çox acınacaqlıdır: "Toylarda qoyulmuş iştirakçı məhdudiyyəti
adambaşına düşən xərci artırmış olur. Belə ki, şadlıq saraylarının dəyişməyən
xərcləri var ki, bunlar toya dəvət edilənlərin sayından asılı olmayaraq mütləq
sərf edilən xərcdir. Bu, adi qaydadır ki, dəyişməyən xərclər də, digər xərclər
kimi iştirakçılar arasında, yəni hər masa üzrə bölünür və üzərinə dəyişən
xərclər gələrək bir masanın qiyməti formalaşır. Odur ki, iştirakçı
məhdudiyyətləri olduğuna görə, şadlıq evlərində qiymət artımları qaçılmazdır”.
Restoranların qiymət
diktəsi...
Ekspert hesab edir ki, hazırda restoranların qiymət
diktəsi üçün əla fürsət yaranıb: "Bu amil isə tələbatın kəskin artması
deməkdir. Yəni müştəri bolluğunun inanılmaz dərəcədə yüksəlməsi restoranlarda
böyük sıxlıq yaratmış oldu. Hansı restorana baxsaq, bunu müşahidə edə bilərik.
Hətta şəhərkənarı restoranlarda, dənizkənarı ictimai iaşə obyektlərində maşın
saxlamağa yer də yoxdur. Belə olan halda, yəni tələbatın kəskin artması fonunda
qiymətlər restoranlar tərəfindən daha da artırıldı. Sual oluna bilər ki, niyə
müştəri sayı birdən-birə bu qədər artdı? Cavab çox sadədir. Bir il yarımdan
çoxdur ki, insanlar restoranların arzusu
ilə yaşayırdılar, toy edə bilmirdilər, dostlarla, qohumlarla normal vaxt
keçirə, ailəvi istirahət məkanlarına üz tuta bilmirdilər. Hazırda bu cür fürsət
yaranıb, üstəlik, bu, məhz insanların məzuniyyət götürdüyü, istirahət
mövsümünün aktivləşdiyi bir məqama təsadüf edir. Buna görə də restoranlarda bu
qədər müştəri sıxlığı və toylarda qiymət artımı müşahidə edilir”.
"İqtisadiyyatın
ruhuna ziddir”
Bunun qarşısını almaq məsələsinə gəldikdə, ekspert
vurğulayır ki, qarşısını sərt qadağalar, qiymət diktəsi, birbaşa müdaxilələrlə
almaq olar: "Amma bu, iqtisadiyyatın ruhuna ziddir. Buna görə də qısamüddətli
nəyəsə nail olmaq mümkün olsa da, uzunmüddətli dövr üçün faydasız olacaq.
Hazırda ictimai iaşə obyektləri – kafelər, restoranlar bir-iki nəfərin əlində
deyil ki, bunu inhisarçı yanaşma və ya sui-istifadə ilə əlaqələndirək. Saysız-hesabsız
təsərrüfat subyektləri var və rəqabət şəraitində fəaliyyət göstərirlər,
müştərilərin minlərlə restoran seçimi var. Belə olan halda restoranlara
müdaxilə yanlış addım olardı. Hər müştəri öz büdcəsinə uyğun restoranlar
sinfini seçməlidir. Biz hər zaman azad rəqabətli bazar deyirik. Hazırkı ictimai
iaşə obyektlərində isə bu mühit var. Onu pozmaq iqtisadi səhv olardı”.
Aygün ƏZİZ
Fotolar: Tapdıq Abdullayev / Global
Media Group