• cümə axşamı, 18 aprel, 21:27
  • Baku Bakı 21°C

Pandemiya “Gürcü Arzusu”nu xilas edir

27.07.20 17:33 741
Pandemiya “Gürcü Arzusu”nu xilas edir
Rəsmi Tbilisi soydaşlarımızın yaşadığı rayonda karantin tədbirlərini gücləndirir

Koronavirusla mübarizədə az qala rekord göstəricilər əldə edən Gürcüstanda vəziyyət yenidən gərginləşib. Pandemiya başlanandan bəri effektiv mübarizə vasitələri ilə ən aşağı yoluxma göstəricisi əldə edən qonşu dövlət, hətta karantin tədbirlərini qismən ləğv etməyə hazırlaşırdı. Lakin iyunun sonlarından bəri hökumət etirazlar fonunda vəd etdiyi bir sıra yumşalmaları təxirə saldı. İndi isə yayılan son məlumatlara görə, bütöv kəndlər sərt karantin rejiminə keçirilib.
Soydaşlarımızın kompakt yaşadığı Kvemo-Kartli regionunun Qardabani rayonunun bir çox kəndlərində bu cür məhdudiyyət tətbiq edilib. Gürcü mənbələri vəziyyətin gərginləşməsini iki faktorla izah edir – yerli sakinlər testdən keçməkdən imtina edir və bildirirlər ki, onlar tam sağlamdırlar. İkincisi isə, rayonun bir çox sakinləri insanların sıx olduğu Tbilisi yarmarkasında işləyirlər. Dərhal da iddia ediblər ki, Qardabani rayonunun kəndlərində yayılan virus Azərbaycan ərazisindən keçə bilər. Gürcüstanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan ərazisində ilişib qalan Gürcüstan vətəndaşları müvafiq qaydalara əməl etməyərək səfirliklə razılaşdırmadan vətənlərinə dönürlər. Səfirlik bildirib ki, onlar növbə ilə və yalnız səfirlikdə qeydiyyatdan keçəndən sonra ölkələrinə dönə bilərlər.
Rəsmi məlumatlara görə, koronavirus artıq Qardabani rayonunun üç kəndinin 44 sakinində aşkarlanıb. Hakimiyyət orqanlarının əhalini kütləvi testdən keçirmə addımları isə sərt müqavimətlə üzləşib. Nəticədə cəmi 200 insanı test etmək mümkün olub. Gürcü nəşrləri iddia edir ki, böyük əksəriyyət testdən keçmək istəmir. Buna baxmayaraq, Tbilisinin Lilo yarmarkasında həm satıcılar, həm də alıcılar total testdən keçirilib. Yoxlama da əbəs olmayıb - 8 nəfərdə koronavirus aşkarlanıb. Xəstəliklərə nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamkrelidze etiraf edib ki, Qardabani rayonunun kəndlərində epidemioloqlar yerli sakinlər tərəfindən aqressiya ilə üzləşirlər. Bu səbəbdən də hökumət bu zonada karantin tətbiq edərək maksimal qaydada giriş-çıxışı sərtləşdirib. Baş nazir Georgi Qaxariya bildirib ki, epidemiologiyaya qarşı mübarizə üzrə İdarələrarası Koordinasiya Şurası artıq Qardabani rayonunda sərt karantin tədbirlərini gücləndirməyə hazırdır. "Çox təəssüf ki, son günlər ölkədə virusa yoluxmada ciddi artımlar var. Virusa yoluxma Qardabani rayonunun bir sıra kəndlərində qeydə alınıb. Qeyd etmək gərəkdir ki, bu kəndlərin sosial strukturu elədir ki, sakinlərin çoxu Tbilisinin və digər şəhərlərin bazarlarında çalışır. Bazarlarda nəzarət güclənəcək - söhbət termoskrininq və testləşmədən gedir. Vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün yerlərdə karantin tədbirləri gücləndiriləcək və biz buna hazır olmalıyıq”, - deyə baş nazir bəyan edib. Xatırladıb ki, "iqtisadiyyatın bərpası birbaşa əlverişli epidemioloji vəziyyətdən asılıdır. Birində, o biri olmadan uğur qazanmaq mümkün deyil”.
Profilaktika işlərində rastlaşdıqları müqaviməti əsas gətirən hakimiyyət orqanları polisə müraciət ediblər. Rusiya nəşrləri yazır ki, azərbaycanlıların əsas tələblərindən biri kütləvi toyların bərpasıdır. Hakimiyyət isə yalnız 100 nəfərin iştirakına icazə verib.
Koronvirusla mübarizədən söz düşmüşkən, Qərbin "Eurasianet” nəşri pandemiya müddətində ölkədəki seçkiöncəsi vəziyyəti analiz edib. Nəşr yazır ki, əgər "Gürcü Arzusu” üçüncü müddətə hakimiyyətdə qalmağa müvəffəq olarsa, bunun səbəbi sırf koronavirus olacaq. Pandemiya bu partiya üçün ciddi nailiyyət hesab edilir. Rəy sorğularının nəticələrinə görə, aparıcı dövlət qurumlarında çalışan dövlət məmurlarının reytinqi artıb. "Gürcü Arzusu” isə oktyabrda keçiriləcək seçkilər öncəsi lider mövqeyə yüksəlib. CCRC-Qafqaz tədqiqat resurs Mərkəzinin keçirdiyi sorğu hökumətin populyarlığının artmasını koronavirus və onunla mübarizə vasitələri ilə əlaqələndirib. Mərkəzin direktor müavini Dastin Qilbert baş verən dəyişikliklərə başqa səbəb tapa bilmir. Sorğunun nəticələrinə görə, baş nazirin reytinqi iki dəfə artaraq 65 faizə yüksəlib. Analoji dəyişiklik bir sıra dövlət orqanları və vəzifəli şəxslərlə bağlı da yaşanıb. Prezident Salome Zurabişvilinin populyarlığı 9 faizdən 25 faizə yüksəlib. "Gürcü Arzusu” seçki kampaniyasını iyulun 20-də başlayanda, bəlli idi ki, partiya koronavirusla mübarizədə əldə etdiyi uğurdan maksimum istifadə edəcək. Partiyanın sədri Bidzina İvanişvili bildirib ki, "insan həyatı təhlükə altında olduğu ekstremal şəraitdə hər şey arxa plana keçdi və hamı hökumətin ətrafında birləşdi”. Halbuki, ötən ilin bu vaxtı bütün ölkəni etirazlar bürümüşdü – onun uğur qazanacağını heç kim proqnoz etmirdi. İctimai dəstək azalmışdı, baş nazir etiraz aksiyasını sərt qaydada yatırmaqda ittiham edilirdi. Prezidenti isə İvanişvilinin "marionetka”sı adlandırırdılar. Lakin virus təşvişi sorğunun nəticələrinə görə, gürcülərdə hökumətə və onun uğurlarına hörmət qazandırıb.
Qilbret də bildirir ki, böhran zamanında birləşmə effekti ortaya çıxır: "Qeyri-müəyyənlik səviyyəsi artdıqda, insanlar milli institutlar ətrafında birləşir. Gürcüstan da tək böhrana tab gətirmədi, infeksiyanın saxlanması sahəsində ciddi uğur qazandı. İyulun 23-ə olan məlumata görə, ölkdə cəmi 158 aktiv yoluxma qeydə alınıb. Bütün epidemioloji məlumatlar onu sübut edir ki, hökumət xəstəliyin artmasının qarşısını ala bildi və xalq da bunu etiraf edir”. Epidemioloji uğur bir çoxları tərəfindən səkkiz ildir hakimiyyətdə olan "Gürcü Arzusu”nun bəlkə də yeganə uğuru kimi qiymətləndirilir. Bu illər ərzində hakimiyyət bütün fəaliyyətini öz uğurları üzərində deyil, müxalifətə qarşı kökləyib. "Eurasianet”ə açıqlamasında Gürcü Siyasət İnstitutunun Tbilisi analitik mərkəzinin rəhbəri Korneli Kakaşiya bildirib ki, onların həqiqətən də arsenalında heç nə olmayıb və heç vaxt seçicilərinə yeni ideya və baxış təqdim etməyiblər. İndi isə partiyanın əlində ciddi "kozır” var və rəqiblərinə qarşı ciddi şəkildə istifadə edə bilər.
Beləliklə, Kakaşiyanın da vurğuladığı kimi, pandemiyanı "Gürcü Arzusu” üçün xilas hesab etmək olar. Lakin hələ ki oktyabrda yekun qələbənin baş verəcəyindən danışmaq tezdir. Onlar həqiqətən də ictimai etimadı əldə ediblər. Lakin seçkilərə qədər bunu itirə də bilərlər.

Azər
banner

Oxşar Xəbərlər