• cümə, 29 Mart, 02:46
  • Baku Bakı 7°C

Pandemiya dövründə turizmin beynəlxalq günü

26.09.20 12:30 1023
Pandemiya dövründə turizmin beynəlxalq günü
Turizm sahəsi böhranlardan sonra daha güclü inkişaf etmək qabiliyyətinə malikdir
Hər kəsin, yaşadığı dünyanın gözəlliyindən zövq almaq hüququ var. Turizm sənayesi bu fürsəti insanlara təqdim edir. Dünya Turizm Günü bu baxımdan səyyahlar və mütəxəssislər üçün bir bayramdır. Ümumdünya Turizm Günü hər il 27 sentyabrda qeyd olunur. Turizm sahəsində çalışan bütün turizm şirkətlərinin əməkdaşları, muzey işçiləri, mehmanxana komplekslərinin rəhbərləri və işçi heyəti – peşəkar səviyyədə rahat və təhlükəsiz istirahəti təmin edən hər bir kəs bu günü qeyd edir. Bu baxımdan, Dünya Turizm Günü mədəni təcrübə mübadiləsi üçün güclü bir vasitə olaraq turizmə diqqət çəkmək, beynəlxalq əlaqələri möhkəmləndirmək və iqtisadiyyata əhəmiyyətli töhfə verən bir hədəf olmaq məqsədi ilə yaradılıb.
Bu tarix Azərbaycan da daxil olmaqla dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Məqsəd, turizmin təbliği, onun iqtisadiyyata təsirini genişləndirməkdir. Pandemiya zamanı olsa da, 2020-ci ildə böyük şəhərlərdə keçiriləcək tətil şərəfinə ənənəvi və lokal tədbirlər planlaşdırılıb. Qeyd edək ki, bayramın şüarı hər il seçilir və həmin gün keçirilən tədbirlərin mövzusunu müəyyənləşdirir. Mütəxəssislər sənayenin nailiyyətlərini və problemlərini müzakirə edir və gələcək işlərə istiqamət verirlər.
Həmin gün sərgi, konfrans və turizm sektorunun ən yaxşı işçilərini mükafatlandırma mərasimləri keçirilir, səyahətçilərlə seminarlar və görüşlər təşkil olunur. Dünya Turizm Gününün hətta öz rəsmi rəngi var - mavi. Bu rəng bayram tədbirlərinin dizaynında təkrarlanır.
Azərbaycanda turizmin inkişafı üçün
Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olan vaxtdan qeyd olunur. Belə ki, 2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv olub. Ölkəmizdə turizmin inkişafı üçün Prezident İlham Əliyevin təsdiq etdiyi turizmin inkişafına dair Dövlət Proqramına uyğun olaraq çoxsaylı layihələr həyata keçirilir. Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır.
Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələr, müasir hotellərin sayı da getdikcə artır. Hazırda ölkəmizdə 700-dən çox otel fəaliyyət göstərir. Ötən 7 ildə hotellərin sayı 2 dəfə çoxalıb.
Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildə ölkədə Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb. 2002-ci ildən başlayaraq Bakıda hər il beynəlxalq və ümumrespublika turizm sərgiləri keçirilir.
Ölkə başçısının 2016-cı il sentyabrın 1-də imzaladığı sərəncama əsasən, 27 sentyabr - Dünya Turizm Günü, həmçinin Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib.
Pandemiyanın zərəri
BMT-nin Ümumdünya Turizm Təşkilatının COVID-19 pandemiyasının turizm sektoruna təsiri ilə bağlı açıqladığı "Beynəlxalq turizmin barometri” adlı hesabatında qeyd olunub ki, bu ilin yanvar-iyun aylarında dünya üzrə turistlərin sayı 65%, beynəlxalq turizmdən əldə edilən gəlirlər 460 milyard ABŞ dolları azalıb. Təşkilat hesab edir ki, bu, 2009-cu ildə qlobal iqtisadi böhran zamanı turizm sektorunun itkilərindən 5 dəfə çoxdur. Hesabata görə, turistlərin sayı təkcə iyun ayında ötən illə müqayisədə 93% azalıb. Bu ilin ilk yarısında isə turist sayı 440 milyon nəfər azalıb.
Son illər respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən aidiyyəti qurumlar tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. "Bu müddətdə həm daxili turizmin inkişafı, həm də Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, ölkəmizə daha geniş miqyasda xarici turist səfərlərinin təşviq edilməsi diqqət mərkəzində olub”. Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. Agentlik öz fəaliyyətini turizm sənayesinin bütün üzvlərinin prosesə cəlb olunması, daha uzunmüddətli inkişaf üçün araşdırma və statistikanın yaxşılaşdırılması, müvafiq sahəyə aid dövlət proqramlarını və inkişaf konsepsiyalarını hazırlanması, əsas turizm bazarlarının müəyyənləşdirilməsi məqsədi ilə bazar araşdırmaları aparılması, müvafiq ölkə və regionlardan turistlərin cəlb edilməsi üçün təbliğat-təşviqat tədbirlərinin icrası istiqamətində qurur: "Həmçinin regionların və ayrı-ayrı şəhərlərin marketinq və kommunikasiya planlarını hazırlamaq və icrasının təmini, turizm təhsilinin inkişaf etdirilməsi, turizmdə innovasiyalar və müasir texnologiyaların imkanlarından maksimum istifadə edilməsi, dövlət-özəl biznes əməkdaşlığının genişləndirilməsi, infrastruktur layihələri ilə bağlı yeni inkişaf planlarının hazırlanıb icra olunması əsas məqsədlərdəndir. Turist məmnunluğunun artırılması, turistlərin qalma müddətinin uzadılması və mövsümiliyin aradan qaldırılması üçün yeni turizm məhsullarının işlənib hazırlanması, ölkəmizin tanıdılması üçün əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması kimi prioritet sahələr üzrə işlər həyata keçirilir”.
COVİD-19 pandemiyasının bütün dünyanın turizminə vurduğu zərər, təbii ki, bizim ölkəmizdən də yan keçməyib. Dövlət Turizm Agentliyinin məlumatına görə, 2020-ci ilin yanvar-may aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 563,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. Belə ki, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül yaşanıb. Sərhədlər bağlı olduğundan, ölkəmizə turistlərin gəlişi dayanıb. Bu isə turizmin bütün sahələrinə böyük ziyan vurub: otellər boş qalıb, kənd turizmi iqtisadi ziyanla üzləşib, turizmin digər növləri fəaliyyətsiz vəziyyətə düşüb.
Geriyə dönüş olacaq
Hazırda ölkə turizmində inkişafla bərabər, problemlər də az deyil. Dövlət Turizm Agentliyi post-pandemiya dövründə ilk növbədə daxili turizmin inkişafını prioritet istiqamət sayır. Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, ortamüddətli planda daxili turizmin inkişafı üçün xüsusi proqramların qəbul edilməsi nəzərdə tutulur: "Turizmdə normallaşma prosesi dörd mərhələdə nəzərdə tutulub. İlkin mərhələdə təlimlərin keçirilməsi, yeni onlayn platformanın yaradılması, xarici marketinq strategiyasında dəyişiklik, ölkədaxili turizm kampaniyasının təşviq edilməsi və sənayenin dəstəklənməsi, ikinci mərhələdə daxili turizmin bərpası, üçüncü və dördüncü mərhələdə isə sərhədlərin, ilk növbədə qonşu və daha sonra digər ölkələrlə açılması planlaşdırılır”.
Ekspertlər hesab edirlər ki, turizm, böhranlardan sonra hər zaman daha güclü inkişaf etmək qabiliyyətinə malikdir, bu baxımdan tezliklə əvvəlki inkişaf sürətinə geri qayıdacaq.
«Luna Travel” Turizm Agentliyinin direktoru, Turistlərin hüquqlarının müdafiəsi komitəsinin sədri Rəhman Quliyev turizm sahəsində vəziyyətin tezliklə düzələcəyinə ümidini itirmir: "Hər il 27 sentyabr Beynəlxalq Turizm Günü bu sektorda çalışanlar üçün bir hesabat vaxtı olmalıdır. "Biz indiyə qədər nə etdik , növbəti tarixə qədər hansı planları qarşımıza məqsəd qoymalıyıq” və s. kimi işləri planlaşdırmalıyıq. Təəssüf ki, artıq bir necə aydan sonra bir ili tamam olacaq ki, sözügedən sektorda ciddi durğunluq yaşanır. İş yerlərinin itirilməsi ilə üz- üzə qalan turizm sektorunda, ölkə rəhbərliyinin göstərişinə əsasən bir neçə aylıq işçilərin məvacibinin ödənilməsi təmin olundu. Həqiqətdə bu, maddi dəstəklə bərabər, mənəvi dəstək olmaqla da böyük stimul yaratdı.
Turizm sənayesi əməkdaşları adından bizə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk”. Ölkə başçısı və birinci xanım bu son ayların ağır günlərində, epidemiya ilə mübarizə apardığımız bir dönəmdə xalqla bərabər bir əsgər rolunu oynadılar. Biz turizmçilər inanırıq ki, Ali Baş Komandanımızın yürütdüyü siyasətin nəticəsi olaraq növbəti illərdə turizm günündə Qarabağımızda, Şuşada, Xankəndində turizm sərgiləri təşkil edəcəyik, festivallar keçirəcəyik”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər