• cümə axşamı, 18 aprel, 18:44
  • Baku Bakı 21°C

Pambıqçılıq insanların gəlir yerinə çevrilə bilər

19.04.16 11:33 4787
Pambıqçılıq insanların gəlir yerinə çevrilə bilər
70-80-ci illərdə aprelin 1-dən pambıq əkininə başlamaq kimi bir ənənə olub. Son illər həmin ənənə kütləvilikdən çıxmışdı. Lakin pambığın strateji bir məhsul olması postneft dövründə bu məhsulun ölkəmizdə istehsalına daha çox diqqət yetirməyə gətirib çıxardı. Əkin üçün bir az geciksək də, çox da gec sayılmaz. Ölkəmizdə bu il ötən ilkindən 3 dəfə çox yəni, 100 min ton pambıq istehsalı planlaşdırılır.
Pambığın xam məhsul kimi də dəyəri olsa da, onun emalının qazandırdığı gəlir daha da çox olur. Sovet vaxtı Azərbaycan yalnız xam məhsulun dəyərini qazanırdısa, indi ölkəmizdə emal etmək üçün də kifayət qədər imkanlar var. Bəs bu imkanlardan istifadə edib pambığı qızıla necə çevirə bilərik?
Pambıqdan necə daha çox gəlir əldə edə bilərik?

İqtisadçı alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, pambıqçılıq Azərbaycan üçün prioritet sektorlardandır və ölkəyə valyuta daxil olmasını stimullaşdıran bir istiqamətdir: “Təəssüf ki, son dövrlər bu sektorun zəif inkişaf etməsi, bir sıra pambıq sahələrinin ləğv edilməsi, eyni zamanda pambıqçılıq zavodlarının, pambıq istehsal edən fermerlərlə anlaşa bilməməsi, əksər hallarda onların təkliflərinin fermerlər üçün məqbul olmaması pambıq becərilməsinə marağın azalmasına gətirib çıxardı. Beləliklə pambıq sahələrinin sayı kəskin şəkildə azaldı”.
“Sovet dövründəki emal fabrikləri bərpa edilməlidir”

İqtisadçı deyir ki, pambıqçılığın inkişaf etdirilməsinə və bu sektorun dəstəklənməsinə ehtiyac var. Çünki ən azından pambıq xammal kimi ölkəyə valyuta gətirir. Amma biz pambığın emalı haqqında daha çox düşünməliyik: “Gəlir əldə etmək üçün bir istiqamət istehsal olunan məhsulun xammal kimi xaricə ixrac edilməsidir. Digər tərəfdən, ölkədə yüngül sənaye və geyim məhsullarına olan tələbatı nəzərə alsaq, biz emal haqqında da düşünməliyik. Pambığı emal edib məhsullarını da xaricə ixrac edə bilərik.
Azərbaycanda yüngül sənaye məhsullarına tələbat kifayət qədər yüksəkdir. Biz xaricdən, xüsusilə geyim və yüngül sənaye məhsullarını idxal edirik. Pambıqçılığın həm də emaledici istiqamətdə formalaşması idxalın azalmasına gətirib çıxaracaq. Bunun üçün yeni istehsal sahələrinin yaradılmasına ehtiyac var. Xüsusilə geyim məhsulları hazırlayan istehsal sahələrinin və fabriklərin formalaşması lazımdır”.
V.Bayramovun sözlərinə görə, Azərbaycanda pambığın emal edilməsi ilə bağlı əvvəllər fəaliyyət göstərən zavod-fabriklərin bərpası haqqında da düşünmək lazımdır: “Azərbaycanda, xüsusilə Şəkidə pambığın emalı imkanları olub. Şəki toxuculuq fabriki və digər istiqamətlərdə bu imkanlardan faydalanmaq mümkün olub. Amma təəssüf ki, sonradan pambıqçılığın xammal bazasının azalması bu istiqamətdə işlərin davam etdirilməsinə imkan vermədi. Sovet dövründə fəaliyyəti olmuş, hazırda fəaliyyətini dayandırmış fabriklərin işi bərpa edilməlidir.
“Sahibkarların stimullaşdırılmalı, güzəştli kreditlər verilməlidir”

Bununla bir sıra tələb olan məhsulları yerli istehsal hesabına ödəmək mümkün olacaq. Azərbaycan vətəndaşları böyük məbləğdə vəsaitləri geyimləri üçün sərf edir. Nəticədə valyuta ölkədən xaricə gedir. Amma pambıqçılıqla bağlı emaledici sektorun inkişaf etdirilməsi həm idxaldan asılılığı aradan qaldırılmasına, həm yeni iş yerləri açılmasına, həm də valyutanın ölkə daxilində qalmasına şərait yaradacaq. Bu baxımdan, daha məqsədəuyğundur ki, pambıq yalnız xammal formasında deyil, eyni zamanda daxildə yeni istehsal sektorlarını inkişaf etdirməklə, həm də emal edilib məhsul formasında istifadə edilsin. Emal prosesinin bərpa olunması həm pambıqçılığın inkişaf etdirilməsinə, həm də yerli istehsalın artırılması hesabına idxaldan asılılığın minimumlaşdırılmasına səbəb olacaq”.
İqtisadçı deyir ki, köhnə emal müəssisələrinin yenidən qurulması ilə yanaşı, sahibkarları stimullaşdırıb, yeni zavod-fabriklərin də açılmasına şərait yaratmaq olar: “Bu gün geyim məhsullarının istehsalı ilə məşğul olmaq istəyən kifayət qədər sahibkar var. Dövlət o sahibkarları stimullaşdırmalı, güzəştli kreditlər almalarına şərait yaratmalıdır. Pambıqçılıq üzrə ixtisaslaşmış rayonların, istehsal sahələrinin olduğunu nəzərə alsaq, daha məqsədəuyğundur ki, dövlət əvvəllər işləmiş, hazırda fəaliyyəti dayanmış, yaxud zəifləmiş istehsal sahələrinin yenidən qurulmasına yardım etsin. Eyni zamanda, sahibkarlara güzəştli kreditlərin verilməsi mümkündür. Onlar bu kreditlərdən istifadə etməklə yeni istehsal sahələri qura bilərlər”.
Emal edilmiş pambıq xam məhsuldan 3 dəfə çox gəlir gətirir

V.Bayramov deyir ki, xam məhsuldan gələn gəlirlə emal edilmiş formasından əldə edilən gəlir arasında 3 dəfəyə qədər fərq var: “İlk fərq odur ki, məhsulu xam formada satdıqda yaranan iş yerlərinin sayı elə də çox olmur. Amma əgər emal edilib satılırsa, çox sayda yeni iş yeri yaradılacaq. Pambığın emal edilib satılması həm idxaldan asılılığı aradan qaldırmağa, həm ölkədən çıxan valyutanı azaltmağa, həm də yeni iş yerlərinin yaradılmasına səbəb olur. Xüsusilə beynəlxalq təcrübə göstərir ki, pambıq xammal formasında deyil, emal edilərək ixrac edilməlidir. Bu, həm də iqtisadi diversifikasiya baxımından vacibdir. İxrac məhsullarının sayı artır, iqtisadiyyat diverfikasiya olunur”.
İqtisadçı onu da bildirdi ki, pambıqdan gəlir əldə etmək birbaşa dövlət dəstəyindən asılıdır: “Fermerlərə verilən subsidiya mexanizminin dəyişdirilməsinə və daha çox subsidiyaların verilməsinə ehtiyac var. Təəssüf ki, bu gün subsidiyaların verilməsində problemlər mövcuddur. Məbləğ azdır, kifayət qədər sadə meyarlarla subsidiya hesablanır ki, bu da fermerlər üçün cəlbedici olmur. Pambıq emal edən zavodların xammalın alış qiymətlərinə yenidən baxması, fermerlər üçün daha məqbul qiymətlərin müəyyənləşdirilməsinə də ehtiyac var. Eyni zamanda, məhsul istehsal edən sahibkarlara vergi güzəştlərinin tətbiq edilməsi də yaxşı olardı. Bu zaman sahibkarlar emal işində maraqlı olarlar. Bunlar reallaşacaqsa, qısa zamanda pambıqçılığı sahibkarlığın əsas istiqamətlərindən birinə çevirmək mümkün ola bilər”.
“Pambıq xammal kimi başqa ölkələrə satılmamalıdır”
Millət vəkili Tahir Rzayev də deyir ki, pambıqçılıq uzun müddət Azərbaycanın aqrar sektorunda əsas yerlərdən birini tutub. Onun sözlərinə görə, pambıqçılıq xammal forması ilə yanaşı, bir neçə adda məhsul formasında da gəlir gətirən sahədir: “Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk ildə Azərbaycanda kənd təsərrüfatının inkişafını önə çəkdi. Bu sahədə ilk olaraq pambıqçılığın inkişafı nəzərdə tutuldu. Az bir müddətdə ölkəmizdə pambıq istehsalı dəfələrlə artdı. Bununla yanaşı, digər sahələr də inkişaf elədi. Pambıq xammal kimi satılırdı, həm mahlıc olurdu. Toxuculuq sənayesi də inkişaf elədi. Pambığın çiyidi də bir neçə istiqamətdə gəlir gətirir. Çiyid heyvanlar üçün yemdir, ondan həm də yağ alınır. Çiyidin qalığından isə asfalt salınır. Pambığım ağacından da müxtəlif məqsədlər üçün istifadə edilir və s. Bir sözlə, pambıqdan bir neçə adda məhsul hazırlanır. Bu sahələrin inkişafı isə on, yüz minlərlə adamın işlə təmin olunması deməkdir”.
Millət vəkili deyir ki, pambıq xaricə xammal kimi satılmamalıdır. Onun emalı zavodları yaradılmalı, pambıqdan müxtəlif adda məhsullar istehsal olunmalı və gəlirliliyin çoxaldılmasına çalışılmalıdır: “Azərbaycanda yüngül sənaye, toxuculuq inkişaf etdirilməlidir. Bu gün biz pambıqdan hazırlanan geyim məhsullarını xaricdən alırıq. Bu, bizim üçün yolverilməzdir. Niyə xaricdən almalıyıq ki? Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə bütün rayonlarda pambıq emalı, tədarükü zavodları tikildi. Yüz tonlarla məhsul emal olunub, həm xarici ölkələrə satılırdı, həm də yerli sənayedə istifadə olunurdu. Pambıq insanların gəlir yeri idi. Elə ailələr var idi ki, bu sahədə çalışmaqla külli miqdarda pul qazanırdı”.
“200 min ton pambıq üyüdən zavod indi də var”

T.Rzayev qeyd etdi ki, o vaxtkı texnologiya indikilər eyni olmasa da, müəyyən zavodlar hazırda durur və onların imkanlarından istifadə etmək mümkündür: “Mənim təmsil olunduğum Ağcabədi rayonunda böyük pambıq emalı zavodu var. Ora nəinki Ağcabədi, kənar rayonlar olan Ağdam, Bərdə, Beyləqandan da təsərrüfatlar pambıq təhvil verirdilər. O zavod 200 min ton pambıq üyüdə bilirdi və indi də bu imkana malikdir. O zavodlar Heydər Əliyevin tapşırığı ilə yüksək texnologiya əsasına qurulmuşdu. Həmin zavodlarda hazırlanan mahlıc Almaniyaya, Avropanın başqa ölkələrinə gedirdi və yüksək keyfiyyətdə qəbul olunurdu. O zavodlardan istifadə etmək lazımdır. Orada müəyyən texnoloji proseslər yaxşılaşdırılmalıdırsa, müəyyən avadanlıqlar alınmalıdır. Ağcabədidə o vaxt tikiş fabrikində 400-ə yaxın qadın işləyirdi”.
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlara Kömək Milli Fondundan isə bildirildi ki, pambıqçılığın inkişafı ilə bağlı indiyədək 150-yə yaxın sahibkara 58.6 milyon manat, o cümlədən 11.6 min hektar ərazidə 5 iri fermer təsərrüfatına 23 milyon manat, 120-dək kiçik və orta həcmli pambıqçılıq təsərrüfatına 1.8 milyon manat, pambığın ilkin emalı ilə bağlı 7 sahibkara 3.8 milyon manat və müasir texnologiyalara əsaslanan 7 tekstil fabrikinə 30 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 5950-dək yeni iş yerinin açılması imkanı yaranıb.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər