bazar ertəsi, 27 mart, 13:53

Baku Bakı 16°C

Öz gözündə tiri görməyən Ermənistan

icon 562 icon 25 yanvar 2023 | 14:15 Öz gözündə tiri görməyən Ermənistan

Ekspertlər rəsmi İrəvanın Azərbaycanı sülh danışıqlarını pozmaqda ittiham etməsi üçün heç bir əsas olmadığını düşünürlər

İndiyədək bir neçə dəfə sülh danışıqlarını pozan Ermənistan indi Azərbaycanı danışıqlar prosesini pozmaqda ittiham edir. Halbuki ötən il dekabrın 23-də Moskvada xarici işlər nazirlərinin görüşünə qatılmayan da Ermənistan olub. İndi öz gözündə tiri görməyən Ermənistan Azərbaycanın gözündə tük axtarmaqla məşğuldur. Bəs əslində Ermənistan nə etmək istəyir?

“Azərbaycana şər və böhtan atırlar”

Politoloq Əlimusa İbrahimov bildirdi ki, Ermənistanın prosesdən qaçması və danışıqların pozulmasına görə məsuliyyəti Azərbaycanın üzərinə atması birinci hal deyil: “Azərbaycan və dünya dövlətləri artıq buna öyrəşiblər. Əvvəlki dövrdə onların danışıqlar prosesi ilə manipulyasiya etməsi sonda öz başlarında çatladı və Azərbaycan bu oyunlara dözməyərək torpaqlarını özü işğaldan azad etdi. Nəticədə Ermənistan bugünkü acınacaqlı duruma düşdü. Belə görünür yenə də nəticə çıxarmayıblar və köhnə oyunlarını davam etdirirlər. Amma zamanın və şəraitin dəyişdiyinin fərqinə varmalıdırlar. Tək Ararat Mirzoyan deyil, görüşləri təxirə salan. Elə Nikol Paşinyan özü də Emmanuel Makronsuz görüşə getməyəcəyini əsas gətirərək Brüsseldə keçirilməsi nəzərdə tutulan dekabr görüşünü pozdu. Deməli, vəd verib görüşləri pozmaq ermənilərdə artıq sistematik hal alıb. Bu pozuntular bir qayda olaraq yalan və böhtanla müşayiət olunur. Özləri öhdələrinə götürdükləri vəzifəni yerinə yetirmir və sonra da haqlı çıxmaq üçün Azərbaycan tərəfinə şər və böhtan atırlar”.

“Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil”

Ə.İbrahimov vurğuladı ki, onların bu dəfə də sülh prosesini əngəlləmək istiqamətində atdıqları addımlarda əsas məqsəd uyğun zamanın yetişməsinə qədər gözləməkdir: “İndi Ermənistanda hesab edirlər ki, Azərbaycanın tələb etdiyi şərtlər daxilində sülh müqaviləsini bağlamaq onlar üçün əlverişli deyil və bu, təslim aktından daha ciddi ziyan vuracaq. Çünki onlar sülh müqaviləsi çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq və qəbul etməli, Zəngəzur dəhlizinin fəaliyyətinə mane olmamalıdırlar. Amma onlar buna hazırdırlarmı? Təbii ki, hazır deyillər və heç zaman öz xoşlarına hazır olmayacaqlar. Buna görə də danışıqlar prosesini uzatmaqda maraqlıdırlar və dünya ictimaiyyətinin qınağından qorxaraq, günahı Azərbaycanın üzərinə atırlar”.

“Pozuculuq niyyətlərindən xəbər verir”

Politoloq İlyas Hüseynov da hesab edir ki, Ermənistanın Azərbaycanı danışıqları pozmaqda ittiham etməsi tamamilə əsassızdır: “Azərbaycan bütün dövrlər ərzində danışıqlar prosesinə sadiqliyini nümayiş etdirib. Birmənalı şəkildə qeyd edə bilərik ki, Ermənistanın danışıqlardan boyun qaçırması 30 illik münaqişə tarixində də hiss olunub və bu gün də belədir. Digər tərəfdən, hər zaman danışıqlardan öncə və sonra hərbi-siyasi təxribatlar törətmək də Ermənistanın siyasi adətidir. Ötən il dekabrın 7-də Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə Şarl Mişelin moderatorluğu ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməli idi. Lakin Ermənistan tərəfi bu görüşdən mütləq surətdə Fransa prezidenti Emmanuel Makronun iştirak etməsi tələbini irəli sürdü. Məlumdur ki, bu da pozuculuq niyyətlərindən xəbər verir. Fransa prezidentinin, bu ölkənin Senatının, Nümayəndələr Palatasının ölkəmizə qarşı qərəzli, həqiqətdən uzaq, erməni maraqlarına xidmət edən çıxışları, qətnamələri onların vasitəçi kimi regiona sülh gətirmək niyyətinin olmadığını nümayiş etdirdi. Belə olan təqdirdə Parisin hər hansı formada vasitəçi qismində çıxış etmək üçün siyasi və mənəvi haqqı yoxdur”. 

Bəxtiyar Məmmədli