• cümə, 19 Aprel, 11:45
  • Baku Bakı 13°C

Oyuncaq kəllə və oyun - RƏY

24.05.14 09:49 1316
Oyuncaq kəllə və oyun - RƏY
Keçən məqalə də qeyd etdiyimiz kimi, Oskar mükafatına layiq görülmüş dramaturq Martin MakDonaxın pyesi əsasında qurulmuş “Lineyn trilogiyası” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunur.
Və.. Trilogiyaya daxil olan ilk “Lineynin Gözəllik Kraliçası” tamaşasından sonra ikinci tamaşaya “Konnemarada bir kəllə” hal-hazırda mövzu predmetimizə çevrilib. Belə ki, trilogiyaya daxil olan pyeslərdəki hadisələr 1990-cı illərdə baş versə də bizim gözümüz önündə zamansız dünya açılır. Səhnə öz qəhrəmanlarını əsarətdə saxlayan qəfəsə bənzəyir və daxili gərginliyi daha da artırır. Kiçicik dəyişikliyi ilə səhnə eyni səhnədir. Görüntü mətbəxdən ibarət olan kiçik, rahat otaqdan ibarətdir, tam dəyişilən isə otağın sakinləridir.
İlk baxışdan süjet planında heç nə baş vermir. Hadisələr minimuma endirilib. Lakin bütün zahiri estetikliyə rəğmən burada hərəkət var və bu keçmişdəki hərəkətdir ki, müəllif Makdonax pyeslərinin analatik kompozisiyasından danışmağa imkan verir. Bu baxımdan “Konnemarada bir kəllə” diqqətəlayiqdir. Süjetin əsasında real, eyni zamanda dəhşətli situasiya durur. Kənd qəbiristanlığının dolması səbəbilə yeni cəsədlərə yer açmaq üçün köhnə cəsədlərin çıxarılmasına qərar verilib. Bununla əsas qəhrəman Mik Daud (Qurban İsmayılov) məşğul olur. Mik özünün günahı səbəbilə ölən arvadının da cəsədini çıxardıb, gölə atmalıdır. O, sərxoş halda törətdiyi qəzada arvadı həyatını itirmişdi. Ancaq kənddə şayiələr gəzir ki, guya Mik sərxoş halda, qəzəbli olanda həyat yoldaşının başına vurmuş, sonra isə hadisəyə qəza görünüşü vermişdir. Mik Daud aktyorun ifasında hədsiz soyuqqanlı, insanların kəllələrini oyununda oyuncaq kimi istifadə edə bilən qəddar obraz kimi görükür. Həmçinin aktyor yeganə qadınına olan sevgisini daha fəlsəfi formada ifadə etmiş olur. Qəbiristanlıqda olan cansız skeletlərlə, onların kəllələri ilə ünsiyyət bunu deməyə imkan verir ki, Mik Daud qadının ölümündən sonra hər bir nəsnə ona boş və mənasız görünür. Lakin bu, ona kəllələri sındırıb-həzz ala-ala, həvəslə, musiqi sədaları altında zibilə çevirməsinə imkan vermir. Bu qəddar düşüncənin ən yüksək əks olunmasıdır ki, bununla da səhnədən tamaşaçıya ötürülən enerji tamaşanın hesabına yazıla bilər.
Hadisələrin baş verdiyi kənd isə böyük bir ailə kimi təqdim olunur. Buranın sakinləri ən dəhşətli cinayətləri törədə bilərlər, amma onlar eyni zamanda uşaq kimi sadəlövhdürlər. Tamaşanın yeganə qadın qəhrəmanı Merriconi (Naibə Allahverdiyeva) hər kəsə tanış olan evlərarası söz gəzdirən, bununla da kənd polisindən də hər şeyi daha yaxşı bilən obrazdır. Tamaşanın ruhunu həqiqətən duyub-yarada bilən rejissor heyəti Naibə Allahverdiyevanı tam dəyişib Merriconi edə bilmişdi. Nəzərə alsaq ki, bizim bir çox komediya janrına daha yaxın olan aktyorlarımız dəyişməməyə, tamaşaçının tanıdığı kimi qalmağa üstünlük verirlər. Avropalı geyimində, qrimində tamamilə fərqli görünən aktrisa Mik Daudun evinə tez-tez qonaq gəlir və şərab içmək bəhanəsi görükdürsə də, həqiqət fərqlidir. O, baş verən ölüm hadisəsinin realığını bilmək istəyir. Yetərində kobud zahiri ilə tərpənə bilməyən Merriconi lazım olanda çevik hərəkətliyi ilə özünün əsl xislətini agah etmiş olur. O, çoxbilmişdir. O, zamansız və məkansız olan qəhrəmandır.
Mik Daudun “çox zəhmətli işi”ndə ona gənc Martini (Manaf Dadaşov) kömək edir. Nənəsinin nəvəsi olaraq Martini hər bir nüansla çox dərindən maraqlanır, gənc sadəliyi və düzgün əqidəsi ilə müsbət qəhrəman oynayırdı. Ancaq mənim fikrimcə tamaşada dəyişə bilməyən yeganə qəhrəman elə Martini idi. O, avropalaşa bilməmişdi, nə danışığında, nə də görünüşündə...
Kənd polisi Tom isə Mikin arvadının kəlləsini oğurlayır və onun üstündə deşik açır ki, cinayət işini yenidən qaldırsın və öz hesabına heç olmasa bir uğurlu araşdırma əlavə etsin. Və hadisələr də burada öz kulminasiya nöqtəsinə, eləcə də sonuna varır. Burada Mik Daudun hərkətlərinin sadəcə düşüncəsiz əyləncə olduğu, kəllələlərin isə bu tənha insanın oyuncağı olduğu öz təsdiqini tapır.
Tamaşaçı isə əslində nə baş verdiyini bilmir. Bu, müəllifin əksər pyesləri üçün səciyyəvidir. Hadisələrin birdən-birə qanundan kənara çıxan nöqtəyə çatması tamaşaçıya bir zərbə, sillə effekti yaradır. Zatən gerçək həyatda iyrənərək toxunamadığımız kəllələr bu oyunda tamaşanın ruhsal qəhrəmanlarıdır.
Burada Zaman dayanır. Tamamlanmır. Bitmir. Yeni fikrə, yeni oyuna estafet verir...
Aygün Süleymanova
teatrşünas
banner

Oxşar Xəbərlər