• çərşənbə axşamı, 23 aprel, 17:39
  • Baku Bakı 24°C

Oynamayan futbolçuya ağır cəza

18.04.14 11:48 1129
Oynamayan futbolçuya ağır cəza
AFFA İntizam Komitəsi (İK) ölkə kubokunun 1/2 final mərhələsinin ilk oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Neftçi” 8 min manat cərimələnib.
“Neftçi” – “Rəvan” matçının 52-ci dəqiqəsində meydan sahiblərinin azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi diqqətdən kənar qalmayıb. İK “Neftçi”yə buna görə 1000 manat cərimə kəsib. Oyun başa çatdıqdan sonra “Neftçi”nin azarkeşləri meydanı tərk edən rəqib futbolçularına əşyalar atıb ki, buna görə də klub 2 min manat cərimələnib. Həmçinin, qarşılaşmadan sonra dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin olunmadığına görə “Neftçi” 5 min manat pul cəzasına layiq görülüb.
“Qəbələ” – “Xəzər Lənkəran” matçında da azarkeşlər özlərini yaxşı aparmayıb. 1 və 2-ci dəqiqələrdə yerli azarkeşlər, 42-ci dəqiqədə isə qonaq tərəfdarlar pirotexniki vasitələrdən yararlandığına görə, hər 2 klub 1000 manat cərimə edilib. Üstəlik, matçın 5 və 8-ci dəqiqələrində qəbələli fanatlar tərəfindən meydançaya kənar əşyalar atıldığına görə, klub əlavə 2 min manat ödəməlidir.
Görüşün 63-cü dəqiqəsində “Qəbələ”nin məşqçisi Andrey Syomin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Klub 1000 manat cərimə olunur.
Oyundan əvvəl cəzalı olduğu üçün matçda iştirak etmək hüququ olmayan “Qəbələ”nin futbolçusu Elnur Allahverdiyev isə geniş kütlə qarşısında oyunun baş hakimi Rəhim Həsənovu təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub isə 10 min manat cərimə edilib. Futbolçuya verilmiş 5 oyunluq cəza Premyer Liqa matçlarına da şamil ediləcək. Bu isə o deməkdir ki, Elnur cari mövsümün yalnız son görüşündə meydana çıxa biləcək.
banner

Oxşar Xəbərlər