Oxumuram, əl çəkin - ARAŞDIRMA

Genetik
amillər, azyaşlı dövründə - 1-2 yaşlarında məruz qaldığı sözlər, yaşantılar
onun davranışlarına və zəkasına təsir edir. Eşitdiyi sözlərin sayının da zəka inkişafında
rolu var. Uşaq körpə vaxtdan nəyə məruz qalırsa, daha çox onu xarakterində göstərir.
Hər bir
valideyn övladının yaxşı oxumasını, orta məktəbi yüksək göstəricilərlə başa
vurmasını istəyir. Amma heç də bütün şagirdlərin nəticələri arzulanan səviyyədə
olmur. Sual yaranır ki, bütün uşaqlar məktəbi əla qiymətlə başa vuracaq
qabiliyyətə sahibdirmi? Ümumiyyətlə, uşaqların təhsil göstəricilərinə təsir edən
hansı amillər var?
Uşaqlara
sevgi və uğur
Təhsil mütəxəssisi
Qoşqar Məhərrəmovunsözlərinə görə, bütün uşaqların eyni dərəcədə bütün fənlərdən uğur qazanması
mümkün deyil: "Bütün uşaqlar bir fəndən uğur qazana bilərmi? Xeyr. Hər bir
insanda hər hansı bacarıq daha güclü, digəri daha zəif olur. Və buna təsir edən
amillər də olur. Genetik amillər, azyaşlı dövründə - 1-2 yaşlarında məruz
qaldığı sözlər, yaşantılar onun davranışlarına və zəkasına təsir edir. Eşitdiyi
sözlərin sayının da onun zəkasında rolu var. Uşaq körpə vaxtdan nəyə məruz
qalırsa, daha çox onu xarakterində göstərir. Ona görə də, uşaqlar ailə qayğısı
görməlidirlər, heç bir halda "bunu niyə bildin, bunu niyə bilmədin” tərzində mühakimə
olunmamalıdırlar. Ailələri tərəfindən dəstəklənən, sevgiyə məhrum qalmayan
uşaqlar uğurlu olurlar”.
Arıqlığın,
köklüyün təsiri
Q.Məhərrəmov
deyir ki, ümumilikdə, uşaqların dərs çalışmağında və uğurlu olmağında fərqli
yaşlarda müxtəlif amillərin təsiri dəyişir. Erkən yaşlarda uşaqların
uğurlarında ailə, valideyn amilinin təsiri yuxarı səviyyədə olur: "Bununla
yanaşı, uşaqların fiziki və psixoloji sağlamlıqları, qidalanmaları, fiziki
ehtiyaclarının qarşılanmağı, isti yerdə olmaları, utanmamaqları, ac olmamaqları,
hətta ayaqyolu ehtiyacının olub-olmamağı – bunların hamısının onların sinifdəki
uğurlarında rolu böyükdür. Sinifdəki uğurları isə dərsləri öyrənmə qabiliyyətinə
təsir edir. Nevroloji vəziyyəti, arıqlığı, köklüyü, ona qarşı insanların,
şagird yoldaşlarının münasibəti və s. də təsir edir”.
Valideynlərin
nəzarəti
Q.Məhərrəmov
bildirdi ki, valideynlərin övladlarının evdəki təhsil həyatlarına, boş
vaxtlarına nəzarəti də nəticələrə təsirsiz ötüşmür: "Onların İKT alətləri ilə
münasibətlərinə - oyun oynamaq, video izləmək saatlarına nəzarət edilirsə, müəyyən
bir məhdudiyyət varsa, əlbəttə, şagirdlər daha uğurlu olur. Həmin şagirdlər diqqətini
dərsə verə, bir yerdə otura, kitab oxuya bilir. Uşaq ortaya iradə qoyur. Bunda
isə ailədə gördükləri önəmli paya malikdir. Ailə uşaqla bir yerdə kitab oxuyur,
onun yanında akademik işlərlə məşğul olur və uşaq da görüb-götürür”.
Qohumların
uşaqlara münasibəti
Təhsil mütəxəssisinin
sözlərinə görə, uşaq yaşlarında formalaşdırılan vərdiş yetkinlik yaşında itə
bilər: "Həssas durumlara diqqət edilməzsə, yetkinlik dövründə keçirdiyi
emosional transformasiya düzgün tənzimlənməzsə, yaşadıqları hər hansı travmalar,
valideynlərindən gördüyü diqqətsizlik və yaxud emosional durumlar da dərslərdə
uğursuz olmasına səbəb ola bilər. Qohumların, sinif yoldaşlarının ona münasibəti
dərslərindəki uğura təsir edir”.
Problemli
situasiya
Təhsil mütəxəssisi
deyir ki, məktəb fənlərində uğursuz nəticə göstərən uşaqlar özlərini başqa
istiqamətlərdə sınamalıdır: "Tutaq ki şagird 8-11-ci siniflərdə oxuyur, hər
hansı, yaxud bütün fənlərdən uğursuzdur. Deməli, artıq özünü başqa yerdə
sınamalıdır. Məsələn, idman, incəsənət və s. sahələrdə özünü yoxlamalıdır. Əgər
şagird heç bir mövzuda iradə ortaya qoya bilmirsə, bu, artıq problemli
situasiyadır”.
Məcburiyyət
yox, sevgi ilə oxumalı
Valideyn Təranə
Nəbiyeva deyir ki,
fikrini dərslərinə yönəltməkdə çətinlik çəkməsin deyə, övladına rahat mühit
yaratmağa çalışıb, amma ona dərsləri məcburiyyət olaraq anlatmayıb: "Mən özüm də
pedaqoqam, bilirəm ki, dərs oxumaq məcburiyyətlə olmaz. Biz uşağa sakit mühit
yaradırıq, otağında rənglərin gözoxşayan olmasına, stolunun, stulunun
rahatlığına və s. fikir veririk. Ancaq "bütün fənləri yaxşı oxumalısan” deyib
üstünə getmirik, başının üstündə durub məcbur dərs oxutmuruq. Ümumiyyətlə,
bizim evdə "bu qiyməti almalısan” kimi söhbətlər də olmur. Amma dərslərini
oxuyur, qiymətləri də yaxşıdır. Məcburiyyət yox, sevgi ilə oxumalı, dərslərə həyatın
bir parçası kimi baxmalıdır”.
Oxumağa
maraq yaratmaq
Təranə
xanım bildirdi ki, onun övladı kitab oxumağa maraqlı deyilmiş, ancaq o, qızına
bunu əyləncəli formada aşılayıb: "Hələ məktəbdən öncə bilirdim ki, qızımın
marağı riyaziyyatadır, mətn oxumaq istəmir. Məktəbə getdiyində müəlliminə dedim
ki, övladımın qabiliyyəti riyaziyyatadır, qiymət üçün üstünə getməyək. Oxumağı
ona sevdirəcəyəm. Kitab mağazalarına aparmaqla başladım. Bir yerdə kitab
mağazasına getdik, fərqli-fərqli kitablar aldıq. O özünə, mən özümə. Kitab
oxumaq üçün olan kafelərə getdik, orda oxuduq. Əyləncəli formada başladıq.
Sonra kitabı alıb evə gətirdik, indi evdə oxu saatları var. Həmin vaxt evdə
telefon, televizor, kompüter bağlanır. Hərə öz kitabını oxuyur. Sonra
bir-birimizlə oxuduğumuz kitabı müzakirə edirik. İndi də kitaba olan marağının
ölməməyi üçün çalışıram. Eyni vaxtda kitab alırıq, deyirik ki, görək kim tez
bitirəcək”.
Uşaq xoşbəxt
deyilsə...
T.Nəbiyevanın
sözlərinə görə, uşağın dərslərinə yanaşmasında xoşbəxt olması da önəmlidir:
"Uşaqlığını uşaq kimi keçirməli, marağı olan əyləncələrdən məhrum edilməməlidir.
Uşaq xoşbəxt deyilsə, psixologiyası da yerində olmur və fikrini də dərsə verə
bilmir”.
Aygün
Asimqızı
