• cümə, 29 Mart, 02:01
  • Baku Bakı 7°C

Oxumaq, yazmaq, dinləmək və danışmaq... - Reportaj

04.10.19 13:05 2072
Oxumaq, yazmaq, dinləmək və danışmaq... - Reportaj
Müasir dövrdə xarici dil bilgisi iş həyatında önəmli faktordur. Bir çox iş elanlarının şərtləri arasında "rus və ingilis dili bilgisi tələb olunur” yazısını mütləq görürsən. Bəzi spesifik iş sahələri var ki, bu iki dildən əlavə, ispan, fransız, italyan, çin dilini tələb kimi qoyurlar.

Bu səbəbdən, günümüzdə elə şəxslər var ki, ixtisasından çox, xarici dil öyrənməyə vaxt sərf edir. Yəni bir gəncin gözündə xarici dil əmək bazarına daxil olmaq üçün bir vəsiqə rolunu oynayır. Amma gəlin etiraf edək ki, bu vəsiqəni qazanmaq asan olmur. Çünki ana dilindən fərqli bir dili öyrənmək, həmin dildə səlis və sərbəst şəkildə danışmaq uzunmüddətli zaman və əmək tələb edir. Amma burda müəyyən texnikaları bilmək lazımdır ki, səhv üsullardan istifadə edib zamanımızı boşuna xərcləməyək. "Xarici dili sürətli öyrənmə texnikaları” adlı təlim də məhz bu istiqamətdə etdiyimiz səhvləri bilmək və doğru üsullarla bağlı məlumatlanmaq üçün təşkil olunmuşdu. Təlimçi isə 9 dil bilən poliqlot, xarici dillər üzrə kouç Aslan Məmmədzadədir.
Poliqlot olmağı qarşısına məqsəd qoyanlar
Əsas kontingenti gənclərdən ibarət olan iştirakçılar arasında xanımlar üstünlük təşkil edirdilər. Açığı, bu tipli bir çox təlimdə olmuşuq və iştirakçı sayı maksimum 15-20 nəfər olurdu. Amma bu dəfə təlim otağına daxil olarkən gördüyümüz mənzərə çox sevindirici idi. Təqribən 50-yə yaxın şəxs oturub səbirsizliklə təlimin başlamasını gözləyirdi. Auditoriyadakı say çoxluğundan hiss olunur ki, gənclər xarici dil öyrənməyə necə önəm verirlər. Onlarla bir az söhbət edib, tanış oluruq. Aydın olur ki, aralarında artıq 3-cü xarici dili öyrənən, poliqlot olmağı qarşısına məqsəd qoyanlar var.

Motivasiya dolu həyat hekayəsi
Təlimin başlamağına saniyələr qalır, hər kəs yavaş-yavaş öz yerini alır. Təlimçi gəlib, özünü təqdim etdikdən sonra təlimə keçid edir. Başlanğıc olaraq isə özünün xarici dil öyrənmə tarixçəsini danışır. Əslində, uşaqlıqdan dil öyrənmə qabiliyyətinin olmadığını, tamamilə başqa - maliyyə sahəsində təhsil aldığını, amma Türkiyədə oxuduğu dönəmlərdə yavaş-yavaş dil bilgilərinin genişləndiyini qeyd edir. Hətta gülərək ailəsinin onun nə vaxtsa 9 dil bilən poliqlot olacağını düşünmədiyini vurğulayır. Onun hekayəsi otaqda əyləşən bütün gənclər üçün bir növ motivasiya olur. Bu motivasiya dolu həyat hekayəsindən sonra gənclər təlimçini dinləməkdə daha maraqlı görünürdülər.
İnam, istək və məqsəd
Aslan bəy qeyd edir ki, istənilən işdə hər şey ilk olaraq beyindən başlayır: "Təlimimizə Stiv Cobsun maraqlı bir ifadəsi ilə başlamaq istəyirəm. Deyir, əgər inanırsansa ki sən bunu bacarmayacaqsan, iş nə qədər asan olursa-olsun, sən onu bacarmayacaqsan. Yox, əksinə, bacaracağına inanırsansa, bu zaman çətinliyindən asılı olmayaraq sən bunu edə biləcəksən. Hər şey ilk öncə beynimizdən başlayır. Sizə bir misal çəkim, 1960-cı ildə bir qaçış mütəxəssisi 1.6 km yolu 4 dəqiqədən az müddətə qaçacağını deyir. Hansı ki, həmin dövrdə bunun mümkün olmadığı deyilir. Hətta həkimlər belə, bunun sağlamlıq baxımından mümkün olmadığını, əgər dediyini edərsə, ürəyinin partlaya biləcəyini bildirirlər. Amma o, iddia edir ki, bunu 4 dəqiqədən az müddətdə edəcək və dediyini də edir. Heç kimin etmədiyini bacarır. Məsələnin maraqlı hissəsi budur ki, o bunu etdikdən sonra 18 nəfər onun rekordunu təzələyir. Bu nəyin nəticəsi idi? Təbii ki, inamın. Çünki onlar inandılar ki, bunu kimsə edibsə, onlar da edə bilərlər. Əvvəldə də qeyd etdiyim kimi, bütün iş beyində bitir. Siz bu gün hansısa dili öyrənmək istəyirsinizsə, mütləq özünüzə inanmalısınız. İnanmalısınız ki, bunu bacaracaqsınız. İnam, istək və məqsəd bu işdə sizə yol yoldaşı olmalıdır”.
Oxumaq, yazmaq, dinləmək və danışmaq
Daha sonra təlimçi dil öyrənmə texnikalarından danışdı: "Bir dili qrammatika, müxtəlif növ mətn kitabları üzərində illərimizi, aylarımızı xərcləyərək yox, istifadə edərək daha tez öyrənə bilərik. Araşdırmalar göstərir ki, bir dili öyrənmək üçün bu dördlüdən - oxumaq, yazmaq, dinləmək və danışmaq metodundan istifadə edilməlidir. Amma bunlar içərisində ən vacibi qulaq asmaq və danışmaqdır. Bunları etdikdən sonra danışığımız özü formalaşacaq”.
30-40 məqalə oxuduqdan sonra
Aslan bəyin sözlərinə görə, xarici dil öyrənərkən maraq dairəmizə uyğun məqalələr, bloq yazıları seçməliyik: "Oxuma qabiliyyətimizi inkişaf etdirmək üçün yerli spikerlər, bloggerlərin yazdığı mətnləri oxumaq lazımdır. Digər tərəfdən, bunu aydınlaşdırmalıyıq ki, bizim marağımız nəyədir, bizə hansı istiqamətdə yazılmış məqalələri oxumaq daha maraqlıdır. Məsələn, gənclərin ən çox həvəs göstərdiyi səyahət mövzusunu götürək. Məsləhət görərdim ki, mövzu haqqında bir yox, 10-dan çox məqalə oxusunlar. Təbii ki, ilk 4-5 məqalə çətin gələcək, amma həvəsdən düşmədən bunu davam etdirin. İlk dövrlər bir mövzu haqqında oxuyanda sizə tanış olmayan sözlər, artıq növbəti məqalələrdə anlaşılan olacaq. Siz oxuyan kimi sözün mənasını biləcəksiniz və zamanla oxu qabiliyyətiniz formalaşacaq. Siz bir mövzu haqqında 30-40 məqalə oxuduqdan sonra həmin mövzuda bundan sonra qarşınıza nə yazı çıxsa, asanlıqla oxuyub anlayacaqsız”.
Bu məqamda bir çox insanın etdiyi səhv
Təlimçi qeyd edir ki, eyni metodu dinləmə qabiliyyətimizi inkişaf etdirmək üçün də istifadə edə bilərik: "Bu məqamda bir çox insanın etdiyi səhv budur ki, bir videoya 1, maksimum 4 dəfə qulaq asırlar. Mən burada konkret say deyə bilmərəm. Balansı özünüz tutmalısınız ki, həmin videoda deyilənlər neçə dəfə dinlədikdən sonra tam aydın olur. İlk dəfə qulaq asanda, bizə elə gəlir ki, çox tez danışırlar və başa düşmürük. Amma buna davamlı şəkildə qulaq assaq, passiv yaddaşımızda olan sözlər aktivləşəcək və deyilənləri anlayacağıq”.
Uşaqdan böyüyə hər kəsə ingilis dili öyrədirik
Təlimçi dil öyrənməklə bağlı bir neçə metoddan da danışıb fikrini tamamladıqdan sonra iştirakçıların suallarını cavabladı. Bu məqamda isə biz təlimin təşkilatçısı Günay Rəsulova ilə həmsöhbət oluruq. Günay xanım deyir ki, ingilis və ya hansısa bir xarici dili öyrənmək bu gün gənclərimiz üçün prioritet məsələdir: "Bu bizim təşkil etdiyimiz ilk təlim deyil. Hazırda olduğumuz məkan ingilis dili tədrisi ilə məşğul olan laboratoriyadır. Biz burada uşaqdan böyüyə hər kəsə ingilis dilini öyrədirik”.

Günay xanımdan iştirakçıların bu qədər çox olma səbəbini soruşduq: "Burada iki faktor var. Bizim laboratoriyanın səhifəsinin sosial şəbəkələrdə fəal olması və gənclərin Aslana böyük marağı. Aslan bəyin özünün də geniş izləyici kütləsi var, hansı ki, onun bütün təlimlərinə qatılırlar. Qeyd etdiyim iki faktor birləşdiyinə görə iştirakçı sayı çox oldu”.
İnsanın işə necə yanaşmalı olduğunu anladım
Leyla Hacıyeva fəal iştirakçılardandır və hazırda polyak dilini öyrənir. Təlim haqqında məlumatı sosial şəbəkədən aldığını qeyd edir: "Aslan bəyin bu sahədə fəaliyyəti ilə bağlı çoxdan eşitmişdim, amma təlimində ilk dəfədir iştirak edirəm. Təlim çox maraqlı keçdi, əslində, elə belə də olacağını gözləyirdim. Bu təlimdə motivasiya almaqdan çox, dil öyrənərkən harada səhv etdiyimi, növbəti dəfələrdə nələrə diqqət etməli olduğumu bildim. Daha sonra hər hansı bir işdə məhz insanın özünün işə necə yanaşmalı olduğunu anladım. Yəni bir işə başlayarkən mənfi düşünsən, nəticəsi də elə olacaq. İnsanın özünü kənardan necə görüb qiymətləndirməsi əsasdır”.
Günel Azadə




banner

Oxşar Xəbərlər