“Oxuduqlarımıza layiq olmağa çalışırıq” - Fotolar
Müğənni və aktyorNovruz Novruzlu cari il mart ayının 6-da "Kaspi" qəzetinin qonağı olub, qəzetimizə müsahibə vermişdi. Mərhumun son müsahibəsini təqdim edirik. Allah rəhmət eləsin!
Martın
18-də təsəvvüf musiqisi həvəskarlarını çox gözəl bir tədbir gözləyir. Belə ki,
həmin gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
müğənni, aktyor Novruz Novruzlunun"Uzun incə bir yoldayam”adlı solo
konserti keçiriləcək.N.Novruzlu
Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. Onun
ifa etdiyi musiqilər insanın ruhuna ilk başlanğıc məkana mənsubluğunu təlqin
edən nəğmələrdir. Bu musiqinin yol açdığı cığıra düşən tamaşaçı dünyanın
faniliyini unudur, özünü Bəqadan gələnlərin ağuşunda bulur. "Allahdan gəldik,
Allaha dönəcəyik” – N.Novruzlunun oxuduqlarında insana verilən ilahi mesaj
budur.Konsert
öncəsi ifaçı "Kaspi”nin qonağı oldu. Onunla konsert proqramı və təsəvvüf
musiqisi haqda danışdıq. Məlumat üçün bildirək ki, müsahibimiz Opera və Balet
Teatrının solistidir. Novruz Novruzlu "Savalan” qrupunun bədii rəhbəridir. O, universitetdə
oxuduğu müddətdə "Ulduz” tamaşasında Zəfər, "Arşın mal alan”da Əsgər, "O
olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq
ansamblı”nda solist kimi fəaliyyət göstərib. Məlumat üçün söyləyək ki,
sözügedən ansambl dünya xalqlarının musiqilərini ifa edirdi. İnstitutda oxuduğu
illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. İnstitutu bitirdikdən
sonra Firudin Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun” tamaşasında
Əsgər rolunu ifa edib.
- Novruz bəy, konsert hazırlıqlar necə
gedir? Bizi konsertdə hansı sürprizlər gözləyir?
- Sizi
konsertdə rəngarəng musiqi repertuarı gözləyir. Konserti "Hicaz” qrupu ilə
birlikdə keçiririk. Mövlana, Cəlaləddin Rumi, Yunis Əmrə, Fizuli, Nəsimi, Aşıq
Veysəldən oxuyuruq. Ancaq bizim bu konsertdə
bəstəkar mahnıları, italyan, rus və hind musiqisi də var. Üstəlik, ilahi və
ruhsal mahnılar da səslənəcək. Hətta öhdəsindən gələ bilsəm, caz da ifa edəcəm.
Aşıq mahnısı etnocaz. Düzdür, mənə bir az yaddır, ancaq görsəm ki ifama yatır,
oxuyacam. Qeyd edim ki, konsert iki saat yarım nəzərdə tutulub.
- İki saat yarım səhnədə olmaq və mahnı
oxumaq sizi yormazmı?
-
Yormaz. Düşünürəm ki, oradakı münasibətlərdən insanlar da yorulmaz. Biz həmişə
harada olmuşuqsa, çalışmışıq ki, səmimi görünək və insanların qəlblərinə xitab
edək.
- Novruz müəllim, konsertin adını niyə məhz
"Uzun, incə bir yoldayam” qoymağa qərar verdiniz?
-
Əslində, bizə 3-4 ad təklif edildi. Gördüm ki, bu ad qəlbimə daha çox yatır.
Elə repertuarımızda da ilk musiqi məhz "Uzun, incə bir yoldayam” mahnısıdır.
Onun üçün qərara gəldik ki, konsertin adını da belə qoyaq.
- Əslində, insan həyata gələndən bir yol
gedir...
-
Elədir. İnsan doğulandan özünü axtarır. Belə baxanda konsertin özü də bir
yoldur. Biz bu mahnını tam başqa bir üslubda hazırlamışıq.
- Təsəvvüf musiqilərinin dinləyiciləri indiki
zamanda varmı? Varsa, nə qədərdir?
-
Səmimi desək, indi Amerikada, Avropada daha çoxdur. Çünki onlar hər şeyi
yaşayıblar, yorulublar, istəyirlər ki, özləri tək qalıb, daxili dünyalarına
varsınlar. Amerikada yaşayan bir dostum məni tək Amerikada solo konsert vermək
üçün dəvət etdi. Bildirdim ki, tək dəf ilə orda nə edə bilərəm? Dedi ki, zalda
beş min nəfər olacaq. Elə sən bir dəfə dəfi vuran kimi onlar gözlərini yumub öz
daxili aləmlərinə varacaqlar. Çünki onlar texnikadan, müasir avadanlıqlardan
yorulublar.
- Musiqiçi müsahiblərimin əksəriyyəti el
şənliklərində qonaqların əllərinin göydə olduğunu, bir ritmik havaya bənd
olduqlarını deyirlər. Siz də bu fikirdəsiniz?
-
Mövlana həzrətləri deyir ki, Allaha gedən çox yol var. Mən o musiqilərin içərisində
səmavi musiqini seçdim. Musiqinin ahəngində elə bir sirr var ki, açsam, dünya
alt-üst olar. Musiqi həm cismin, həm də ruhun qidasıdır. Bizə daha çox cismə
işləyir. Biz Mövlana tədbirlərində həm çıxış, həm də tamaşaçı kimi iştirak
etmişik. İtalyanlar, amerikanlar və digər xalqların nümayəndələrinin iki saat
gözlərini yumub öz daxili aləmlərinə varmalarının şahidi olmuşuq. Ancaq bizdə o daxili aləmə varmaq yoxdur. Çünki
içimizdə o hüzn, rahatçılıq yoxdur. Hərdən fikir verirəm ki, ən səbirli adam
belə, beş dəqiqədən sonra zalda danışmağa başlayır. Öz içinə vara bilmir. Bu
məsələdə efirlərin də böyük rolu var.
- Siz bir müddət italyan musiqisinə də
müraciət etdiniz.
- İncəsənət
Universitetində "vokal” ixtisasını bitirmişəm. Mənə deyirdilər ki, sənin
səsinin tembri təsadüfi tembrlərdən biridir. Çünki nə olsa oxuya bilirəm. Bunu
içdən hiss edirəm. Səs tonum buna imkan verir. Həmin illərdə ifa etdiyim
mahnıların əksəri italyan mahnıları idi. Bundan başqa, lirik musiqilər, xalq və
bəstəkar mahnıları da ifa edirdim.
- Bir anlıq gözümüzün qarşısında həmin
italyan və indi oxuduğunuz təsəvvüf mahnıları canlandı. Axı bunlar təzaddır.
-
Əslində, heç də təzad deyil. Hər şey daxili zənginlikdən asılıdır. Mövlananın
bir sözü var, deyir ki, dünyada neçə dil varsa, hamısını anlamı eynidir.
Əslində bir dil var, o da könül dilidir. Musiqidə ifaçının daxili dünyasından
çox şey asılıdır. Haradan baxır, necə baxır, səmimidirmi, intellekti varmı? Oradan
baxanda hər şeyi sevirsən. Sevirsənsə istədiyini ala bilirsən, istədiyin
repertuarı ifa edə bilirsən.
- Siz eyni zamanda "Savalan” qrupunun bədii
rəhbərsiniz. 18 yaşlı gənc "Savalan” qrupu indiyədək nələrə nail olub?
- Əvvəllər ilahi musiqilər oxuyanda deyirdilər
ki, bu heç kimə lazım deyil, normal musiqi ifa edin, dinləyək. Bizim bu mövzuya
müraciət etməyimiz 20 Yanvar hadisələrindən sonra oldu. Gördük ki, o
hadisələrdən sonra şən musiqilər ifa etmək içimizdən gəlmir. Musiqiçilərlə bir
araya gələndə də qrup yaratmaq niyyətimiz yox idi. Bir gün məşq edirdik. Nadir
Axundov gəldi, bizi dinlədi, sonra dedi ki, efirə çıxın və az əvvəl ifa
etdiyiniz mahnıları orada da ifa edin. Dedik ki, biz efir üçün hazır deyilik.
Bildirdi ki, siz efir üçün tam hazırsınız. Daha sonra bir-birinin ardınca
efirlərə və mətbuata çıxmağa başladıq. Və illər ötdükcə, müxtəlif ölkələrdə
konsertlərdə olduq. Hollandiyada, Amerikada, Türkiyədə tədbirlərə və bir çox
festivallara dəvət aldıq, onların bəzilərində iştirak etsək də, müəyyən
səbəblərdən bir çoxunda iştirak edə bilmədik.
- "Elm,elm deməkdir,
Elm kəndini bilməkdir,
Sən kəndini bilməzsən,
Bu neçə oxumaqdır?”
- Oxumağın
mənası kişi haqqı bilməkdir.
Çün
oxudun bilmədin, bu quru bir əməkdir.
Bu
sözlər Yunus Əmrəyə məxsusdur. İnsan istər müğənni, istər nazir, istər çoban
ola bilər. Ancaq iç aləmində gedən bir yol var. Söhbət ondan gedir. Bu,
insanlığın, yaşamın sistemidir. Sadəcə fərqində olmaq lazımdır ki, hardan
gəlmişik, niyə gəlmişik və hara gedəcəyik. Buna hazırlaşmaq lazımdır.
Atalarımız deyib ki, insan düşüncələrinin məhsuludur. Yəni insan düşüncələrində
nədirsə, odur. Ondan başqa bir şey deyil. Ona görə içinə baxmalıdır ki, nə
düşünür, necə düşünür, nə görür. Gözəl görürsə, nə gözəl! Yunus Əmrə həmin ifadələrində
bunları deməyə çalışır.
- Mahnılarınızı dinlədikdə, hesab etdim ki,
sanki "Yuğ” teatrının tamaşalarını izləyirəm və ifanızı onların üslubuna,
ruhuna yaxın hiss etdim.
- Mərhum
sənətkarımız Vaqif İbrahimoğlu maraqlı insan idi. Onun elə tamaşaları olurdu
ki, tamaşaçı tamaşanın nə vaxt başladığını bilmirdi. Biz onunla bir "Yunus Əmrə
məclisi”, bir də "Üz tuturam Tanrıya”nı ifa etdik. Bu da "Yuğ”-un səhnəsində bir
müddət səsləndi. Biz bunu "Yuğ”-un aktyorları ilə birlikdə hazırlamışdıq. "Yunus
Əmrə məclisi” isə sırf bizim qrupumuzdan ibarət idi. Biz orada söhbət edirdik
və tamaşaçılara görə də söhbət dəyişirdi. İlahi musiqilər ifa edirdik.
- Bəs indi?
-
Allah Vaqif İbrahimoğluna rəhmət etsin. Biz orada Orxan Fikrətoğlunun "İtki" və digər bir neçə
hekayəsi əsasında hazırlanan "Fəna” tamaşasında iştirak etdik. "Yuğ”
teatrı mənə doğmadır. Bizim orda Vaqif müəllimlə səmimi anlarımız olub.
Könlümüzün hiss etdiyi bir şey olsa, orda varıq. Görsək ki nəsə bizi sıxır, ora
layiq deyilik, təbii ki, çalışmarıq. Azərbaycanda onun qədər "Yuğ”-a dəyər
verən bir sənətçi görmədim. O bizi ilk dəfə efirdə görüb, studiyaya zəng etmişdi və sonra bizi
teatra dəvət etdi. İlk dəfə orda "Yunus Əmrə məclisi” təşkil etdi. Bu nə
konsert, nə də tamaşa idi. Bildirdi ki, ssenari yazsam, sizi qəlibə salıb
günaha bataram. Onun üçün sizin ruhunuza inanıram, adını qoyaq "Yunus Əmrə
məclisi”. Çox səmimi və gözəl bir məclis oldu. Ondan sonra çoxları bizi ilahi
mahnılar oxuyan kimi tanıdı.
- Sizin haqqınızda mətbuatda hər cümlənin
başında ilahi mahnıların ifaçısı yazılır...
-
Bəli, o təqdimatdan sonra hər kəs məni elə qeyd etdi. Mən də bir söz demədim.
Çünki şaman ruhu, Dədə Qorqud ruhu üzərində bəstəkar musiqiləri oxumuşduq. Sırf
təsəvvüf musiqiləri oxuyan kimi tanındıq. Ancaq bu bir az ruha və könülə
bağlıdır.
- "Yuğ”u hər adam anlamadığı kimi, təbiidir
ki, "Savalan” qrupunu da hər adam anlaya bilmir.
- Bütün
bunlar hamısı insanın ruhuna, mənəviyyatına, daxili aləminə kökləndiyinə görə
yəqin ki, hər adam başa düşə bilmir. Özünü bilən haqqı bilir. Təbii ki, özünü
bilən adam bizim musiqilərə dəyər verə bilər.
- "Savalan” İslam və türklüyün sintezindən
yaranan bir qrupdur. Bəzən bunu digər dini qruplara bənzədirlər. Belə olan
halda, "Savalan”ı onlardan fərqləndirən nədir?
- Mən
çox istəyərdim ki, efirlərdə İslamın gözəl tərəfi təbliğ olunsun. İnsanlar
bilsinlər ki, İslam nədir. Bilmədiklərinə görə lazım olmayan təriqətlərə
düşürlər, yalana uyurlar. Qrupumuz təsəvvüf qrupudur. Əsas insanın könlünə,
ruhuna, iç dünyasına, varlığına söykənir musiqilərimiz. Çalışırıq ki,
oxuduqlarımıza layiq olaq. Biz Mövlana həzrətlərindən, Yunus Əmrədən, Füzulidən
mahnılar səsləndiririk. Bunlara dindar demək olmaz. Düzdür, bunların hamısı
peyğəmbərin vəsfi ilə başlayır. İslam dini bizim başımızın tacıdır. Bu,
bilgisizlikdən irəli gəlir. Diqqət etsələr, görərlər ki, bizim ifa etdiyimiz
mahnıların ətri, dadı, rəngi tamam başqadır. Bəlkə də informasiya olmadığından
məlumatsızdırlar. Biz bütün insanları sevirik. Mövlana həzrətləri deyir ki, "Gəl
yenə gəl. İstər atəşə tap, istər buta. Yüz kərə tövbə etmiş ol. İstər yüz kərə
pozmuş ol tövbəni, Yenə gəl. Umudsuzluq dərgahı deyil bizim dərgahımız”.
Görürsünüz ki, o, insanlar arasında fərq qoymur. Deyir, yetər ki, özünə gəl,
insanlığını anla, dünyaya nə üçün gəldiyinin fərqində ol. Allahın yaratdığı ən
gözəl varlıq, kainatın şahı insan olmağının fərqində ol.
- Son olaraq məni bir sual maraqlandırır.
Toylarda sizin musiqinizə maraq yoxdur. Bəs gəliriniz hardandır?
- İki
yerdə işləyirik, maaş alırıq. Hərdən çox səviyyəli tədbirlərə gedirik. Hansı
ki, orda bizi anlayır, dəyər verirlər. Toylara gedə bilmirik, çünki getsək,
sıxılarıq. Amma bəzən xüsusi toylara da gedirik. Fərqli musiqiyə dəyər verilən
və ziyalıların çox toplaşdığı tədbirlərdə oluruq.
Xəyalə
Rəis