• çərşənbə axşamı, 19 mart, 10:16
  • Baku Bakı 8°C

Çoxhədəfli təxribat - TƏHLİL

16.10.21 12:45 819
Çoxhədəfli təxribat - TƏHLİL
Bu təxribat həm də, Azərbaycanla Rusiyanın münasibətlərinin gərginləşməsinə hesablanan bir addımdır. Çünki hər hansı təxribatla bağlı məsuliyyət dərhal Rusiya sülhməramlılarının üzərinə düşür və onların effektivliyi sual altına alınır.
Erməni silahlı birləşmələrinin 10 noyabrda imzalanan üçtərəfli sazişə uyğun olaraq Rusiya sülhməramlılarının olduğu ərazidən çıxarılmaması hər gün Azərbaycana qarşı təhlükə yaradır. Son bir neçə gün ərzində sülhməramlıların yerləşdiyi ərazindən Azərbaycan hərbçilərinin olduğu avtomobilə atəş açılması, dron vasitəsilə müdaxilə və ən nəhayət, ordumuzun əsgərinin şəhid olması separatçı rejimin tör-töküntülərinin təmizlənməsini labüd edir. Amma maraqlı məqam odur ki, bütün bu təxribatlar Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş ərəfəsində və ondan sonra baş verib. Üstəlik, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü baş tutdu. Ermənistan tərəfi də bəyan etdi ki, Azərbaycanla həllini gözləyən məsələlərin müzakirəsini aparmağa hazırdır. Belə olan təqdirdə, qanunsuz erməni hərbi birləşmələrinin ard-arda təxribatlar törətməsində məqsəd nədir?
"İndiki Ermənistan iqtidarı istəməzdi ki…”
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq İlqar Vəlizadə bildirdi ki, Azərbaycanla Ermənistan arasında danışıqlar baş tutanda, yaxud da nəticəyə yaxınlaşanda bu cür təxribatlar başlayır: "Bu, ilk dəfə deyil, 30 il aparılan danışıqların tarixi də göstərir ki, müntəzəm olaraq bu cür təxribatlar baş verir. Hesab edirəm ki, sonuncu təxribatları bilavasitə Ermənistan iqtidarı ilə əlaqələndirmək düzgün olmazdı. Yəni indi zəmanə, dövran dəyişib. Ona görə də, indiki Ermənistan iqtidarı həmin ərazidə hər hansı gərginləşməni, yəqin ki, istəməzdi. Çünki məsuliyyət onların üzərinə düşür, onlara qarşı təzyiqlər artırılmış olur. Beləliklə, onların danışıqlardakı mövqeyi zəifləyə bilər. Düşünürəm, bunun arxasında separatçı qüvvələr dayanır, hansı ki, Sarkisyan dəstəsi ilə əlbirdirlər və onların nümayəndələrinin tapşırığı ilə oturub-dururlar. Təəssüflər olsun ki, Ermənistanın keçmiş iqtidarının Qarabağın dağlıq ərazisində yerləşən ermənilər arasında dayaq nöqtələri var”.


"Gərginləşməyə hesablanan addımdır”
Politoloq qeyd etdi ki, separatçılar illərdir orada qərarlaşıblar: "Onların separatçı ənənələri, təəssüflər olsun ki, 30 ili əhatə edir. Çünki sovetlər dönəmindən bu ermənilər separatçılıqla məşğul olurlar. Onların separatçılıqdan tezliklə əl çəkəcəyini düşünmək mümkün deyil. Eyni zamanda bu separatçıların əsas məqsədi Paşinyanı pis vəziyyətdə qoymaqdan ibarətdir. Bu təxribat həm də, Azərbaycanla Rusiyanın münasibətlərinin gərginləşməsinə hesablanan bir addımdır. Çünki hər hansı təxribatla bağlı məsuliyyət dərhal Rusiya sülhməramlılarının üzərinə düşür və onların effektivliyi sual altına alınır. Əgər orada sülhməramlılar fəaliyyət göstərirsə, onda bu təxribatçı qrupların fəaliyyəti nə deməkdir? Deməli, sülhməramlılar yaxşı fəaliyyət göstərmir, Azərbaycanın haqlı narazılığı ola bilər”.
"Təxribatların olmamağı üçün…”
İ.Vəlizadə hesab edir ki, bu bulanıq vəziyyəti yaratmaq separatçıların indiki məqsədlərinə uyğun gəlir: "Amma biz düşünürük ki, bu təxribatların olmamağı və gərginliyin yaşanmamağı üçün bu separatçı qrupların tör-töküntülər oradan yığışdırılmalıdır, məhv olunmalıdır. Belə olan halda, bu cür gərginlik də olmayacaq və risklər də minimuma endiriləcək.

Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər